• 20 Sentyabr 2024 01:45

Türkiyədən gətirilən alim: “Başımı unitaza saldılar, ailəmlə təhdid olundum”

Fazil Qasımov

 

F.Qasımov da müdafiəçisinin dediklərinə dəstək verib. Ancaq hakimlər, hələlik, Q.İbadoğlu məsələsində qərar verməyərək öncə prokurorluğun siyahısında olan altı şahidin dindiriləcəyini, sonra İbadoğlunun dindirilib-dindirilməməsi məsələsinə baxılacağını deyiblər.

34 yaşlı F.Qasımova saxta dollar əskinasları əldəetmə ilə bağlı ittiham verilib. Cinayət işində saxta valyutanın Q.İbadoğlu vasitəsilə Azərbaycana gətirildiyi iddia olunur. Öncə onlar eyni cinayət işi üzrə təqsirləndirilsələr də, apreldə Q.İbadoğlu ev dustaqlığına buraxılandan sonra onun haqqında cinayət işi ayrılıb.

 

“Dustaqların cinsi istismarına məruz qoyulmaqla hədələndim”

F.Qasımov avqustun 29-da məhkəmədə vurğulayıb ki, şərlənərək həbs edilməsinə etiraz olaraq 76 gündür aclıq edir. Nəticədə getdikcə hərəkət qabiliyyətini itirir. Sağlıq durumu ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığını deyən Qasımovun sözlərinə görə, orada da güvənli ortamda deyil. Hətta otaqda vəkili ilə danışıqları da gizli şəkildə dinlənilir, məhkəməyə gələrkən hazırladığı vəsatətlər əlindən alınır:”Vəkilimlə görüşdə saç analizi vasitəsilə bəlli məsələlərin müəyyənləşdirilməsindən danışdıq. Görüşdən 15 dəqiqə sonra bərbər gəldi, məcburən saçımı qırxdılar. Bu gün məhkəməyə gətiriləndə maşında konvoyun əməkdaşları zorla əlimdən vəsatətimi aldılar”.

 

Penitensiar Xidmətin əməkdaşları öncə onun sənədlərinin əlindən alındığını inkar etsələr də, sonradan məhkəmə iclasının gedişində gətirib veriblər.

Təqsirləndirilən alim hökm çıxarılanadək ev dustaqlığına buraxılmasından ötrü məhkəmədə vəsatətlər qaldırıb. O, iqtisadi cinayətkarlığa qarşı mübarizəyə dair araşdırmalarının yarımçıq qaldığını, sağlamlığında problemlər olduğunu vurğulayıb.

 

F.Qasımov fiziki və psixoloji basqı ilə ifadəsi alındığından Q.İbadoğlu ilə üzləşmə protokolunun, ondan öncəki 3 oktyabr 2023-cü il tarixli ifadəsinin sübutlar siyahısından çıxarılmasını da istəyib: “Başımı unitaza saldılar, ailəmlə təhdid olundum, dustaqların cinsi istismarına məruz qoyulmaqla hədələndim. Mən üzləşmə otağına ağlaya-ağlaya getdim. Konstitusiyada da yazılıb ki, qanunsuz yollarla əldə olunmuş sübutlardan istifadə oluna bilməz”.

F.Qasımovun ev dustaqlığına buraxılması barədə vəsatətə “yox” deyilib.

 

Onun istintaqdakı ifadəsi və üzləşmə protokolunun sübut kimi qəbul olunmaması məsələsinə gəlincə, bu məsələ baxılmamış saxlanılıb. Hakimlər bu məsələyə sonda hökm çıxarılanda qərar veriləcəyini bildiriblər.

Sentyabrın 19-da keçiriləcək növbəti məhkəmə iclasında prokuror F.Qasımov haqqında ittiham aktını açıqlayacaq.

 

Xatırlatma

Fazil Qasımova Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldəetmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələri ilə ittiham verilsə də, o bu ittihamların heç birini qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu söyləyir.

F.Qasımov ötən il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib. İqtisadçı Q.İbadoğlu isə ondan 15 gün öncə – iyulun 23-də saxta pul ittihamı ilə saxlanılmışdı. İstintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verilmişdi.

 

Q.İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi də ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmaması ilə əsaslandırıb.

 

F.Qasımov və Q.İbadoğluya ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Mənbə: Azadlıqradiosu

Tacxeber.com

Oxşar xəbərlər