• 19 Sentyabr 2024 05:21

KTMT-nin iflası: Rusiya niyə müttəfiqsiz qalıb?

Şahin Cəfərli
Tanınmış Azərbaycan jurnalisti və siyasi şərhçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

 

Rusiya dövlətinin ərazisinə İkinci Dünya müharibəsindən üzü bəri ilk dəfə olaraq başqa dövlətin silahlı qüvvələri daxil olub. 2024-cü il avqustun 6-dan etibarən Ukrayna ordusu Rusiya Federasiyasının Kursk vilayəti ərazisində genişmiqyaslı hərbi əməliyyat aparır və bu vilayətin bir hissəsini nəzarətə götürüb. Rusiyanın ərazi bütövlüyü və suverenliyi faktiki olaraq pozulub. Lakin həm çoxtərəfli, həm də milli səviyyələrdə – istər Rusiyanın üzv olduğu regional və beynəlxalq qurumlardan, istərsə də müttəfiq və tərəfdaş dövlətlərdən ciddi dəstək, hələ ki, müşahidə olunmur. Xüsusən Rusiyanın üzv və lideri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sükutu və fəaliyyətsizliyi diqqəti cəlb edir. Bu yazıda KTMT-nin Rusiyanın ərazi bütövlüyünün pozulmasına reaksiyasız qalmasının səbəblərini araşdırıram.

 

1992-ci ildə təsis edilmiş KTMT hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanın üzv olduğu kollektiv təhlükəsizlik və müdafiə üzrə regional təşkilatdır. Nizamnaməsinin 3-cü maddəsində bildirilir ki, təşkilatın məqsədləri sülhü, beynəlxalq və regional təhlükəsizliyi və sabitliyi möhkəmləndirmək, üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv əsasda qorumaqdan ibarətdir. 7-ci maddədə isə yazılıb ki, təhlükəsizliyə, sabitliyə, ərazi bütövlüyü və suverenliyə təhdid yarandıqda üzv dövlətlər onun çərçivəsində işlək təhlükəsizlik sisteminin formalaşdırılması üçün birgə tədbirlər görürlər. Bu tədbirlərə koalisiya (kollektiv) qüvvələrinin, regional (birləşmiş) qoşun qruplaşmalarının və onların idarə olunması üzrə birləşmiş orqanların və sistemlərin, hərbi infrastrukturun yaradılması daxil olmaqla, kollektiv müdafiə hüququnun həyata keçirilməsi aiddir.

 

Ukrayna ordusunun Kursk əməliyyatının başlamasından sonra Rusiya nəinki Nizamnamədə qeyd olunmuş hüquqlarından yararlanmaq üçün təşkilata müraciət etməyib, hətta birgə siyasi mövqe ortaya qoymaq üçün mövzunun müzakirəyə çıxarılmasını da təklif etməyib. Bu müddətdə təşkilatdan yalnız bir rəsmi açıqlama verilib. KTMT mətbuat xidmətindən bildirilib ki, hərbi yardımın göstərilməsi məsələsi yalnız üzv dövlətin rəsmi müraciəti əsasında gündəmə gələ bilər, belə bir müraciət olarsa, KTMT Katibliyi bütün müvafiq prosedurları nəzərdə tutulan müddətdə həyata keçirəcək. Moskvanın hərbi yardım xahişi ilə KTMT-yə müraciət etməməsinin səbəblərini anlamaq mümkündür: ilk növbədə, o, üzləşdiyi problemin miqyasını kiçiltməyə, əhəmiyyətsizləşdirməyə çalışır və bu problemi aradan qaldırmaq üçün öz gücünün tamamilə yetərli olduğunu nümayiş etdirmək istəyir. Ümumən, Moskva təcili, təxirəsalınmaz müdaxilə tələb edən fövqəladə hadisə baş vermədiyi rəyini yaratmağa çalışır.

 

Digər tərəfdən, əsas sual budur ki, KTMT daxilində Rusiyaya dəstək verilməsi üçün ortaq siyasi iradə və həmrəylik mövcuddurmu? Rusiya yalnız arzuladığı siyasi və ya hərbi dəstəyi alacağına əmin olacağı təqdirdə KTMT-yə müraciət edə bilər, belə bir əminlik isə yoxdur. Rusiya ilə ittifaq dövlətində təmsil olunan və suverenliyi məhdudlaşdırılmış Belarus istisna olmaqla, KTMT-nin digər üzvləri indiyədək Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə neytral mövqe tutublar. Bu ölkələr Rusiya ilə ikitərəfli iqtisadi əlaqələri davam etdirsələr də, Qərb sanksiyalarının təsiri altına düşməmək üçün ehtiyatlı hərəkət edirlər. Ukraynanın Rusiya ərazisinə hücumuna milli səviyyədə verilən reaksiyalara gəldikdə isə KTMT-nin yalnız iki üzvü bu hadisəyə rəsmi münasibətini açıqlayıb: Belarus və Qazaxıstan. Belarus gözlənildiyi kimi, Ukraynanın Kursk əməliyyatını qınayıb, Qazaxıstan XİN-in rəsmi nümayəndəsi isə birmənalı qiymətləndirmədən çəkinərək Rusiyanın Kursk vilayəti ərazisindəki vəziyyəti böyük narahatlıqla izlədiklərini söyləyib. O diqqətə çatdırıb ki, Qazaxıstan hər zaman dövlətlərin ərazi bütövlüyü prinsipinin əks olunduğu BMT Nizamnaməsinə əməl olunmasının vacibliyini vurğulayıb. Məlumdur ki, ərazi bütövlüyü prinsipi Ukrayna üçün 1 saylı prioritetdir və Kiyev problemin həllinin məhz onun ərazi bütövlüyünün bərpasına əsaslanmalı olduğunu bildirir, eyni zamanda Rusiya ərazilərini ilhaq etmək niyyətinin olmadığını bəyan edir. Bu baxımdan Qazaxıstanın ifadə etdiyi mövqe Ukraynanın maraqlarına uyğundur.

 

KTMT-nin keçmişinə nəzər saldıqda, təşkilatın yalnız bir dəfə kollektiv əməliyyat keçirdiyini görürük. 2022-ci il yanvarın əvvəllərində Qazaxıstanda silahlı toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşlar başladıqdan sonra prezident Tokayev kömək üçün KTMT-yə müraciət edib və təşkilatın sülhməramlı qüvvələri bu ölkəyə göndərilib. Lakin sülhməramlı əməliyyat cəmi 5 gün davam edib: yanvarın 7-də ölkəyə gələn KTMT qüvvələri yanvarın 12-də mühafizəsinə cəlb olunduqları obyektləri Qazaxıstan güc strukturlarına təhvil verərək ayın 13-dən ölkəni tərk etməyə başlayıblar. Qazaxıstan hökuməti KTMT sülhməramlı qüvvələri adı altında əslində Rusiya hərbi kontingentinin ölkədə qalmasında maraqlı olmayıb.

 

Rusiyanın liderliyi ilə Qazaxıstandakı hadisələrə çevik reaksiya verməyi bacarması heç də KTMT-nin ittifaq ruhunun və həmrəyliyin hökm sürdüyü effektiv təşkilat olduğuna dəlalət etmir. Əksinə biz bu ittifaq daxilində dezinteqrasiya prosesindən danışa bilərik. Ermənistan-Rusiya ikitərəfli münasibətlərində son illər yaranmış problemlərin və qarşılıqlı etimadsızlığın KTMT daxilinə də transformasiyası baş verib, nəticədə Yerevan bu təşkilatda iştirakını dondurub. Baş nazir Paşinyan bildirib ki, növbəti məntiqli addım KTMT-dən çıxmaq olacaq. Ermənistanın bu strukturdan faktiki olaraq uzaqlaşması ilə KTMT Cənubi Qafqazdakı yeganə üzvünü itirib. Şübhə yoxdur ki, Paşinyan hökuməti (həmçinin onu əvəz edəcək növbəti hökumətlər) Qərblə yaxınlaşma siyasətini davam etdirərsə, yaxın gələcəkdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının da ölkə ərazisindən çıxarılması məsələsi aktuallaşacaq.

 

Kursk hadisəsini Rusiyanın beynəlxalq nüfuzu baxımından bir stress-test kimi qəbul etsək, nəticələrin Moskva üçün qaneedici olmadığını qeyd edə bilərik. Sadəcə 2 dövlət Rusiyaya birmənalı dəstəyini açıqlayıb: bunlar beynəlxalq təcrid vəziyyətində olan Suriya və Şimali Koreyadır. Rusiyanın çox vacib strateji tərəfdaşı olan Çin Xalq Respublikası isə məsələyə münasibət bildirərkən ənənəvi mövqeyini təkrarlayıb – probemin siyasi yolla həlli üçün konstruktiv rol oynamağa davam edəcəyini söyləməklə kifayətlənib.

 

Tokayevin yeni ideyası

Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyi bu günlərdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev diqqəti özünə cəlb etməyi bacarıb. Avqustun 8-də yerli mediada yayılan Mərkəzi Asiyanın renessansı: Dayanıqlı inkişaf və çiçəklənmə yolunda adlı yazısında Tokayev regionun inkişaf perspektivlərinə dair öz vizyonunu ortaya qoyub. Tokayev bölgə ölkələrinin müdafiə və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq təklifini irəli sürüb:

 

Mərkəzi Asiyanın perimetri boyunca mürəkkəb hərbi-siyasi vəziyyətin davam etməsi fonunda müdafiə və təhlükəsizlik siyasəti sahəsində kooperasiyanın vacibliyi ortaya çıxır. Regional təhlükəsizlik arxitekturasının yaradılması, o cümlədən Mərkəzi Asiya üçün Təhlükəsizlik Riskləri Kataloqunun hazırlanması və onların qarşısının alınması tədbirləri xüsusi aktuallıq kəsb edir. Mərkəzi Asiyada bölünməz təhlükəsizlik məkanının formalaşdırılması, ənənəvi və yeni təhdidlərə qarşı mübarizədə kompleks yanaşmaların axtarışı, cavab tədbirləri və xəbərdarlıq tədbirlərinin hazırlanması, eləcə də bu sahədə BMT və digər beynəlxalq və regional təşkilatlarla fəal qarşılıqlı əlaqə bölgə dövlətlərinin əsas prioritetləridir.

 

Tokayevin hərbi-təhlükəsizlik sahəsində kooperasiya ideyasını irəli sürməklə yeni bir regional hərbi ittifaqın yaradılmasını nəzərdə tutub-tutmadığını söyləmək çətindir. Hazırkı mərhələdə belə bir ittifaqın yaradılması sadə vəzifə kimi görünmür, çünki bəzi bölgə ölkələri arasında sərhəd mübahisələri davam edir, onların bir sıra regional və qlobal problemlərə fərqli baxışları var. Məsələn, Türkmənistan özünütəcrid və neytrallıq siyasəti yeridir. Əsas məqam bundan ibarətdir ki, Qazaxıstan KTMT-ni regional təhlükəsizliyin təmin edilməsi baxımından gərəkli bir təşkilat kimi görmür. Təsadüfi deyil ki, o, yazısında bölgə dövlətlərinin təsisçisi olduğu uğurlu çoxtərəfli strukturları sadalayarkən KTMT-nin adını çəkməyib. Hər kəsə məlumdur ki, Rusiya NATO-su kimi də tanınan bu təşkilat postsovet məkanında Rusiya maraqlarının təmin olunması üçün Moskvanın əlindəki alətlərdən biridir. Tokayev isə regional təhlükəsizlik məsələləri ilə bağlı bölgə ölkələrinin özlərinin maraqlarının uzlaşdırılması, ortaq yanaşmanın müəyyənləşdirilməsi və əlaqələndirilmiş siyasətin həyata keçirilməsini vacib vəzifə kimi qarşıya qoyur.

 

Qazaxıstan kağız üzərində Rusiyanın müttəfiqi olsa da, çoxvektorlu xarici siyasət yeridir, digər güc mərkəzləri və böyük dövlətlərlə (Çin, Hindistan, Yaponiya, ABŞ, Avropa İttifaqı) ikitərəfli əlaqələrini genişləndirir, regionu kənar güclərin üzünə bağlamır. Bölgənin digər vacib oyunçusu Özbəkistanın isə KTMT üzvü olmadığını xatırlatmaq lazımdır. Bu dövlətlər Rusiya ilə ikitərəfli əlaqələrin mövcud səviyyəsini qoruyub saxlamaqda maraqlı olsalar da, Moskvanın dominantlıq etdiyi və öz maraqlarının təmin olunmasına yönəltdiyi institutlarda aktiv iştiraka əvvəlki qədər həvəs göstərməyərək müstəqil xarici, iqtisadi və təhlükəsizlik siyasəti yeritməyə çalışırlar.

Tacxeber.com

Oxşar xəbərlər