• 22 Noyabr 2024 00:52

Suyun altında qalmış qədim və hələ də qiymətli əşyalar tapılan şəhər.

Suyun altında qalmış qədim Heraklion (yunanca) və ya Tonis (misircə) şəhəri. Misirin şimalında, Aralıq dənizi sahilində yerləşən şəhərin əsasının e.ə. XII əsrdə qoyulduğu ehtimal edilir. O, bir neçə adada yerləşirdi. 

 

Heraklion özünün qızıl dövrünü e.ə. VI-IV əsrlərdə yaşayır. Həmin dövrdə Misirin ən mühüm liman şəhərinə çevrilir və zənginləşir. Misirin idxal-ixracının böyük hissəsi buradan keçir.

 

Amma Makedoniyalı İsgəndər e.ə. 331-ci ildə Misir İsgəndəriyyəsinin əsasını qoyandan sonra Heraklionun tənəzzülü başladı. Tədricən ən mühüm liman İsgəndəriyyə oldu.

 

E.ə. II əsrdə zəlzələ, yoxsa sunami, ya da ikisi birdən şəhərə xeyli ziyan vurdu. Amma Heraklionun dənizə qərq olması birdən baş vermədi, min il sürdü. Yavaş-yavaş torpaq qatı yumşaldı, dənizin səviyyəsi artdı və artıq bizim eranın VIII əsrində şəhər tamamilə su altında qaldı.

 

Heraklionun qalıqları bu yaxınlarda, 2000-ci ildə fransız sualtı arxeoloqu Frank Qodyonun rəhbərlik etdiyi IEASM (Avropa Sualtı Arxeologiya İnstitutu) komandası tərəfindən tapıldı. O, Əbukir körfəzində, Misir sahillərindən 7 km uzaqda, 6 metr dərinlikdə yerləşir.

 

İndi də davam edən arxeoloji tədqiqatlar zamanı çoxlu sayda qiymətli artefaktlar tapılıb. Bu baxımdan Heraklion ən zəngin arxeoloji komplekslərdən biridir.

Yadigar Sadıqlı

Tacxeber.com

 

Oxşar xəbərlər