Qarabağla bağlı baş tutmayan plan: Rusiya bağışlamadı
Separatçı Ruben Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında söyləyib ki, Azərbaycanla sülh müqaviləsinin yekun variantınının 17 maddəsindən 13-ü razılaşdırılıb: “Bizim təklifimiz budur ki, razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq”.
Paşinyan yerdə qalan məsələləri sonrakı danışıqlar prosesində həll etməyi təklif edib. Aydındır ki, Ermənistan konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içində yer alır. Paşinyan dəyişikliyi zəruri saysa da, bunu gələcəkdə həll etməyə üstünlük verir. Halbuki Prezident İlham Əliyev konstitusiya dəyişikliyinin sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur”, – ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini də söyləyib:
“Ermənistan başçısı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini deyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil, bu məsələdə konsensus var.
Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da açıqlayıb. Haqlıdır, ermənilərin Qarabağa qayıtmaları üçün Azərbaycan vətəndaşlığını qəbul etmələri lazımdır. Onlar isə Azərbaycan vətəndaşı olmaq istəmirlər. Demək, geri qayıda bilməyəcəklər.