İraqda 5 ABŞ əsgərinin törətdikləri bir cinayət haqqında
4 sentyabr 2009-cu il, ABŞ məhkəməsi keçmiş sıravi hərbçi Stiven Qrini ömürlük həbsə məhkum edir. O, İraqda xidmət edən dövrdə qətl və zorlamada günahkar bilindi.
Cinayət 2006-cı ilin martında Bağdad yaxınlığında Yusufiyyə kəndində baş vermişdi. Amma həmin kənd Mahmudiyyə şəhərinin ətrafında olduğu üçün hadisə “Mahmudiyyə qətliamı” adı ilə tanınır.
Amerikalıların Yusufiyyə kəndində nəzarət-buraxılış məntəqəsi vardı və burada 6 nəfər xidmət edirdi. Məntəqədən təxminən 200 metr aralıda Cənabi ailəsi yaşayırdı. Ailə valideynlərdən və dörd uşaqdan (iki qız, iki oğlan) ibarət idi. Uşaqlardan böyüyü Abir adlı 14 yaşlı qız idi. Qohum-qonşular onun elə də gözəl və cazibədar olmadığını deyirlər. Amma İraqda seksual aclıq çəkən hərbçilər onu başqa cür görürdülər və dəfələrlə öz aralarında danışarkən qızla cinsi əlaqə haqqında xəyallar qururdular.
2006-cı il martın 12-də viski ilə enerji içkisini qarışdırıb içən dörd əsgər yenə Abiri müzakirə edirlər. Stiven Qrin elə indicə həmin evə getməyi və istədiklərini həyata keçirməyi təklif edir. Nəticədə Qrin, Ceyms Barker, Cessi Spilman və Pol Kortes evə tərəf yollanırlar. Beşinci hərbçi Brayan Hovard müzakirələrdə iştirak etməsə də, danışıqları eşidir. Altıncı hərbçinin isə məsələyə aidiyyatı olmur.
Cənabilərin evində dörd nəfər vardı: iki oğlan məktəbdə idi. Amerikalılar valideynləri və onların 6 yaşlı qızlarını bir otağa, Abiri isə başqa otağa salırlar. Müqavimət göstərən valideynləri və kiçik qızı Stiven Qrin öldürür. Onlar növbə ilə Abiri zorlayırlar, axırda Qrin onu da öldürür.
Əvvəlcə cinayəti İraq üsyançılarının törətdiyi güman olunur. Bir müddət sonra Castin Uott adlı başqa bir hərbçi əsl günahkarların kim olduğunu öyrənib yuxarı instansiyalara məruzə edir. Həmin vaxta qədər Stiven Qrin “şəxsiyyətin antisosial pozuntusu” diaqnozu ilə artıq ordudan qovulmuşdu.
Stiven Qrindən savayı Ceyms Barker 90 il, Pol Kortes 100 il, Cessi Spilman 110 il azadlıqdan məhrum edildilər. Onların 10 ildən sonra şərti azadlığa çıxmaq üçün müraciət etmək hüquqları vardı. İndiyə qədər kiminsə azadlığa çıxıb-çıxmamasını öyrənə bilmədim.
Cinayəti bilib xəbər verməyən Brayan Hovard 27 ay azadlıqdan məhrum edildi. Onların hamısı bütün xidməti imtiyazları və müavinətləri ləğv olunmaqla rüsvayçılıqla ordudan qovuldular.
Stiven Qrin 2014-cü ilin fevralında kamerada özünü asaraq intihara cəhd etdi. Onu ipdən qurtarsalar da, aldığı xəsarətdən iki gün sonra öldü.