• 24 Noyabr 2024 02:52

“Qarabağ”da “qan dəyişmə” – Addai və Kaşukla yeni dönəmin bünövrəsi.

Qurban Qurbanovun önəmli keyfiyyətlərindən biri də daim axtarışda olmasıdır. Arxada qalan illər ərzində “Qarabağ”a kimlər gəldi, kimlər getdi. Reynaldo, Kintana, Miçel və başqaları… Həyat qatarı kimi bir şeydi “Qarabağ”. Sərnişinlər dəyişir, sürücü və personal yoluna davam edir. 

 

Qurban Qurbanov gedənlərin yerinə daha yaxşılarını tapıb gətirir, yaşlıların yerinə cavanları hazırlayır. Emmanuel Addainin transferi də onun Zubirin yerini doldurmasına hesablanıb. Addai debüt oyununda göstərdi ki, yaxşı keyfiyyətlərə, partlayıcı sürətə və keçidlərə malik futbolçudur. Üslubuna görə Zubirdən fərqlənən oyunçudur. Amma o da sol cinah vingeridir. Maraqlı rəqabət olacaq bu iki oyunçu arasında. Addainin 23, Zubirin 33 yaşda olmasını nəzərə alsaq, gələcəyin cavanlığa hesablandığını deyə bilərik.

 

Kaşuka gəlincə, ukraynalı “Sabah”dan tanıdığımız, bildiyimiz futbolçudur. Qurban Qurbanov çoxdandır ki, hücumun sağ cinahına sol ayaqlı oyunçu axtarışında idi. Həmin mövqedə bir neçə ildir ki, Leandro Andrade oynasa da, sağ ayaqlı futbolçunun sağ cinahda çıxış eləməsi müasir futbolda az-az rast gəlinən haldır. Bu iki oyunçu arasında da rəqabət gedəcək. Kaşuk uyğunlaşa bilsə, bu mövqedə “Qarabağ”a çox xeyir verəcək. Ukraynalı “Sabah”dakı çıxışlarıyla hansı səviyyənin oyunçusu olduğunu göstərib bizlərə.

 

Gənc futbolçuların transferləri gələcəyin daha yaxşı komandasını qurmaq üçün bünövrədir. Avrokuboklarda qrupların daimi sakininə çevrilən “Qarabağ” yoluna davam edir. Bu yolda uğursuzluqlar da olacaq, məğlubiyyətlər də. Əsas odur ki, inkişaf prosesi dayanmasın!

Həmid (sportal.az)

Tacxeber.com

Oxşar xəbərlər