• 20 Sentyabr 2024 06:57

Oleq Korotayev məşhur boksçu idi, sonda kriminal avtoritetə çevrildi..

1949-cu il təvəllüdlü Oleq 12 yaşından boksla məşğul oldu və bütün karyerasını 81 kq-a qədər çəkidə keçirdi. 21 yaşında ilk dəfə SSRİ çempionu oldu. 1973-cü ildə Avropa çempionatında bürünc medal qazandı.

 

1974-c ildə dünya çempionatında isə yarımfinalda amerikalı Leon Spinksə qalib gəldi. Amma finalda qaşının partlaması səbəbindən yuqoslav Mate Parlova uduzdu. Həmin Spinks isə iki il sonra olimpiya çempionu, 1978-ci ildə də Məhəmməd Əliyə qalib gələrək peşəkarlar arasında dünya çempionu oldu.

 

1973 və 1975-ci illərdə daha iki dəfə SSRİ çempionu olan Korotayev idman intizamı ilə fərqlənmirdi və restoranların daimi müştərisi idi. Belə ziyarətlərin birində sözü çəp gələn cavan oğlanı döyür. Oğlan isə İqor Şelokov idi, SSRİ daxili işlər nazirinin oğlu. Bununla belə, cəmi iki ay həbsdə saxlanılandan sonra azad edilir. Yəqin ki, Şelokovdan xahiş edənlər olur.

 

Amma bir neçə ay sonra Moskva mehmanxanalarının birində əcnəbini döyür və bəzi versiyalara görə, hətta pulqabısını müsadirə edir. Bunu daha ona bağışlamadılar və 5 il həbsə məhkum etdilər. Korotayev həbsxanada kriminal aləmin üzvünə çevrildi.

 

Azadlığa çıxandan üç il sonra, 1985-ci ildə yenidən xuliqanlığa görə tutuldu və 1988-ci ildə buraxıldı. Həmin dövrdə SSRİ-də müstəqil biznes dirçəlirdi və onunla yanaşı reket çiçəklənirdi. Keçmiş boksçudan daha yaxşı reketçi tapmaq isə çətin idi. Korotayev qısa müddət ərzində zəngin adama çevrilir.

 

Bir müddət sonra Moskvada rəqabət aparan kriminal qruplar arasında mübarizə başlayır, hər gün qətllər baş verir. Köhnə kriminal aləm “bespredellər”ə uduzur. Korotayev də öldürlülə biləcəyi barədə xəbərdarlıq alandan sonra ABŞ-a gedir. Amma bu da onu xilas etmir. 1994-cü ilin yanvarında burada qətlə yetirilir. Cinayətin üstü açılmır.

 

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Oxşar xəbərlər