Metroda nə baş verir?
Sentyabr ayının gəlişi ilə paytaxtda müəyyən insan izdihamı yaşanır. Yeni tədris ilinin başlamasına hələ bir neçə gün qalsa da, Bakı indidən adamla dolub-daşır. Bu, ən birinci ictimai nəqliyyatda və yollarda özünü büruzə verir. Təbii olaraq, metroda da müəyyən dərəcədə sıxlıq hiss olunur. Bəs metronun iş qrafikində dərslər başlayanda hansısa dəyişikliklər nəzərdə tutulur?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib:
“Ənənə üzrə Bakı Metropolitenində yeni tədris mövsümü ərəfəsində stansiyalarda sərnişin axını istiqamətlərinin tez-tez dəyişməsi, daha sıx sərnişin axınının müşahidə olunması təbii qəbul olunur. Üstəlik, bilirsiniz ki, şəhərimizdə “Formula1” yarışına hazırlıq gedir. Bu səbəbdən metroya tələbat bir qədər də artıb. Eyni zamanda şəhərdə aparılan müəyyən abadlıq, təmir-bərpa işləri də davam edir. Bütün bunların hər biri nəzərə alınır”.