• 22 Noyabr 2024 22:35

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Siyasi məhbus Fazil Qasımov Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb, ictimailəşməsi üçün “Müdafiə Xətti”nə göndərib.

 

Tacxeber.com olaraq müraciəti olduğu kimi təqdim edirik:

 

                                       “Azərbaycan Respublikasının Baş prokuroru

                                        Kamran Əliyevə

                                        Pentensiar Xidmətin Müalicə

                                        Müəssisəsində saxlanılan

                                        Qasımov Fazil Şakir oğlu tərəfindən

 

                                     Ə R İ Z Ə

Yazıb Sizə bildirirəm ki, Sizə ünvanladığım 3 may 2024-cü il tarixli ərizəmə hələ də cavab verilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına hər bir müraciətinə qanunla müəyyən eddilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Qeyd edim ki, həmin ərizəmi poçtla Baş Prokurorluğa göndərdikdən 2 gün sonra – 7 mayda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ( BMCMİ ) baş müstəntiqi, polis polkovnik-leytenantı Yusif Yusifov həmin vaxt saxlanıldığım Pentensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) gələrək həmin ərizədə yazdıqlarımı təkzib etməyimi tələb etmiş, əks halda mənim üçün çox pis olacağını bildirmişdir. Mən hədə-qorxulara məhəl qoymayaraq müstəntiqin qanunsuz tələbini yerinə yetirməmişəm. Mən həmin ərizədə BMCMİ-nin İstintaq İdarəsi tərəfindən mənim və Qubad İbadoğlunun barəsində açılan cinayət işi üzrə sübutların saxtalaşdırıldığına dair həqiqətləri yazmış və müstəntiqə etiraz etmişdim. Həmin ərizədə bildirmişdim ki, Qubad İbadoğlu ilə mənim heç vaxt nə saxta pul, nə FETÖ, nə də dini kitablar mövzusunda söhbətimiz olmayıb, BMCMİ-də 3-4 oktyabr 2023-cü ildə mənə hədə-qorxu, təzyiq və işgəncə altında yazdırılan ifadədəki bütün cümlələr müstəntiq Yusif Yusifovun həqiqətdən uzaq, uydurma fikirləridir. Qeyd edim ki, müstəntiq Yusif Yusifov tərəfindən 31 iyul 2024-cü ildə tərtib edilən və 3 avqust 2024-cü ildə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edilən ittiham aktında həmin yalan ifadə və həmin yalan ifadənin yer aldığı üzləşdirmə protokolu məhkəməyə sübut kimi təqdim edilmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilən ittiham aktında 3-4 oktyabr 2023-cü il tarixlərində iradəmə zidd olaraq mənə yazdırılan ifadə “qismən etirafedici ifadə” adlandırılmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən, heç kəs özünə qarşı ifadə verməyə məcbur edilə bilməz. Əlavə olaraq bildirmək istəyirəm ki, mən həmin ifadəni yazmazdan əvvəl müstəntiq Yusif Yusifov xidməti otağında mənə psixotrop tərkibli çay təklif etmişdir. Mən çaya psixotrop maddələr qatıldığından xəbərsiz olduğuma görə çayı içmiş, ancaq bundan sonra anlaqsız və iradəsiz hala düşərək psixi iztirablar çəkmişəm. Belə bir vəziyyətdə ikən, BMCMİ-nin əməkdaşları mənə hədə-qorxular gələrək və psixoloji təzyiqlər göstərərək bütün etirazlarıma və göz yaşlarıma məhəl qoymadan həmin yalan ifadəni yazmağa məni məcbur etmişdir. İstintaq dövründə psixotrop maddələrlə zəhərləndiyimə dair sübutlar yaxın zamanda Sizə və məhkəməyə təqdim olunacaq.

 

Sizə yazdığım/ünvanladığım əvvəlki ərizələrdə qeyd elədiyim kimi, müstəntiq Yusif Yusifov tərəfindən mənə qarşı çoxsaylı cinayətlər törədilmişdir. Əvvəla müstəntiq Yusif Yusifov təqsirim olmadığını bilə-bilə məni cinayət məsuliyyətinə cəlb etmiş (CM: 290-cı maddə), qanunsuz olaraq tutulmağım və həbsdə saxlanılmağımla bağlı vəsatət vermiş (CM:292-ci maddə), mənə qarşı qeyri-insani, qəddar və ləyaqəti alçaldan rəftar göstərərək məni ifadə verməyə məcbur etmiş (CM:293-cü maddə), barəmdə açdığı cinayət işi üzrə sübutları saxtalaşdırmış (CM:294.2-ci maddə , xidməti otağında mənə çay təklif edərək məni psixotrop maddələrin istehlakına təhrik etmişdir (CM:236-cı maddə). Həmçinin, müstəntiq Yusif Yusifov 17 aprel 2024-cü ildə keçmiş vəkilim Nurməmmədov Araz Mayıl oğlunun yanında məni BMCMİ-də 3 gün ac-susuz saxlamaqla hədələyərək (CM:134-cü maddə ), sübutların saxtalaşdırıldığı sənədləri imzalamağımı tələb etmişdir. Mən bu sənədləri imzalamaqdan imtina etmişəm. Ancaq, müstəntiq Yusif Yusifov bu hədə-qorxuları ilə məni özünü öldürmə həddinə çatdırmışdır. (CM: 125-ci maddə).

 

Qeyd edim ki, Baş Prokurorluğun əməkdaşları 13 may 2024-cü ildə Ombudsmana yazdığım ərizəyə cavabında hüquq pozuntuları ilə bağlı faktların təsdiqini tapmadığını bildirərək, mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət törədən dövlət qulluqçularını, o cümlədən müstəntiq Yusif Yusifovu məsuliyyətə cəlb etməmişdir. Baş Prokurorluğun əməkdaşlarının istintaq dövründə mənə işgəncə verənləri, çayıma psixotrop maddələr qatıb, sonra mənə hədə-qorxular gəlib sübutları saxtalaşdıranları qoruması həmin şəxslərin ucbatından aldığım travmaları daha da böyüdür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Müstəntiq Yusif Yusifovun mənə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmaq əvəzinə onun saxta sübutlar əsasında tərtib etdiyi ittiham aktının Baş Prokurorluq tərəfindən təsdiq edilməsi hüquqi dövlət prinsiplərinə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, o cümlədən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına ziddir. Dövlət qulluğunda ikən Cinayət törədənlərin cəzasız qalması dövləti sarsıdan, dövlətçiliyə və milli həmrəyliyə zərər verən amillərdən biridir.

 

     Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 3-cü bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Mən Azərbaycan Prezidentinə müraciətlər edərək ibtidai istintaqla bağlı təfərrüatları bölüşür, həmçinin beynəlxalq təşkilatlara və beynəlxalq məhkəmələrə müraciətlər edirəm. Azərbaycanda məruz qaldığım kobud insan hüquqları pozuntuları ilə bağlı artıq BMT-nin baş katibinə və Beynəlxalq Cinayətlər Məhkəməsinin baş prokuroruna da müraciətlər etmişəm. Ancaq bu pozuntular Azərbaycanda baş verdiyinə görə, ilk olaraq 2023-cü ilin noyabr ayında Ombudsmana , 3 may 2024-cü il tarixdə isə Sizə ərizə ilə müraciət etmişdim. 3 may tarixli ərizəmə 3 aydan çox vaxt keçməsinə baxmayaraq cavab verilməməsi yenidən Sizə ərizə ilə müraciət etməyə məni sövq etdi. Mən müstəntiq Yusif Yusifovun ittiham aktında iddia etdiyi kimi, Türkiyədə saxta pul çapı ilə məşğul olsaydım, mənə əvvəlcə İstanbul Baş Polis İdarəsi cinayət işi açar, məni Türkiyədən deportasiya etmək əvəzinə cinayət məsuliyyətinə cəlb edər, İstanbulda yaşadığım mənzildə axtarış aparar, Qubad İbadoğluya saxta pul verdiyimə dair sübutlar tapardı. Mən belə bir cinayət törətmədiyimə görə türk polisi tərəfindən mənim barəmdə cinayət işi açılmamışdır. Ayrıca, nə Türkiyənin, nə də Azərbaycanın gömrük xidməti sərhədi keçərkən Qubad İbadoğluda saxta pul olduğuna dair istintaqa heç bir sübut təqdim etməyib. Mənim Türkiyədə Qubad İbadoğluya saxta pul verdiyimə dair heç bir sübut yoxdur. Digər tərəfdən, Türkiyənin ən mötəbər ali təhsil ocağı olan İstanbul Universitetinin doktorantını, YTB təqaüdçüsünü Türkiyədə saxta pul hazırlamaqda və satmaqda ittiham etmək İstanbul Universitetinin rektorunu və pedaqoqlarını, YTB (Türkiyənin Diaspor Komitəsi) başqanını və kollektivini təhqir etməkdi. Mən həm də UN GSP məzunu və Azərbaycanın mədəni irsi üzrə ilk UNESCO kafedrasının təsisçisiyəm. Müstəntiq Yusif Yusifovun sübutları saxtalaşdırması COP29 ərəfəsində BMT-nin ən nüfuzlu gənc liderlər proqramının (UN GSP) məzunlarını, UNESCO QHT Komitəsinin üzvlərini təhqir etməkdir. Ayrıca, mən 2007-ci ildə Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında əldə etdiyim yüksək nəticəyə (693,75 bal) görə Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüşəm. Müstəntiq Yusif Yusifov tərəfindən tərtib edilən ittiham aktında mənə elan edilən saxta ittihamlar bilik və bacarıqlarına görə Prezident təqaüdünə layiq görülən azərbaycanlılara və Azərbaycan Prezidentinə qarşı təhqirdir.

 

Qeyd edim ki, mən BMCMİ-nin İstintaq İdarəsi tərəfindən sübutların saxtalaşdırılmasına, qanunsuz həbsimə, məruz qaldığım kobud insan hüquqları pozuntularına etiraz olaraq bugün etibarilə 75 gündür ki, qida qəbulundan imtina etmişəm. Aclıq aksiyası artıq sağlamlığımda ağır fəsadlar yaradıb. Mən bu ərizə ilə həm müstəntiq Yusif Yusifovun məsuliyyətə cəlb olunmasını, həm də onun tərəfindən açılan 231900516 nömrəli cinayət işinə xitam verilməsini xahiş edirəm.

 

         Hörmətlə: Fazil Qasımov

          Tarix: 28.08.2024″

Tacxeber.com

Oxşar xəbərlər