• 20 Sentyabr 2024 17:17

Şahin Cəfərli: “Əvvəlcə çalışıb siyasəti diriltmək, ölkədə siyasi prosesi bərpa etmək lazımdır”

İlqar Məmmədovun öz sözünü yerinə yetirməsi təqdirəlayiq davranışdır.

 

Bir neçə ay əvvəl şəxsi söhbətdə İlqar bəyə demişdim ki, bu cür vəd verməklə yanlış addım atırsınız, çünki öz siyasi gələcəyinizi tamamilə hakimiyyətin iradəsinə bağlamış olursunuz. Əgər onlar sizin siyasətdən getməyinizi istəyirsə, deputat seçilməyinizə imkan verməyəcəklər. Əksinə, siyasətdə qalmağınızı istəyirlərsə, seçilməyinizə şərait yaradacaqlar, bu isə öz növbəsində lazımsız söz-söhbətə səbəb olacaq.

 

Ola bilər ki, REAL-ın rəhbər orqanı İ.Məmmədovun istefasını qəbul etməsin. Amma ölkəmizin acı reallığı budur ki, İlqar Məmmədovun sədrlikdən getməsinin də, qalmasının da; sabah tutaq ki, AXCP-də Əli Kərimlinin analoji addım atmasının da; yaxud ötən müddətdə Müsavatda İsa Qəmbərin təkrar qayıdışının da siyasi proseslərə hər hansı təsiri yoxdur və olmayacaq. Ona görə ki, Azərbaycanda siyasi proses yoxdur. Burada siyasət ümumiyyətlə, ləğv olunub.

 

Siyasi prosesin başlıca subyekti olan xalq, vətəndaş öz təmsilçilərini seçmək, onların vasitəsilə qərarların qəbuluna təsir göstərmək və bu yolla ölkə idarəçiliyində iştirak hüququndan tamamilə məhrum edilib. Siyasətin əsas institusional subyektləri olan siyasi partiyaların nə hala salındığı da ortadadır. Belə bir vəziyyətdə hansısa partiya liderinin istefası, getməsi-qayıtması milli miqyasda vacib hadisə deyil və heç nəyi dəyişmir.

 

Əvvəlcə çalışıb siyasəti diriltmək, ölkədə siyasi prosesi bərpa etmək lazımdır. Bu olmasa, Azərbaycanı daha çətin və daha ağır günlər gözləyir…

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər