• 23 Noyabr 2024 07:21

Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb-ekoloqdan TƏKLİF: “Sallafan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL

Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb-ekoloqdan TƏKLİF: “Sallafan torba, plastik qabla giriş qadağan edilsin”-VİDEO+ÖZƏL

Tanınmış jurnalist, yazıçı Mahir Rəsuloğlu Şuşanın “Turşsu” bulağı haqda paylaşım edib. Müəyyən fasilələrlə qaynayıb yerin altından çıxan bulağın ətrafını Şuşaya səyahətə gələnlər sözün əsl mənasında zibilliyə çeviriblər. Həmkarımız bütün bunları ürək ağrısı ilə qeyd edib və insanların təbiətə biganə münasibətini qınayıb.

 

Biologiya üzrə fəlsəfə doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova Moderator.az -a açıqlamasında bildirib ki, bəzi qadağalar qaçılmazdır.

 

“Bu bizim yaralı yerimizdir. 30 ildən çox həsrət qaldığımız torpaqları işğaldan azad etmişik. Məsələ burasındadır ki, o torpaqlara gedən insanlar laqeydcəsinə oranı çirkləndirirlər. Çirkləndirmə məhsulları da sallafan torbalar, plastik qablar və şüşə butulkalardır. Mənim fikrimcə plastik qablar və sallafan torbalarla Qarabağa giriş qadağan olunmalıdır. Plastik qabda heç nə aparılmasın. Belə olduğu halda biz həmin torpaqları təmiz saxlaya bilərik. Çünki Bakıda məişət tullantılarının yandırılması zavodu var. Həmin o zavodda plastik qablar, sallafan torbalar təkrar istifadə üçün yararlı hala gətirilir. Amma Qarabağda hələ belə zavod tikilmədiyi üçün o tullantılar təbiətdə 150 ildən sonra çürüyəcək. Siz təsəvvür edin hər ay ora yeni tullantılar atılır. İnsanları maarifləndirmək lazımdır. Hansı ki, portaldan keçəndə insanlara müəyyən şeylərdə qadağalar qoyulmalıdır, cərimələr artırılmalıdır” deyə o bildirib.

Gülçöhrə Hüseynova bildirib ki, “Turşsu” müalicəvi bulaqdır.

 

“Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdəki dağlıq rayonlarda mindən çox bulaq var. O bulaqlardan biri də “Turşsu”-dur. “Turşsu” həddindən artıq mikro elementlərlə zəngindir. Bu suyun tərkibində maqnezium, kalsium var. Yerdən çıxan su 5-10 dərəcə temperaturundadır. Turşsu 7 dəqiqə axır, sonra su kəsilir. Bir də 1 saatdan sonra axır. Hələ bu bulaq üzərində araşdırma işləri aparılmayıb. Çox faydalı bir bulaqdır. 32 il bundan əvvəl nənəm danışırdı kı, kimin ürək-damar sistemində, qaraciyərində, ödündə, mədə-bağırsağında, böyrəyində problem varsa bu sudan dərman kimi istifadə edirdilər. Orqanizmə çox faydalıdır. Biz insanlar bunun qədrini bilməliyik” deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər