• 24 Noyabr 2024 11:37

Sənin qızının şəklini arxadan çəksələr, xoşuna gələr?! 

 

Görəsən, dünyada azərbaycanlılar qədər başqasının həyatına müdaxilə etməyi sevən ikinci xalq varmı? Mən “başqasının həyatına burnunu soxan” ifadəsini qəsdən işlətmədim. Heç kimi incitmək istəmirəm. Axı niyə səhər-axşam bir-birimizin qanını qaraltmaq üçün fürsət güdməliyik? Niyə bir-birimizin həyatını zəhərə çevirməliyik? Niyə xeyrimiz dəyməyən adamlara zərər vurmalıyıq? 

 

Bəlkə də, siz, bu yazını nahardan sonra oxuyacaqsınız. Bəlkə də, şər qovuşanda eynəyinizi taxıb məsələdən hali olmağa çalışacaqsınız. Amma mən bu sətirləri klaviaturada döyəcləməyə başlayanda səhər yenicə açılmışdı. Adətim üzrə işə xoş ovqatla başlamaq istəsəm də, bu dəfə alınmadı. Mərdimazar adamlar hər yerdə var. Sosial şəbəkələrdə isə lap çoxdur…

 

Bilirsiniz, nə baş verib? Əslində ictimai əhəmiyyət kəsb edən heç nə baş verməyib. Amma qarışqadan fil düzəltməyi sevən azərbaycanlılar yenə stəkanda fırtına qoparıblar.

 

Deməli, gənc bir xanım dünyadan köçmüş baba-nənəsinin məzarını ziyarət etmək üçün qəbiristanlığa gedib. Qız dekolte libasda olub. Məzarlara doğru irəliləyərkən, başqa bir adam onu təqib edərək, arxadan görüntüləri telefonun yaddaşına köçürüb. Sonra isə həmin görüntüləri sosial şəbəkələrdə paylaşıb. Əsl həngamə də bundan sonra başlayıb. Söyüşün, qarğışın ikisi bir qəpik…

 

Əməkdaşlarımızla məlum videogörüntüləri araşdırdıq. İlkin qənaətimiz belədir: Həmin xanım nikah masasına əyləşməyə hazırlaşır. Əynindəki geyim sırf nikah mərasimi üçün nəzərdə tutulub. Ola bilsin, özü, ya da valideynləri ona belə əziz gündə haqq dünyasında olan baba və nənəsinin məzarını ziyarət etməyi tövsiyə edib. O da məsləhətə əməl edib…

 

Mən həmin qızın valideynlərinin yerinə olsaydım, ona qəbiristanlığa nikah mərasimindən bir gün əvvəl getməyi tövsiyə edərdim. Amma bu, onların qərarıdır. Başqasının işinə burnumuzu soxmağa haqqımız yoxdur!

 

Xanımı da, onun təcrübəsiz valideynlərini də bir kənara qoyaq. Məni həmin videogörüntünü çəkən adam maraqlandırır. Bəlkə də o, dünyadan köçmüş həyat yoldaşını ziyarətə gedən yaşlı-başlı kişidir. Bəlkə də, cavan oğul itirmiş atadır. Bəlkə də bacısının məzarını ziyarət edən qardaşdır. Hər kimdirsə, dərdli adamdır. Qəbiristanlığa kədərini bölüşməyə, az da olsa təsəlli tapmağa gedib. Dünyadan köçmüş əzizinin məzarını ziyarət etməyə gedən adam necə tanımadığı xanımın arxasınca düşüb onun görüntülərini çəkə bilər?

 

Bu, bir əxlaq, tərbiyə, vicdan məsələsidir. Çox dərinə getmək istəmirəm. Sadəcə, həmin şəxsə bir sual vermək istəyirəm: Sənin qızının, arvadının, bacının şəklini arxadan çəksələr, xoşuna gələr?!

Seymur VERDİZADƏ 

Tacxeber.com

Oxşar xəbərlər