• 24 Noyabr 2024 05:56

Sabir Rüstəmxanlı: “Bunu Tənzilə xanıma mən məsləhət görmüşəm” – MÜSAHİBƏ

Tacxeber.com olaraq  globalinfo.az-a istinadən VI çağırış Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edirik:

 

Sabir bəy, Tənzilə Rüstəmxanlının dairəsində nə baş verir? Baş verən qalmaqal kənardan idarə olunur, yoxsa, təbii etirazdır?

– Seçki dairəsində sakitlikdir. Baş verənlər sosial medianın yanaşmasıdır və şübhəsiz kənardan idarə olunur. Namizədlər sırasında elələri var ki, heç Tənzilə xanım burda olmasaydı da xalq onların millət vəkili seçilməsinə səs verməz. Səs versələr belə, bu, Neftçala üçün “üz qaralığı” olar. Buna baxmayaraq biz ilk gündən heç bir namizəd haqqında mənfi söz deməmişik.

 

Bəs bu söhbətlər haradan qaynaqlanır?

– Bilirsiniz, onlar özlərini o yerdə görürlər. Təbliğatlarını aparsınlar, sonda hər şey aydın olacaq. Müxtəlif yerlərdə Tənzilə xanımın şəkilləri cırılırdı. Sonra şayiə yayırdılar ki, guya əksinə, biz onların şəkillərini cırırıq. Ola bilər, təxribatçı olub və hər iki tərəfin də şəklini cırıb. Amma biz dəfələrlə bəyan etdik ki, şəkil cırmırıq, tam əksinə, başqalarının cırılan şəkillərini belə yerinə yapışdırırıq.

 

Tənzilə xanım kəndlərdə görüşlər keçirirmi?

– Əlbəttə, Tənzilə xanım kəndlərin çoxunda seçicilərlə çox gözəl və səmimi görüşlər keçirir.

 

Sizin əleyhinizə görüntülər yayılıb. İddia edirlər ki, deputat olduğunuz dönəmdə neftçalalılar üçün heç nə etməmisiniz. Hətta bunu əsas gətirərək, Tənzilə xanıma səs verməyəcəklərini deyirlər. Doğrudanmı Sabir Rüstəmxanlı millət vəkili olduğu müddət ərzində Neftçala camaatı üçün heç nə etməyib?

– Təbii ki, mən özbaşına yol, su çəkə bilmərəm. Amma deputat seçilən kimi, Prezident İlham Əliyevə müraciət etdim ki, Neftaçalanın vəziyyəti ürəkaçan deyil. Təsəvvür edin, Xəzər dənizinin suyu Kürə daşmışdı və Kür Salyana qədər şorlaşmışdı. Yerli icra hakimiyyətinin də yardımı ilə Kürün qarşısına 300 metirlik bənd çəkildi. Nəticədə Kürün şorlaşmasının qarşısı alındı. Bundan başqa, kəndlər arası yollar dağılmış vəziyyətdə idi. Rayonun böyük bölgələrindən olan Xol səmtində deyirdilər ki, kim bizim dağılmış yolumuzu düzəltsə, bizim həmişəlik deputatımız olar. Müraciət etdim, nəticədə 42 km yol çəkildi. Su məsələlərinin də həll olunmasına nail oldum. Hətta onu da deyim ki, Xəlil Rzanın kəndində qaz yox idi. Nəhayət, o kəndə qaz çəkdirdik.

 

Bəs şəhid ailələri üçün nəsə etmisinizmi?

– Bankə qəsəbəsində dağıdılmış şəhid məzarı var idi. Deputat seçilən kimi ilk işim onu bərpa etdirmək oldu. Həsənabad qəsəbəsində 3 Milli Qəhrəman, 20 şəhid var. Orada öz vəsaitimlə respublikanın heç bir qəsəbəsində olmayan gözəl park saldırdım. Bakıdan ağaclar gətizdirdim, Milli Qəhrəmanlarımıza büst qoydurdum, qalanlarının mərmər barelyefləri hazırlandı. Orada şəhidlərimizin şərəfinə kiçik bir cənnət guşəsi yaratdıq. Bunu da bütün Neftçala camaatı bilir. Bu, gördüyüm işlərin tam siyahısı deyil. Kar, kor və ya düşmənçilik edən adamlar deyə bilər ki, Sabir Rüstəmxanlı nə iş görüb? Hər şey göz önündədir.

 

Tənzilə Rüstəmxanlı namizədliyini niyə məhz Neftçala rayonundan irəli sürdü?

– Mən belə məsləhət gördüm. Gördüyüm işlərə və camaatın münasibətinə güvəndim. Təbii ki, hərkəs seçkidə öz səsini istədiyi namizədə verəcək. Bəzi milli qüvvələrə qarşı çıxanlar indi də deyirlər ki, əri heç bir iş görməyib, özü gəlib nə edəcək?! Hər halda bir ömür milli istiqlal, dövlət müstəqilliyi, söz və mətbuat azadlığı uğrunda apardığımız mübarizə, çəkdiyimiz əziyyətlər ortadadır.

 

Ola bilərmi ki, bəzi insanlarda bu qıcıq bir neçə deputatımızın özlərinin geri çəkilib ailə üzvlərinin namizədliyini irəli sürməsi ilə əlaqədar olsun? İnsanlarda sual yaranır: Niyə bu gün bəziləri Milli Məclisi “Ailə Məclisi”nə çevirir?

– Qeyd edim ki, mən Azərbaycana bütöv bir ailə kimi baxıram. Kaş elə Milli Məclis böyük Azərbaycanın böyük ailəsi olaydı. Parlamentdə müxtəlif partiyalar var. Hər partiya özü öz namizədini müəyyənləşdirir. Tənzilə Rüstəmxanlı mənim yoldaşım olmaqla bərabər, həm də bir Azərbaycan vətəndaşıdır. Vətəndaş hüquqları ona da aiddir. Özü də Türk dünyasında, Azərbaycanda milli haqlarımızın müdafiəsi ilə bağlı ciddi işlər görmüş adamdır. Mənim həyat yoldaşımdır deyə, öz hüququndan istifadə etməli deyil?

 

Çoxluq deyir ki, hər rayonu öz sakini təmsil etməlidir. Yəni məsələlərdən biri də Tənzilə Rüstəmxanlının əslən Neftçaladan olmamasıdır.

– Bu, doğru yanaşma deyil. Azərbaycan konstitusiyasında bununla bağlı qadağa da yoxdur. Vətəndaş olaraq kim haradan istəsə, oradan da namizədliyini irəli sürə bilər. Tənzilə xanım ictimaiyyətdə tanınır, 30 il mənimlə birlikdə Avropada, Türkiyədə Xocalı deyə-deyə göz yaşları axıdıb. Adam nə qədər işlər görüb. Bunları görmürlər, amma həyat yoldaşım olduğunu, əslən neftçalalı olmadığını tez görürlər. Şəxsən qürur duyuram ki, həyat yoldaşım Azərbaycanın hörmət qazanmış, tanınan xanımlarından biridir.

 

Tənzilə Rüstəmxanlını ləhçəsinə görə də tənqid edirlər. Deyirlər ki, niyə Azərbaycanda Türkiyə (Anadolu) türkçəsində danışır?

– Bununla da qürur duymaq lazımdır. Tənzilə xanımın istifadə etdiyi türk sözlərinin heç biri Osmanlı türkçəsindən gəlməyib. Onların çoxu bizim öz dilimizin qədim sözləridir ki, bu gün Türkiyə türkçəsində istifadə edilir. Bir nəfər türk dilində danışanda qıcıq yaradır, amma rus dilində danışanlar qıcıq yaratmır. Televiziyalarda öz danışığını küçə-bazarın rus ibarələri ilə çirkləndirənləri qınayan yoxdur. Bu, çox eybəcər düşüncədir. Biz nə istəyirik axı? Rus dili dilimizi əldən aparmır, türk dilində beş- altı kəlmə işlədən kimi dilimiz əldən gedir? Bir yandan Türkiyə ilə qardaşlıqdan, türk birliyindən, düşmənlə mübarizədə qardaş xalqa güvəndiyimizdən danışır, bir yandan da türklük sevgisiylə yaşayanları, Turançılıqda, türkçülükdə ittiham edirik! Bu nə təfəkkürdür? Bütün bunlar da kənardan idarə edilir, Türkiyə ilə araya soyuqluq salmaq və Azərbaycanı ortada tək buraxmaq, dolayı yolla erməniyə, farsa xidmət siyasətidir.

 

Son olaraq, Tənzilə Rüstəmxanlıya nə arzu edirsiniz?

– Çıxdığı yolda ona qələbə arzu edirəm! İnanıram və əminəm ki, seçilsə, çox yaxşı millət vəkili olacaq.

Tacxeber.com

Oxşar xəbərlər