• 24 Noyabr 2024 03:16

Türkiyəni silkələyən cinayət: Əmisi ilə anasını “birgə tutan” Narin…

Türkiyədə 19 günlük axtarışlardan sonra cəsədi tapılan Narin Güran cinayəti ilə bağlı araşdırmalar çərçivəsində son olaraq DNT analizi nəticəsində azyaşlının atası olaraq bilinən Arif Güranın həqiqətən də uşağın bioloji atası olduğu təsdiqlənib.

 

Tacxeber.com axar.az xəbər verir ki, bununla yanaşı cinayətin ilk etirafçısı, təmirçi kimi tanınan Nevzat Bəxtiyar da ifadəsini dəyişib.

 

Əvvəlki ifadəsində cəsədi torbaya Narin Güranın əmisi Salim Güranla birlikdə qoyduqlarını, ancaq cəsədin kimə aid olduğunu bilmədiyini, 200 min TL qarşılığında bu işi gördüyünü deyən Nevzat daha sonra Salimin ona öncədən kimi öldürdüyünü bildirdiyini, cəsədi öz evində tək torbaya yerləşdirdiyini və təhdid olunduğuna görə bu işə qarışdığını bildirib.

 

“Prokurorluqda verdiyim ifadədə Salimin mənə dediyi “Arifin qızını öldürmüşəm, sən də bu meyiti aparıb məhv edəcəksən. Əks halda səni və ailəni öldürəcəm” ifadəsi doğrudur. Salim Gürandan qorxduğum üçün əvvəlki açıqlamamda bu vəziyyəti qeyd etməmişdim”, – o vurğulayıb.

 

Nəvzat Bəxtiyar barəsində həbs müddətinin uzadılmasına qərar verilib. Həbs səbəbi kimi onun “ziddiyyətli və birmənalı olmayan cavablar verməklə bəzi şübhəliləri qorumağa çalışdığı” göstərilib. Etirafçının dəyişdirilmiş ifadəsi Narin cinayətində daha bir şübhənin, bu cinayətdə onun da əlinin ola biləcəyi fikrinin əsasını qoyub.

 

İstintaq çərçivəsində ümumilikdə 25 nəfərin saxlanıldığı bildirilir. Narinin atası Arif Güran sərbəst buraxılsa da, anası Yüksəl Güran, əmisi, qardaşı və çox sayda yaxını ilə əlaqədar istintaq prosesi hələ davam edir.

 

Məlumata görə, Salim Güranın ifadəsi hələ ki alınmayıb.

Hazırda konkret sübut olmadığı üçün istintaqın gedişatına ekspertiza rəyinin ciddi təsiri olacağına ümid edilir. Narinin dırnağından götürülə biləcək nümunə onun ən son kiminlə təmasda olduğunu üzə çıxarmağa kömək edə bilər.

 

Hazırkı məqamda isə bütün məlumatlar qatilin Tavşantəpə (Dövşantəpə) məhəllə icma rəhbəri, Narinin əmisi Salim Güran olduğunu təsdiqləyir. Onun hansı səbəbdən bu qətli törətdiyinə gəlincə, bu an üçün ən güclü iddia Narinin anası ilə əmisini yataqda birlikdə görməsidir. Bundan əlavə, azyaşlının gördüyü bir sirr, anlıq sinir krizi və ya düşmənçilik zəminində öldürülmüş ola biləcəyi ehtimalları da masadadır.

 

Önə sürülmüş iddialar ilə əlaqədar Salim Güranın vəkili Səda Toğrul ötən gün istintaqdan çəkildiyini bildirib:

“İşin hazırkı mərhələsində müttəhimlərin ifadələrini, Narinin ölü olaraq tapılması, cinayət işində yer alan digər sübutları nəzərə alaraq, bir ana kimi müdafiəyə davam edə bilməyəcəyim üçün vəkilliyimi geri çəkirəm”.

 

İstintaq başladıldıqdan sonra Salim Güran vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələni nəzarətə götürüb. Bir müddət sonra isə illər əvvəl Narin Güranın yataq xəstəsi olan 7 yaşlı bacısı Tülinin də öldüyünün üzə çıxması istintaq prosesində şübhələri artırıb. Əlilliyi olan azyaşlının pilləkəndən yıxılaraq həyatını itirdiyi deyilirdi. Daha sonra isə onun Diyarbəkir Uşaq Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat etdiyi bildirilib. O da ekspertiza aparılmadan dəfn edilib. Tülinin ölümü barəsində də istintaq başladılıb. Prokurorluq sözügedən xəstəxanaya məktub yazaraq T.Güranın ölümü ilə bağlı bütün məlumatları, sənədləri və faylların verilməsini tələb edib.

 

Cinayətdə şübhələri artıran digər məqam isə Narinin dəfn mərasimində bir qadının camaata qışqıraraq “Gedin yalan danışın”, – deməsi olub. Belə ki, bir kişi onu susdurmaq üçün fiziki təzyiqdən də istifadə edib.

 

Bundan əlavə, Narin Güranın 1988-ci il təvəllüdlü əmisinin ailədaxili münaqişə zəminində 2011-ci ildə qətlə yetirildiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər