Yeni İttifaqlar: BRICS və Azərbaycan
Vüsal Quliyev
“AZEGLOB Consulting Group” şirkətinin Şanxay Ofisi üzrə rəhbəridir. O həm də Topçubaşov Mərkəzində siyasi ekspert və Xəzər Universitetində şərqşünas tədqiqatçıdır.
İlk sammiti 2009-cu ildə Rusiyada keçirilmiş BRICS-in qurucu üzvləri Brazilya, Rusiya, Hindistan və Çin olmuşdur. Təşkilatın ilk adı olan BRIC sözü də sadalanan üzv ölkələrin ingiliscə adlarının baş hərflərindən götürülmüşdür. Bir il sonra Cənubi Afrika Respublikasının da bloka qoşulmağı ilə BRIC akronimi BRICS ilə əvəzlənmişdir. 2023-cü ildə Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də təşkilata daxil olduqdan sonra blok qeyri-rəsmi olaraq BRICS+ adlandırılmışdır. Bu yazıda fərqli geosiyasi maraq və ambisiyaları olan siyasi aktorları vahid platformada kollektiv hərəkət etməyə vadar edən nüanslara toxunmaqla yanaşı, Azərbaycanın təşkilata qoşulma istəyinin arxasında duran səbəbləri də təhlil edəcəyəm.
Qərbmərkəzli qlobal dünya nizamına alternativ bir qrup olaraq təqdim edilən BRICS, dünya əhalisinin 40%-ni (3.6 milyard), planetin 40 milyon kv kilometrini, qlobal iqtisadiyyatın isə 30%-ni əhatə etməkdədir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.
BRICS-in gündəliyində duran əsas məsələ nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, üzv ölkələr arasında qarşılıqlı güzəştli vergi və tariflərin tətbiqi, investisiya qoyuluşları üçün əlverişli mühitin yaradılmasıdır. BRICS təşkilatının formalaşmasının əsasını daha çox iqtisadi maraqlar təşkil etsə də, üzv dövlətlərin hər birinin BRICS-i öz siyasi maraqları üçün də istifadə etdikləri istisna edilmir. Məsələn, Çin BRICS-in fəaliyyətini genişləndirməklə milyardlarla dollar vəsait xərclədiyi Afrika və Cənubi Amerika qitələrində özünün iqtisadi dayaqlarını daha da möhkəmləndirir. Həmçinin, BRICS-ə İran, Misir və Səudiyyə Ərəbistanı kimi Orta Şərqin güclü oyunçularının dəvət edilməsi Çinin bu regionda da son illərdə artan strateji marağının göstəricisidir. Başqa sözlə, Qərb ölkələri tədarük zəncirlərini və istehsal müəssisələrini Çindən uzaqlaşdırmağa çalışdıqca, Pekin ticarət tərəfdaşlarının sayını artırmağa davam edir. Kremlin BRICS-lə bağlı planlarına gəldikdə, Rusiya Ukraynanı işğal etdiyinə görə beynəlxalq sistemdən təcrid edildiyindən bu təşkilat hesabına tərəfdaşlarının və müttəfiqlərinin sayını artırmaqda maraqlıdır. Çinlə periodik olaraq ərazi münaqişələri yaşayan Hindistanın isə BRICS-i Qərb əleyhinə bir blok kimi deyil, supergüclər arasında balanslaşdırıcı bir güc kimi istifadə etdiyini demək mümkündür. Başqa sözlə, XX əsrdə SSRİ və ABŞ arasında siyasi tarazlığı qorumağa çalışan Dehli hökuməti, münasibətlərə xələl gəlmədən balanslaşdırma siyasətini XXI əsrdə Çin-ABŞ rəqabətində də istifadə edir.
BRICS dövlətlərlərarası sərmayə qoyuluşlarının reallaşmasına və beynəlxalq ticarət əməliyyatlarında yerli valyutaların çəkisini artırmağa çalışır. Məsələn, BRICS Dünya Bankı və Beynəlxalq Maliyyə Fonduna rəqib kimi 2015-ci ildə özünün Yeni İnkişaf Bankını (YİB) təsis edib. YİB-in əsas missiyası üzv ölkələrin zəruri infrastruktur quruculuğuna dəstək olmaqdır. Qərb mərkəzli maliyyə quruluşlarından fərqli olaraq, YİB-in kreditlər üçün təklif etdiyi şərtlərin daha sadə olması və siyasi tələblər irəli sürməməsi, BRICS-ə qoşulmağın cəlbediciliyini artıran amillərdən biridir.
BRICS-ə üzv olmaq istəyən dövlətlərin sayı ilbəil artmaqdadır. Bu günə qədər 40-dan çox ölkə BRICS-ə üzv olmaq niyyətlərini bildiriblər. Müraciətçilər daha çox inkişaf etməkdə olan ölkələrdir. BRICS-in digər ittifaqlara üzvlüklə bağlı hər hansı bir şəkildə məhdudiyyətlər qoymaması və təşkilata qəbul meyarlarının sadə olması onun cəlbediciliyini artıran digər faktorlardır.
Azərbaycan hökuməti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət ünvanlayıb. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycanın Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalaması, Əliyev hökumətinin Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Əlavə olaraq, Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatında 8 ildir tutmuş olduğu dialoq üzrə tərəfdaşlıq statusundan müşahidəçi statusuna yüksəldilməsi üçün də müraciət edib.
Azərbaycanın BRICS-ə üzv olmaq istəyinin əsasını iqtisadi səbəblər təşkil etsə də, sözsüz ki, burada siyasi maraqlar da var. Birinci iqtisadi səbəb qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yeni investisiya kanallarının yaradılmasıdır, xüsusilə də Çindən gələ biləcək sərmayələr Azərbaycan dövlətinin maraq dairəsindədir. BRICS çərçivəsində qurula biləcək çoxşaxəli əməkdaşlıqlar hesabına Azərbaycana Çindən yüksək texnologiyalar və innovasiyalar sahəsində investisiyaların daxil olması mümkündür. Yaşıl enerji sahəsində dünyanın ən böyük investorunun Çin olduğunu nəzərə alsaq, Azərbaycan bu sfera üzrə də əməkdaşlıq imkanlarını genişləndirmə şansı qazana bilər.
İkinci iqtisadi səbəb BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir. Belə ki, Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və eyni zamanda Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər. TRACECA, Orta Dəhliz, Kəmər və Yol Təşəbbüsü kimi interkontinental layihələrdə həvəslə iştirak edən Azərbaycan üçün bu, olduqca vacib məqamdır. Zəruri tələblər ödəniləcəyi təqdirdə Azərbaycan həm quru, həm də dəniz əsaslı ticarət yollarının üstündə yerləşən logistik qovşaq kimi həm Hindistanın qərb limanlarından Avropanın şimalına nəql edilən yüklərdən, həm də Çindən Avropaya və əksinə daşınan yüklərdən dividend qazana bilər.
Üçüncü iqtisadi səbəb yuxarıda sadaladığım çoxmodullu logistik koridorların Azərbaycan ərazisindən keçən hissəsinin BRICS vasitəsilə maliyyələşdirilməsidir. Belə ki, BRICS-ə daxil olmaqla Azərbaycan təşkilatın maliyyə qolu olan Yeni İnkişaf Bankının təkliflərindən perspektivli layihələrin maliyyələşdirilməsi üçün yararlanma imkanı əldə etmiş olacaq. Xatırladaq ki, 2016-cı ildə Azərbaycan hökuməti Çinin Kəmər və Yol Təşəbbüsü nəzdində yaradılan Asiya İnfrastruktur və İnvestisiya Bankının (AİİB) maliyyə resurslarından da faydalanaraq Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi üçün 600 milyon dollar dəyərində kredit əldə etmişdi.
Dördüncü iqtisadi səbəb koalisiyaya üzv olan dövlətlər arasında gələcəkdə tətbiq olunması gündəmdə olan güzəştli gömrük tarif sisteminə qoşulmaq və ya azad ticarət sazişləri və investisiyaların təşviqinə dair müqavilələr imzalamaq kimi fürsətlərin əldə edilməsidir. Bu da BRICS daxili ölkələr arasındakı ticari bariyerlərin aradan qaldırılması, dolayısı ilə Azərbaycan üçün genişmiqyaslı bazarlara əlverişli çıxışın təmin edilməsi deməkdir. Xatırladaq ki, Cənubi Qafqaz ölkələri arasında Gürcüstan, BRICS-in əsas təsisçilərindən biri olan Çinlə azad ticarət sazişi imzalayan yeganə ölkədir. 2017-ci ildən bəri Gürcüstan məhsulları Çin bazarına gömrük rüsumu tətbiq olunmadan daxil olur. Yeri gəlmişkən, BRICS-in 3 üzvü Azərbaycanın xarici ticarət dövriyyəsində ən böyük paya sahib 7 ölkədən (Rusiya 8,9%, Çin 7,3%, Hindistan 3,1%) biridir.
Əlbəttə ki, sadalanan iqtisadi əməkdaşlıqların Azərbaycan üçün səmərəliliyi və perspektivliliyi, qurulacaq diplomatik təmaslardan, beynəlxalq maliyyə təşkilatlarının regiona gəlməsi üçün yaradılacaq adekvat şəraitdən, gömrük-tarif rüsumlarının effektiv tənzimlənməsindən, zəruri infrastruktur quruculuğuna ayrılan diqqətdən və bu yöndə tələb olunan maliyyə resurslarının düzgün istifadəsindən böyük ölçüdə asılı olacaq.
Qlobal güc mübarizəsinin və beynəlxalq sistemin transformasiyasının intensivləşdiyi bir dövrdə BRICS-ə üzv olmağın, əlbəttə ki, siyasi tərəfləri də olacaq. Siyasi nöqteyi-nəzərdən, BRICS üzvlərinin BMT Təhlükəsizlik Şurası (Rusiya və Çin), G20 (Braziliya, Çin, Hindistan və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatı (Rusiya, Çin və Hindistan) kimi təsir dairəsi daha böyük siyasi ittifaqların da tərkibində olduğunu nəzərə alsaq, Azərbaycanın BRICS-ə qoşulmaqla bərabər daha genişmiqyaslı platformalar vasitəsilə də beynəlxalq siyasi dəstək əldə edə biləcəyini deyə bilərik. Qərblə münasibətlərin deqredasiyası fonunda Azərbaycanın alternativ güclərlərlə siyasi təmaslarını dərinləşdirməsi də təsadüfi deyil. Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlığa yüksəldilməsi qərarının arxasında da Azərbaycan-Qərb münasibətlərində yaşanan böhran durmuş ola bilər.
İkincisi isə bloka üzv olmaq BRICS-in bir digər vacib üzvü olan və enişli-çıxışlı münasibətimizin olduğu Hindistanla da konstruktiv diplomatik əlaqələrin qurulmasına rəvac verə bilər. Bakının İslamabada yaxınlığı, Modi hökumətinin isə Ermənistanı siyasi, iqtisadi və hərbi-texniki cəhətdən dəstəkləməsi Azərbaycan-Hindistan diplomatik münasibətlərini korlasa da, qlobal müstəvidə yüksələn güc olan Hindistanla iqtisadi əlaqələrin qorunması və inkişaf etdirilməsi Azərbaycan üçün maraqlıdır. Həmçinin, Azərbaycan da Hindistanın Xəzər hövzəsinə dair planlarında əsas yerlərdən birini tutur. Dolayısilə, hər iki ölkənin BRICS kimi çoxmillətli ittifaqın tərkibində tərəfdaş olması ikitərəfli münasibətlərin də tənzimlənməsində əsas mexanizmlərdən biri ola bilər.