• 24 Noyabr 2024 16:19

Sadeq Qotbzadə – Yadigar Sadıqlıdan növbəti maraqlı tarixi yazı

Sadeq Qotbzadə 1936-cı ildə İsfahanda zəngin ailədə dünyaya gəlib. Atası taxta materiallarının satışı ilə məşğul idi. Sadeqin yeniyetməlik dövrü İran tarixinin olduqca əhəmiyyətli dövrünə – Məhəmməd Müsəddiqin başçılıq etdiyi Milli Cəbhənin qısamüddətli hakimiyyət illərinə təsadüf edir. Müsəddiqin devrilməsindən sonra şah rejiminin qatı əleyhdarına çevrilir.

 

Milli Cəbhənin üzvü olan Sadeq Qotbzadə sonrakı illərdə müxalif siyasi fəaliyyətinə görə bir neçə dəfə polis tərəfindən saxlanılır. 1959-cu ildə atası onu təhsilini davam etdirmək üçün ABŞ-a yollayır. Burada Corctaun universitetinə daxil olur.

 

İranın zəngin ailələrinin övladları və ya dövlətin göndərişi ilə xaricə gedənlər adətən Fransada təhsil alırdılar. ABŞ-da iranlı tələbələr az idi, amma getdikcə sayları artırdı. Sadeq Qotbzade İbrahim Yəzdi, Mustafa Çamran ilə birlikdə Amerikadakı müxalif iranlı tələbələrin təşkilatlanmasında rol oynayır. Bu üçlük 1961-ci ildə dünyəvi Milli Cəbhədən ayrılaraq Mehdi Bazərganın rəhbərlik etdiyi qismən islamçı  İran Azadlıq Hərəkatına (İAH) üzv olurlar və Fransada təhsil alan Əli Şəriəti ilə birlikdə təşkilatın xarici bürosunu yaradırlar.

 

1960-1962-ci illərdə İranın Vaşinqtondakı səfiri postunu Ərdəşir Zahedi tuturdu. O, Müsəddiqin devrilməsində önəmli rol oynayan və çevrilişdən sonra bir müddət baş nazir postunu tutan general Fəzlolla Zahedinin oğlu və şahın ilk nikahdan qızı Şahnazın əri idi. Zahedinin səfirlikdə təşkil etdiyi ziyafətlərin birinə giriş əldə edən Sadeq burada şahın kürəkəni ilə mübahisə edir və ona bir şillə vurur.

Siyasi fəaliyyət Qotbzadəni o qədər məşğul edir ki, dərslərini və imtahanlarını buraxır. Nəticədə universitetdən xaric olunur, ABŞ-da qalmaq hüququnu da itirir.

 

Sonrakı bir neçə ili Qotbzadə Misirdə, Suriyada, Livanda keçirir, burada yaxşı əlaqələr qurur, o cümlədən Livanın şiə icmasının nüfuzlu lideri, İran vətəndaşı Musa əl-Sədr ilə dostlaşır. Onun İrandan sürgün edilən və İraqın Nəcəf şəhərində yaşayan ayətullah Xomeyni ilə ilk görüşü də 1960-cı illərin ortalarına təsadüf edir.

Bundan sonra o, Kanadaya yollanır və təhsilini burada davam etdirir. 1969-cu ildə Nelson şəhərindəki kolleci bitirir.

 

Qotbzadə 1971-ci ildən Suriyanın “Al-Thawra” qəzetinin müxbiri kimi Parisdə məskunlaşır. Əslində o, jurnalistlik etmirdi, bu, ona Fransada yaşamaq üçün əsas kimi lazım idi. İranın müxalif diasporasının əsas mərkəzi olan Parisdə Qotbzadə tezliklə nəzərəçarpacaq fiqura çevrilir.

O, tez-tez Nəcəfə gedərək Xomeyni ilə görüşür və onun etibarlı nümayəndəsinə çevrilir, Xomeyni ona hətta “oğlum” deyə müraciət edir. Hərçənd, ayətullahın böyük oğlu Mustafanın Sadeqlə ulduzu heç barışmır. Onların növbəti konflikti zamanı Xomeyni oğluna acıqlanaraq “Sadeq səndən çox mənim oğlumdur” deyir.

Musa Sədr Londonda müəmmalı şəkildə vəfat edən Əli Şəriətinin cənazə namazını qılır. Ondan sağ tərəfdə Sadeq Qotbzadədir.

Musa Sədr Londonda müəmmalı şəkildə vəfat edən Əli Şəriətinin cənazə namazını qılır. Ondan sağ tərəfdə Sadeq Qotbzadədir.

1978-ci ilin ilk günlərindən İranda şah əleyhinə çıxışlar başlayır və gah səngiyrək, gah yenidən vüsət alaraq ilboyu davam edir. Bu hərəkat zaman Qotbzadənin üzv olduğu İAH və Xomeyni tərəfdarları şah əleyhinə müttəfiq kimi çıxış etsələr də, müəyyən fikir ayrılıqları da vardı. Qotbzadə İAH-dan çıxaraq tamamilə Xomeyni xəttinin tərəfdarına çevrilir.

 

Ayətullah 1978-ci ilin payızında şahın tələbi ilə İraqdan çıxarıldıqdan sonra onu Fransaya getməyə inandıranlardan biri də Qotbzadə idi. Oktyabrın 6-da Parisə gələn Xomeyni iki gün Əbülhəsən Bənisədrin evində qalır, sonra isə məhz Qotbzadə onun üçün Parisdən təxminən 40 km məsafədə yerləşən Nofl-le-Şato şəhərciyində ev tapır. Fevralın 1-də Tehrana qayıdacaqları günə qədər bu şəhərcikdə yaşayan ayətullahın ən yaxın köməkçisi və məsləhətçisi Qotbzadə, Bənisədr və Yəzdi olur.

“Air France” aviaşirkətinə məxsus təyyarə ilə İrana qayıdarkən də Xomeyninin yanında hansısa din xadimi deyil, məhz Sadeq Qotbzadə oturur. Uçuşun təhlükəli ola biləcəyinə baxmayaraq, təyyarədə xeyli jurnalist vardı. Onlardan biri, BBC müxbiri Con Simpson ilə Xomeyninin məşhur qısa dialoqonu da Qotbzadə tərcümə edir:

– Ayətullah, lütfən, bizə deyərsinizmi, İrana qayıtmağa görə hansı hisslər keçirirsiniz?

– Heç nə.

İrana qayıdarkən

İrana qayıdarkən

İnqilabın qələbəsindən sonra Sadeq Qotbzadə nüfuzlu İnqilab şurasının üzvü, eyni zamanda Teleradio şirkətinin sədri təyin olunur. Son vəzifədə o, yeni rejimin xəttini təbliğ edir. Onun vaxtında İran televiziyasına “mollaviziya” deyilməyə başlanılır.

1979-cu il fevral-noyabr aylarında İranı İAH-nın lideri Mehdi Bazərganın rəhbərlik etdiyi hökumət idarə edir. İbrahim Yəzdi həmin hökumətdə xarici işlər naziri vəzifəsini tutur. Noyabr 4-də radikal tələbələr ABŞ səfirliyini tutduqda və Xomeyni də bu addımı müdafiə etdikdə həm Bazərgan, həm Yəzdi bununla razılaşmayaraq istefa verdilər. Noyabrın 29-dan etibarən xarici işlər naziri postunu Qotbzadə tutur.

 

Məhz girov məsələsi, ABŞ ilə münasibətlər yeni xarici işlər naziri və Ali rəhbər Xomeyni arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Qotbzadə Vaşinqtonla normal münasibətlərin tərəfdarı idi və girov məsələsinin tezliklə həll olunmasına çalışırdı. O, Parisdə amerikalılarla danışıqlar apardı və elə görünürdü ki, problem tezliklə həll ediləcək, müəyyən ilkin razılıqlar da əldə olundu. Amma bu zaman Xomeyni bildiridi ki, girovların taleyini İran parlamenti həll etməlidir. Parlament seçkiləri isə hələ martda olacaqdı.

Qotbzadə ilk prezident seçkilərində də namizədliyini verdi, amma çox uğursuz oldu. O, cəmi 0,34% səs topladı və yeddinci yeri tutdu.

 

Girov məsələsində Qotbzadənin səylərinə baxmayaraq, vəziyyət pisləşməkdə davam edirdi. Aprelin 7-də ABŞ İranla diplomatik əlaqələri kəsdiyini bəyan etdi. 25-də girovları azad etmək üçün uğursuz “Qartal caynağı” əməliyyatı keçirməyə cəhd göstərildi.

Qotbzadə bu cəhdi pisləyərək İrana qarşı “müharibə aktı” adlandırdı. Bununla belə, yenə də girov böhranının tezliklə həll edilməsinə çalışır və bu istiqamətdə Xomeyni başda olmaqla daha radikal mövqe tutanlarla münasibəti get-gedə pisləşirdi. Nəhayət, avqustun 3-də o, nazir postundan istefa verdi və daha İslam respublikasında heç bir vəzifə tutmadı.

Girov böhranı bu məsələdə həmfikir olan radikal üləmalar və solçuların (Tudə, Mücahidin-e xalq) nisbətən dünyəvi, nisbətən liberal və nisbətən qərbpərəst təşkilatlar (Milli Cəbhə, İAH) və şəxslər (Mehdi Bazərgan, İbrahim Yəzdi, Əbülhəsən Bənisədr, Sadeq Qotbzadə) üzərində qələbəsi və ikincilərin hakimiyyətdən uzaqlaşmaları ilə nəticələndi. Bu qələbəni bayram edən solçular az sonra özləri hədəf oldular.

 

Fransada yaşadığı vaxtlardan Qotbzadə ilə romantik münasibətlərə malik olan kanadalı jurnalist Kerol Cerom öz xatirələrində yazır ki, istefasından sonra sevgilisinə İrandan çıxmağı təklif edir. Qotbzadə isə ona belə cavab verir: “Bu inqilab xalqa bəxş etdiyim kabusdur. Günahkaram. Mən qalıram və qismətimlə barışıram”. Cerom əlavə edir: “O, maşına oturub gedəndə ağlıma da gəlmirdi ki, onu sonuncu dəfə görürəm. İnanmırdım ki, cənab Xomeyni öz oğlunu öldürər”.

***

Qotbzadənin girovların azad edilməsi və Amerika ilə münasibətləri normaşllaşdırmaq üçün göstərdiyi səylər SSRİ tərəfindən narahatlıqla izlənilirdi. Həmin dövrdə Tehrandakı sovet səfiri Vladimir Vinoqradovun sonralar yazdığı “Bizim Yaxın Şərq. Misir və İrandakı sovet səfirinin qeydləri” kitabı Qotbzadə əleyhinə passajlarla boldur. Onu edama aparan tələni sovetpərəst Tudə partiyasının hazırladığını nəzərə alsaq, bu işdə sovet xüsusi xidmət orqanlarının əli olması ehtimalı çox böyükdür.

 

Hərçənd, keçmiş naziri ilk dəfə istefasından cəmi üç ay sonra, 1980-ci il noyabrın 7-də, nüfuzlu ruhanilərin yaratdığı və Xomeyninin də himayə etdiyi İslam Respublikası Partiyasını tənqid etdiyinə görə həbs etdilər. Amma prezident Bənisədr, ayətullah Şəriətmədari, keçmiş baş nazir Bazərgan və başqalarının etirazlarından sonra azad olundu.

Bir müddət sonra isə İran ordusunun polkovniki, eyni zamanda Tudə partiyasının gizli üzvləri olan Bican Kəbiri və Huşəng Attarian Sadeq Qotbzadə ilə əlaqə saxlayaraq ordu daxilində hökumətə qarşı gizli qrupun olması  və çevriliş etməyə hazırlaşdıqlarını söyləyirlər. Sonra da Qotbzadənin bu yöndə həvəsləndirici fikirlərini lentə yazaraq İnqilab məhkəməsinin sədri Məhəmməd Reyşəhriyə təqdim edirlər. Nəticədə, 1982-ci il aprelin 7-də Sadeq Qotbzadə həbs olundu.

 

Hakimiyyət bu hadisədən həm ordu daxilində etibarsız saydığı zabitlərdən, həm də dini müstəvidə Xomeyninin ən böyük rəqibi olan Məhəmməd Kazım Şəriətmədaridən qurtulmaq üçün istifadə etdi. İşgəncələrə məruz qalan Qotbzadə vaxtilə rəhbəri olduğu televiziyaya çıxaraq sui-qəsddə iştirakını etiraf etdi və Şəriətmədarinin adını çəkdi.

Şəriətmədari müctəhid idi və İranda hələ şah dövründən qüvvədə olan qaydaya görə hər hansı hüquqi təqibə qarşı immunitetə malik idi, hərçənd bu, onu da ən azı təhqiramiz rəftardan qorumadı. Reyşəhri öz xatirələrində 77 yaşlı ayətullah əl-üzmanı vurduğunu etiraf edir. Şəriətmədari 1986-cı ildə vəfat edənə qədər ev dustaqlığında saxlanıldı.

 

Sadeq Qotbzadə məhkəmə tərəfindən edam cəzasına məhkum edildi və sentyabrın 15-də Tehranın məşhur Evin həbsxanasında güllələndi.

Məhkəmə zamanı

Məhkəmə zamanı

***

SSRİ-nin Tehrandakı səfirliyində diplomat kimi fəaliyyət göstərən, əslində isə KQB mayoru olan Vladimir Kuziçkin 1982-ci ildə Türkiyə üzərindən İngiltərəyə qaçdı. O, İrandakı sovet casusları, Tudənin İran ordusundakı gizli üzvləri barədə bütün bildiklərini ingilislərə danışdı. İngilislər də bu məlumatları müxtəlif kanallar vasitəsilə İran hakimiyyətinə ötürdülər.

 

Nəticə özünü çox gözlətmədi. Kuziçkinin ələ verdiyi adamlar həbs olundu və demək olar ki, hamısı güllələndi. Tudə partiyası darmadağın edildi və bir daha özünə gəlmədi. Güllələnənlər arasında Qotbzadəyə tələ quran Bijan Kəbiri və Huşəng Attarian da vardı.

Yadigar Sadıqlı

Oxşar xəbərlər