• 24 Noyabr 2024 03:08

Burun və boğaz əti uşaqlarda hansı problemlərə yol açır? – “Vaxtında əməliyyat edilməsə…”

Valideynlər uşaqlarda ən çox müşahidə edilən burun və boğaz əti probleminə, əsasən, biganə yanaşırlar və fəsadları barədə məlumatsız olurlar. Bəs burun və boğaz əti əməliyyatını etdirməyin nə kimi əhəmiyyəti var? Mövzu ilə bağlı Sfera.az-a danışan həkim pediatr Jalə Eyvazova bildirib ki, burun əti (adenoid vegetasiya) uşaqlarda, əsasən, 3-14 yaşlarında müşahidə edilir.

 

“14 yaşından sonra uşaqlarda adenoid vegetasiyası tədricən sovrulur. Böyüklərdə isə buna çox nadir hallarda təsadüf edilir. lk öncə valideyn həkimə övladında olan burun tıxanıqlığı, ağzı açıq yatma, xorultu, bəzi hallarda nəfəsin bir neçə saniyəlik dayanması şikayətləri ilə müraciət edir. Araşdırma zamanı bu uşaqların tez-tez virus xəstəliklərinə tutulması, burundan qatı mayenin axması, qulaq ağrıları, eşitmə zəifliyi, uzunmüddətli öskürək kimi şikayətlərinin də olduğu bəlli olur. Uşaqda böyük ölçülü burun və boğaz əti olarsa, əlavə olaraq irinlidirsə, uşağın fiziki, zehni inkişafına əks təsir edir. Uşaq nəfəs ala bilmədikdə yuxu rejimi pozulur və yata bilməyən uşağın boy inkişafı geri qalır, çünki boy hormonları yuxuda ifraz olunur. Yata bilməyən uşaq gün ərzində kefsiz, əsəbi, aqressiv olur. Nəfəs ala bilmədikdə iştah pozulur, yeməkdən imtina edir, ailə güclə uşağı yedirir. Uşaq hər dəfə xəstə olduqca qidalana bilmir və inkişafdan qalır. Uşaq problemli burun və boğaz ətindən qurtularsa, fiziki və zehni inkişafı normala dönür”.

 

Həkim qeyd edib ki, boğaz ətinin xaric edilməsi əməliyyatı qorxulu proses deyil.

 

“Müasir üsul ilə xəstə tamamən yatırılır və heç bir ağrı hiss etmir. Valideynlər də bu əməliyyatdan qorxmamalıdır, çünki kəsik və qan olmur. Bununla da xəstənin normal yaşamına qayıtması tezləşir və əməliyyatdan sonra qanama riski minumuma enir. Eyni zamanda, burun əti böyüməsi olan xəstələrimizdə endoskopik olaraq (kamera ilə) adenoid dediyimiz burun əti yapışdığı yerdən bütünlüklə xaric edilir.

 

Bəzən valideynlər xəstə boğaz ətinin və böyük burun ətinin varlığında belə əməliyyatdan qaçırlar və düşünürlər ki, övladlarının immun sistemində problemlər olacaq. Nəzərə almaq lazımdır ki, burun-boğaz əti uşaqlara daha da ziyan verir”.

Tacxeber.com

Oxşar xəbərlər