• 24 Noyabr 2024 21:40

Elman Nəsirov: “Guya hakimiyyət müxalifətin əsas dayaqlarından birini sıradan çıxarmaq, varlığına son qoymaq istəyir”

 

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev Partiyanın sədri Əli Kərimlini məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsində keçmiş rəhbəri ilə bağlı Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan, 148-ci, yəni təhqir maddələri üzrə cinayət işinin açılmasını tələb edir. Fikir verirsiniz, iddiaçı və cavabdehlər eyni partiyanın üzvləri, eyni partiyada uzun müddət bir yerdə olmuş şəxslərdir. Bu addımın atılması bir daha göstərir ki, zaman keçdikcə AXCP-nin əsl mahiyyətinin, onların kimə xidmət etdiklərinin, hansı dirijor çubuğu altında xaricdən idarə olunduqlarının fərqinə vardıqca insanlar partiyanın sıralarını tərk edirlər. Xüsusilə, AXCP-də yüksək vəzifə tutmuş şəxsin nəinki Partiyanı tərk etməsi, eyni zamanda sədrini məhkəməyə verməsi göstərir ki, AXCP sözün əsl mənasında böhran dövrünə qədəm qoyub. Bu vəziyyətdə AXCP və onun rəhbərliyi, şəxsən Əli Kərimli düşünməli idi ki, niyə AXCP-nin nüfuzu bu qədər aşağıdır? Niyə sosial bazası yoxdur? Etiraf etməli idi ki, niyə seçkilərə getmir? Etiraf etməli idi ki, seçkilərə gedib məğlubiyyət ovqatını yaşamaqdansa, seçkiyə qatılmamaq yolunu seçdik. Amma eyni zamanda düşünməli idilər ki, nələri səhv edirlər. Niyə xalq onların arxasınca getmir? Niyə bu gün faktiki yalquzaq həyatı yaşayırlar? Bunun qarşılığında AXCP və onun rəhbərliyi indi də növbəti iddialarla çıxış edirlər ki, guya hakimiyyət müxalifətin əsas dayaqlarından birini sıradan çıxarmaq, müxalifətin varlığına son qoymaq istəyir. Bunların hamısı utopik yanaşmalar, əsassız iddialardır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Keçmiş partiya üzvünün dediyi kimi, bunlar böhtan və təhqir mahiyyətli davranışlardır. Reallıq isə bundan ibarətdir ki, Azərbaycan xalqı çox gözəl fərqindədir, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin tarixi uğurlarına imza atılıb, tarixi zəfər əldə edilib. Bu gün növbəti tarixi addımlar atılır. Qarabağın, Şərqi Zəngəzurun bərpası prosesi çox sürətlə həyata keçirilir. AXCP və onun rəhbərliyi bilsin ki, tarixi zəfərə imza atmış Azərbaycan dövləti, iqtidarı güclüdür və güclü iqtidar əslində güclü müxalifətin olmasında da maraqlıdır. YAP və onun rəhbərliyi çox istərdi ki, ölkəmizdə güclü, konstruktiv müxalifət olsun, siyasi dialoqa getsin, siyasi proseslərdə fəal, seçkilərdə yaxından iştirak etsin, öz siyasi iradəsini ortaya qoysun. Ancaq bunun əksi olaraq görürük ki, AXCP faktiki özü özünü təkziblə məşğuldur, özü özünü inkar edir. Bütün siyasi proseslərdən kənarda qalmaq yolunu seçib. Belə olan vəziyyətdə yeganə çıxış yolları budur ki, ancaq iqtidarı ittiham etsinlər. İqtidarı ittiham etmək onların məhək daşına çevrilib. Bu yolu seçməklə AXCP necə ki 30 ilə qədər heç nəyə nail ola bilməyib, özü özünü küncə sıxıb, xalqın gözündən düşüb… Xalqın gözü tərəzidir. O, kimin kim olduğunu və hara xidmət etdiyini gözəl bilir. Xalqımız yaxşı bilir ki, AXCP xaricdəki anti-Azərbaycan dairələrin əlində alətdir. Milli Şura, əslində isə anti-milli şura ilə birlikdə Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə fəaliyyət göstərir, “böyük məharətlə” “5-ci kolon” funksiyasını yerinə yetirir. Belə bir partiyaya xalqın etimadı haradan ola bilər? Bir daha qeyd edirəm, güclü Azərbaycan iqtidarı güclü müxalifətin olmasına maraqlıdır. Amma nə edək ki, Azərbaycan müxalifəti güclü olmaq iddiasını ortaya qoya bilmir, şər-böhtan yolunu seçib. Radikal kəsim, AXCP başda olmaqla xarici anti-Azərbaycan dairələrin əlində maşa rolunu oynayır. Belə bir partiyanın gələcəyi ola bilməz”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər