• 22 Noyabr 2024 00:19

Peycer partlayışları xatırlatdı:

Mühəndis ləqəbli Yəhya Ayyaş. O, 1990-cı illərin ortalarında HƏMAS-ın hərbi qanadı sayılan “İzəddin əl-Qəssam briqadaları”nın liderlərindən biri idi.

 

Yəhya Əbdüllətif Ayyaş 1966-cı ildə İordan çayının qərb sahilində yerləşən Rafat kəndində anadan olub. Uşaqlıqdan radiotexnikaya maraq göstərib, tezliklə xarab telivizor və radioqəbulediciləri təmir etməyi öyrənib. O, Birzeyt universitetində təhsil alaraq elektrotexnika üzrə bakalavr diplomu alıb.

 

Dindar ailədə böyüyən və uşaqlıqdan Quranı əzbər bilən Yəhya 1990-cı illərin əvvəllərindən HƏMAS-a qoşulur. Onun bu addımı ilə təşkilatda texniki hazırlığı yüksəldir. O zaman partlayıcı maddələr tapmağın asan olmadığı regionda Ayyaş müxtəlif məişət əşyalarından, aptekdə satılan maddələrdən partlayıcı düzəldir.

 

Ayyaşın hazırladığı bomba ilə ilk kamikadze hücumu 1993-cü il aprelin 16-da baş verir. Bundan sonra bir neçə “avtobus partlayışları” törədilir. Ayyaş öz texnikasını da təkmilləşdirir. Partlayıcı maddələrin içinə mismar, şuruplar doldurur. İlk avtobus partlayışında, 1994-cü il oktyabrın 29-da Tel-Əvivdəki 5 saylı avtobusun partladılması nəticəsində 22 sərnişin həlak olur. Ümumiyyətlə, Ayyaşın planladığı terror aktları nəticəsində çoxu dinc sakin olmaqla 90 nəfərdən artıq adam həlak olur.

 

Xatırladım ki, 1993-cü i sentyabrın 16-da Vaşinqtonda İsrail və Fələstin Azadlıq Təşkilatı arasında “Oslo razılaşmaları” deyilən sənəd imzalanmışdı. Nəticədə regiona sülh gələcəyinə ümid yaranmışdı. Amma HƏMAS-ın bu hücumları sülhə olan ümidləri öldürürdü. Onsyz da iki yerə bölünmüş İsrail cəmiyyətində sülh tərəfdarları get-gedə azalırdı. Baş nazir İshaq Rabinin 1995-ci ilin noyabrında öldürülməsindən sonra sülh artıq qeyri-real görünürdü.

 

İki ay sonra isə Yəhya Ayyaş öldürüldü.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (Şit Ben) Yəhya Ayyaşın tez-tez Qəzzada, dostu Üsəma Hamadın evində gecələdiyini öyrəndi. Üsəmanın əmisi Kamil Hamad isə israillilərin informatoru idi. Ayyaşın Üsəmanın telefonundan istifadə etdiyini öyrənən Şin Bet Kamilə bir telefon verib qardaşı oğluna ötürməsini istədi. Onlar dedilər ki, telefon dinlənilir. Daha demədilər ki, içində 15 qram partlayıcı maddə – geksogen var.

 

1996-cı il yanvarın 5-də Yəhya Ayyaş həmin telefondan istifadə edərkən Şin Bet partlayıcı maddəni uzaqdan işə saldı və Ayyaş öldü.

Kamil Hamad isə yoxa çıxdı. Ehtimal olunur ki, o, İsraildən 1 milyon dollar, yeni adla pasport, ABŞ-dan da yaşamaq icazəsi alaraq bu ölkəyə köçüb.

 

Mənbə: “Tarixçi” teleqram kanalı-Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər