Londonda klinika açan İLK AZƏRBAYCANLI stomatoloq: “Bəzən dişi min funt-sterlinqə çəkirik” – VİDEO
Soydaşımız Çingiz Qədimli bu ilin yanvar ayında Londonda öz klinikasını açıb.
AZƏRTAC-ın müxbiri həmyerlimizlə onun Böyük Britaniyadakı həyatı və fəaliyyəti barədə danışıb.
-Neçə ildir Londonda yaşayırsınız?
-Londona 2021-ci ilin aprel ayında ailəmlə birlikdə köçmüşəm. Artıq 4 ilə yaxındır ki, buradayıq. İlk iki ildə klinika açmaq üçün çalışdım. Burada klinika açmaq üçün müəyyən mərhələlərdən keçmək, sertifikatlar, icazələr almaq lazımdır. Bütün bu proses bir xeyli çəkdi. Bu ilin yanvarından artıq klinikamız fəaliyyətdədir. İki türk ortağım var, buranı birgə açmışıq. İstədik ki, öz iş yerimiz olsun, ona görə belə bir qərara gəldik.
-Londonda özəl klinika açmaq hansı dərəcədə çətin proses idi?
-Mən bundan əvvəl Türkiyədə iki dəfə klinika açmışam, ona görə ümumiyyətlə klinika açmaq haqqında məlumatlıydım. Hazırda Antalyadakı klinikam hələ də fəaliyyət göstərir, fürsət olanda gedib-gəlirəm. Klinika açmaq üçün ən çox lazım olan şey zamandır. Müəyyən sertifikatlar, sənədlər üçün müraciət edəndə bunları əldə etmək vaxt aparır, ona görə iş uzanır. Londonda öz klinikamızı açmaq və hər şeyi tamamlamaq iki ildən çox vaxt apardı. İşdən başqa çətinliklərimiz isə uşaqların məktəb işlərini həll etmək, qalmağa yaxşı yer tapmaq idi. Bunlar ailəli olan hər kəsin ən vacib işləridir. İlk aylarımız çətin keçsə də, müəyyən müddətdən sonra bütün bunları yoluna qoyduq.
-Klinikanıza müraciət edənlər arasında azərbaycanlı pasiyentlər də varmı?
-Azərbaycanlı xəstələr də çox olur. Onların bir qrupu uzun illər burada yaşayan və Azərbaycana tez-tez gedə bilməyən soydaşlarımızdır. Bir qrup isə turist olaraq gəlib, burada diş problemi yaşayanlardır. Tələbələr də bizi tapırlar, yanımıza gəlirlər. Çalışıram ki, öz həmyerlilərimizə dəstək olum. İnsanlar da bizi bir-birlərinə, dostlarına tövsiyə edirlər. Bizi belə tapırlar.
-Londonda bahalı sahələrdən biri stomatologiya xidmətidir. Bəzən elə olur ki, britaniyalıların özləri xaricə üz tuturlar…