• 24 Noyabr 2024 15:23

“Melhame-i Kübra” və Qazi Mustafa Kamal paşa

1921-də general Anastasios Papulas komandanlığındakı Yunanıstan ordusuna Ankaraya doğru hərəkət əmri verilir. Yunanlar türkləri məğlub edib Türkiyə Böyük Millət Məclisinə (TBMM) Sevr anlaşmasını qəbul etdirməyə tələsirdilər. General Papulasın xəyalından “Ankara Fatihi” olmaq keçirdi. Ancaq TBMM Başqanı və Baş Komandan Mustafa Kamal Paşanın Türk Ordusu 13 sentyabrda Sakarya Meydan Müharibəsində yunan ordusunu əzərək Kurtuluş Savaşının taleyini həll edir. Mustafa Kamal Paşanın “Melhame-i Kübra” (Qanlı Savaş) adlandırdığı bu müharibə Türkiyə tarixində də dönüş nöqtəsi olur.

 

Sentyabrın 14-nü 15-nə bağlayan gecə Baş Qərargah rəisi Fevzi Paşa Çakmak və Qərb Cəbhəsi komandanı İsmet Paşa İnönü millət vəkilləri kimi TBMM-yə teleqraf çəkirlər. Teleqrafda Sakarya Zəfərindən dolayı Mustafa Kamal Atatürkə “Marşal” rütbəsi və “Qazi” ünvanı verilməsi təklif edilirdi.

 

TBMM 19 sentyabr günü iki millətvəkilinin təklifini səsverməyə qoyaraq qəbul edir. Atatürk məclisdəki təşəkkür çıxışında belə deyir:

“Mükafatlandırmanızın həqiqi ünvanı yenə də Ordumuzdur!”

 

Ağır məğlubiyyət sonrası Papulas Baş Komandanlığından, Baş Qərargah isə vəzifələrindən istefa etdilər. Qazi Mustafa Kamalın bu sözləri isə Kurtuluş Müharibəsi tarixinə böyük hərflərlə yazıldı:

“Xətti Müdafiə yoxtur, torpağın səthini (torpağı) müdafiə vardır. Bu da bütün Vətəndir. Vətənin hər qarış torpağı vətəndaş qanıyla sulanmadıqça Vətən tərk oluna bilməz”…

 

Atatürk Marşal rütbəsinə layiq görüləndə onun heç bir hərbi rütbəsi yox idi. Osmanlı dövləti verdiyi bütün rütbə və təltifləri onun əlindən almışdı. Türk xalqı Atasına layiq olduğu hər şeyi geri verdi, fəqət ona olan borcunu ödəyə bilmədi. Və heç vaxt da ödəyə bilməyəcək…

 

O vaxtdan 19 sentyabr “Qazilər Günü” olaraq qeyd edilir.

 

İbrahim Nəbioğlu

Tacxeber.com

Oxşar xəbərlər