• 22 Noyabr 2024 00:28

20 sentyabr 1918-ci il – 26 Bakı komissarları adını alacaq dəstə indiki Türkmənistan ərazisində güllələnir

Tablo İsaak Brodskinindir

1918-ci il iyunun sonlarında Göyçay, iyulun ikinci yarısında Şamaxı döyüşlərində məğlubiyyətdən sonra Bakı sovetinin hərbi vəziyyəti ağırlaşdı. Sovetdə təmsil olunan eserlər, daşnaklar, menşeviklər İrandakı ingilsilərdən yardım istəmək təklifini irəli sürdülər. Bolşeviklər bunun əleyhinə idilər və ümid edirdilər ki, Leninin rəhbərlik etdiyi Rusiya hökuməti almanlarla anlaşacaq, almanlar da hələ davam eən Birinci dünya müharibəsində müttəfiqləri olan türklərə təzyiq edəcəklər ki, Bakını almaqdan vaz keçsinlər. 

 

Sovetin iyulun 25-də keçirilən toplantısında 259 səs lehinə, 236 səs əleyhinə olmaqla ingilisləri dəvət etmək qərara alındı. İyulun 31-də Şaumyanın rəhbərlik etdiyi Bakı xalq komissarları soveti istefa verdi, ertəsi gün Sentrokaspi diktaturası yaradıldı. Bir neçə gündən sonra ingilis qüvvələri gəlməyə başladı.

 

Avqustun 16-da komissarlar kiçik silahlı dəstə ilə birlikdə gəmiyə oturaraq Həştərxana üzməyə cəhd etdilər. Amma Sentrokaspi hökumətinin gəmiləri onlara çataraq Bakıya dönməyə məcbur etdi. Komissarlar “xərclənən pulların hesabatını vermədən qaçış, hərbi ləvazimatın aparılması və fərarilik cəhdi” ittihamı ilə həbs edildilər.

 

Amma istintaq başa çatmadı. Azadlıqda olan Anastas Mikoyan sentyabrın 14-də, Qafqaz İslam Ordusu Bakıya daxil olmaq ərəfəsində həbsdəkilərin azadlığa buraxılmasına nail ola bildi. Onlar – azadlıqda olan bəziləri, o cümlədən, Mikoyanla birlikdə – Bakı limanından yola düşən axırıncı gəmiyə, “Türkmən” gəmisinə oturaraq Həştərxana yola düşdülər. Amma gəmi nədənsə Krasnovodska üzdü. Sovet vaxtı bunu birmənalı olaraq bolşeviklərə xəyanət kimi təqdim edirdilər. Sonra isə yanacaq çatışmazlığı versiyası da irəli sürüldü.

 

Krasnovodsk eserlərin rəhbərlik etdiyi Zakaspiysk müvəqqəti hökumətinin nəzarətində idi. Hökumətə paravoz maşinisti Fyodr Funtikov rəhbərlik edirdi. Onun 9 Aşqabad komissarını güllələmək təcrübəsi vardı. Bakı komissarlarının da Krasnovodska gəldiyini eşidəndə onları həbs etməyi qərara aldı.

 

Əvvəlcə onları müəyyənləşdirmək lazım idi. Bayıl həbsxanasında onlara yemək paylanılmasına Korqanov rəhbərlik edirdi. Onun cibindən 25 nəfərin siyahısı çıxdı və adları olanlar həbs edildi, Korqanovla birlikdə. Halbuki onlar arasında Şaumyan, Caparidze, Zevin, Vəzirov, Fioletov, Avakyan, Əzizbəyov, Poluxin və s. önəmli fiqurlar olsa da, Bakı sovetinin kiçik işçiləri də vardı. Heç də hamısı komissar və komissar müavini deyildilər.

 

Daha önəmli, amma həbs edilməmiş adamların isə adı siyahıda yox idi, o cümlədən, Mikoyanın. Eləsi də vardı ki, həbs olunmuşdu, amma xəstəxanaya köçürüldüyündən orada yemək yeyirdi, adı Korqanovun siyahısında yox idi.

 

26 nəfərə Bakını Osmanlı və Azərbaycan qüvvələrinə təslim etmək ittihamı irəli sürüldü. Onlar Aşqabad istiqamətinə gedən qatara mindirildilər. Pereval və Axça-Kuyma stansiyaları arasında düşürüldülər və güllələndilər. İki il sonra cəsədləri Bakıya gətirildi və onların adını daşıyacaq bağda basdırıldı.

P. S. “Şaumyan və Hindistan” söhbətinə inanmıram.

Mənbə: “Tarixçi” teleqram kanalı

Tacxeber.com

Oxşar xəbərlər