• 20 Sentyabr 2024 19:37

“Qarabağdakı evi atıb Bakıya gəlmək doğru deyil” – Keçmiş deputat

 

Keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək Bakıya qayıtdıqları iddia edilir. Onların həmin evlərə yaşayış yeri kimi deyil, yeni gəlir mənbəyi kimi baxmasına etiraz olunur. Hədəfə alınan şəxslər Laçın rayonu Sus kəndinin sakinləridir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi artıq bu məsələyə münasibət bildirib. Yenisabah.az-a danışan Milli Məclisin sabiq deputatı Aqil Məmmədov da mövzuya dair fikirlərini bölüşüb.

 

O bildirib ki, keçmiş məcburi köçkünlərin əksəriyyəti müvəqqəti olaraq paytaxta gəliblər və onlar yenidən Qarabağa qayıdacaqlar:

 

“Böyük qayıdış hələ tam başa çatmayıb. Hələ ki, əhalinin çox cüzi hissəsi öz ata-baba yurdlarında yaşamağa başlayıb.

 

Bu gün yayılan xəbərlərdə isə iddia olunur ki, keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıdır və onlara verilən evlər əllərindən alına bilər.

 

İddialar real görünmür. Bəli, keçmiş məcburi köçkünlərin bəziləri Qarabağdakı evlərini qoyub Bakıya gəlmiş ola bilər, amma bu böyük ehtimalla, müvəqqəti xarakter daşıyır. Buna görə insanlara güzəştə gedilməlidir. Ola bilər ki, insanlar işləri ilə və ya digər ciddi məsələlərlə əlaqədar olaraq bir müddət Bakıya gəlmiş olsunlar.

 

Amma Qarabağdakı evi kirayə verib biryolluq Bakıda yaşamaq, əlbəttə, yolverilməzdir. Ata-baba yurduna əlavə gəlir yeri kimi baxmaq olmaz! Biz Qarabağa qayıdırıqsa, orada yaşamaq lazımdır, əhali çoxalmalıdır, yaşayıb-yaratmalıyıq”.

 

A.Məmmədov əlavə edib: “Dövlət ora köçən ailələr üçün bütün şəraiti yaradır, işsizlik məsələsi həll olunur ki, köçən insanlar çətinlik çəkməsinlər. Dövlət Məşğulluğu Agentliyi Qarabağa köçən vətəndaşlarımızın məşğulluğu üçün bütün variantlardan istifadə edir: əmək yarmarkaları təşkil olunur, peşə öyrənilməsi üçün lazımi dəstək verilir, eyni zamanda, yeni iş yerlərinin yaradılması üçün dövlət proqramları həyata keçirilir.

 

Əgər insanlar arasında səhlənkarlıq varsa, “Qoy Qarabağda yer tutum, həm Bakıda, həm Qarabağda evim olsun” deyə düşünülürsə, bu, qəbulolunmazdır. Dövlət Qarabağda evlər tikir ki, orada yaşayaq. Mən evlərin kirayə verilib Bakıya birdəfəlik yaşamaq istəyənləri anlamıram. Qayıdış ilkin mərhələsində bu cür addım atmaq heç xoşagələn deyil. Belə edənlərin sayının çox olduğuna da inanmıram, ola bilər ki, bir neçə nəfər üzrlü səbəbdən Bakıya geri dönüb. Hər kəs dədə-baba yurduna qayıtmaq, orada yaşamaq üçün can atır. Bunun əksi qəbulolunan deyil.

 

Elə dünən cənab Prezident Qarabağa getdi, təməlqoyma mərasimlərində, açılışlarda iştirak etdi, son vəziyyətlə şəxsən maraqlandı. Dövlət səviyyəsində bu cür böyük işlər görülürsə, ona dəyər, qiymət vermək daha yaxşı olar. Əgər dövlət vətəndaşına bu qədər qayğı göstərirsə, bu qayğıya biganə yanaşmaq olmaz. Hazırda bu cür addım atıb Bakıya geri gəlmək, nə olursa-olsun, düzgün deyil”.

Tacxeber.com

Oxşar xəbərlər