• 24 Noyabr 2024 23:57

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? – AÇIQLAMA

 

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil edilir, qarşılıqlı təhdidlər yağdırılır. Məsələn, son günlər ifaçılar Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında bu cür hadisənin şahidi oluruq. Onlar arasında bir mahnı ilə bağlı qalmaqal yaranıb və təəssüf ki, belə hadisələr xalqın, kütlənin qarşısında baş verir. 

 

Sənət adamlarının sosial mediada bu cür davranışı necə qiymətləndirilməlidir?

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycanda ictimai müzakirələrin etikadan kənar olması təəssüf doğurur:

 

“Bu cür mübahisələr bir çox sənətçilər və ya ekstrasenslərin qalmaqal etməsi ətrafında baş verir. Bu yaxınlarda qeyd edilən iki müğənninin davası, eyni zamanda Elza Seyidcahanın şeiri ilə bağlı ictimai müzakirələr bir daha Azərbaycan cəmiyyətinin intellektual səviyyəsini şübhə altına alır. Ümumiyyətlə, bizdə, o cümlədən dünyada o qədər problemin olduğu vaxtda iki ifaçının öz “hacıları”nı bölüşə bilməməsi, bir-birini şantaj, təhqir etməsi ictimai-sosial müzakirəyə səbəb olursa, bu, artıq cəmiyyətin problemidir. Digər tərəfdən, nəinki müğənnilər, hətta yazıçılar, şairlər, aktyorlar, televiziya aparıcıları belə öz “hacı”ları, maşınları, evləri, kirayə götürdükləri bağları ilə fərx etməkdədirlər. Bununla sanki Azərbaycan cəmiyyətinin digər təbəqələrinə – zəhmətkeşlərə, fəhlələlərə, kəndlilərə, iş adamlarına, hərbçilərə və.s sadəcə “acıq verirlər”. Bütün bunlar etikadan kənar məsələlərdir və bunun ətrafında müzakirələrə çoxdan başlamışıq. Əslində 10 ilə yaxındır ki, Azərbaycanda “Əxlaq Müfəttişliyi”nin yaradılması və bu cür hadisələr zamanı o dəqiqə reaksiya verib belə insanların cəzalandırılması, inzibati, lazım gələrsə, cinayət məsuliyyəti və ya pulla cərimələmək, eyni zamanda ictimai qınağın, nəzarətin gücləndirilməsi, belə insanların – fərqi yoxdur, Xalq artistidir, ya sadə toy müğənnisi – onların efirlərə, rəsmi tədbirlərə buraxılmaması istiqamətində təkliflər irəli sürmüşdüm. Nədənsə bu təklif mənə qarşı yönəldildi və ictimai basqılar oldu”.

 

Kulturoloq bildirdi ki, bir çox insanların, xüsusilə müğənnilərin üzdə olması onların qalmaqalını da ictimailəşdirir:

 

“Fikir vermisinizsə, müğənnilər daha çox bir-birilərinin ev, maşın, bağ davasını qabardırlar və bununla bağlı şantaj edirlər. Sənət sahəsi və ya kreativ biznesdə rəqabətlilik yox, məhz kiminsə sevgilisinin olduğu ilə əlaqəli məsələlər qaldırırlar. Yaxşı, bu insanların əldə etdiyi maşınlar, evlər – bunlar heç dövlət qurumlarını maraqlandırıbmı? İndiki zamanda insanlar heç bir-birilərinə bir qəpik belə bağışlamırlar, bəs onlar hansı görkəmli sənətinə, yaradıcılığına, hansı qeyri-adi yeniliklərinə görə milyonlar qazanıb nümayiş edirirlər? Müvafiq qurumlar bunlarla maraqlanırmı ki, bahalı maşınları haradan gətiriblər? Ümumiyyətlə, onlar illik gəlirləri ilə bağlı maliyyə hesabatlarını verirlərmi? Və ya onlar kimə, nəyə güvənirlər ki, bu qədər qalmaqal edirlər? Əgər hər hansı bir məmurun bu işdə əli varsa, o da istefa verməli və ya işdən çıxarılmalıdır ki, digərlərinə ibrət olsun. Dövlət qulluqçusu nə qədər qazanır ki, özünü ərəb şeyxi kimi aparır, müğənni “saxlayır”, onun üçün kliplər çəkir, maşınlar, villalar alır və.s. Bunu araşdırmaq lazımdır”.

 

Məsələnin hüquqi tərəflərini də araşdırdıq.

 

Maraqlıdır, tərəflərdən biri şikayət etdiyi təqdirdə, açıq formada şantaj edən şəxsi qanunvericiliklə hansı cəzalar gözləyir? Sənət adamlarının sosial mediada qeyri-etik çıxışları ilə bağlı qanuni olaraq da tədbirlər görülməlidirmi?

 

Bununla əlaqəli saytımıza açıqlama verən vəkil Turan Abdullazadə isə bildirdi ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Lingens Avstriyaya qarşı Avropa Məhkəməsinin qərarında qeyd olunub ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə, ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir.  Yəni məşhur şəxslər tənqidə və şiddətli mənfi rəylərə qarşı sadə vətəndaşlardan daha dözümlü olmalıdırlar”.

 

Vəkilin sözlərinə görə, bundan başqa Avropa Məhkəməsinin digər analoji qərarında təhqir və böhtanla bağlı qeyd olunub ki,  “şəxsin nüfuzunu itirməsi onun öz hərəkətlərinin öncədən görülə bilən nəticəsidirsə, o, nüfuzunu itirməkdən şikayət edərkən 8-ci maddəyə istinad edə bilməz:

 

“Yəni şəxs cəmiyyətdəki hərəkətləri ilə bariz şəkildə təhqir olunmağa rəvac verirsə, onun təhqirdən müdafiə olunmaq hüququnu qanun məhdudlaşdırır.  Məsələn, imkanlı bir şəxsin övladı avtoşluq edən yerdə videosunu sosial şəbəkəyə yerləşdirirsə və hansısa vətəndaş şərh bölməsində “Varlının qudurmuş harın balası” yazırsa, burada cinayət məsuliyyəti yaranmır.  Bundan əlavə, bir çox hallarda qarşılıqlı atışma şəklində təhqirlər də məsuliyyət yaratmır. Çünki hər ikisi bir-birini təhqir etmiş olduğundan hər hansına haqq qazandırmaq mümkün deyil. Qarşılıqlı təhqir o zaman məsuliyyətə səbəb olur ki,  təhqirlərin biri o birindən əhəmiyyətli dərəcədə ağırdır”.

Tacxeber.com

Oxşar xəbərlər