• 23 Noyabr 2024 11:36

“Putin çox şeyləri oğurlayıb, amma dünyanın gələcəyini oğurlaya bilməyəcək” – Zelenski

“Mən dünya ölkələri liderlərini bizim ədalətli və dinc gələcək naminə birgə səylərimizə dəstək verməyə çağırıram…”

 

Ukrayna prezidenti “Gələcəyin sammiti”ndə çıxış edib.

 

Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyası sessiyasının iştirakçıları qarşısında çıxış edib, habelə Baş Assambleyanın kuluarlarında bir sıra dünya liderləri ilə görüşüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “golosameriki.org” nəşri məlumat yayıb.

 

Öz çıxışında Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərinə “ədalətli və dinc gələcək naminə” Ukraynaya dəstək göstərməyə çağırış edib.

 

“Putin artıq çox şeyləri oğurlayıb, lakin o, dünyanın gələcəyini heç vaxt oğurlaya bilməyəcək. Mən buna əminəm”, – Zelenski deyib.

 

“Ukrayna bütün ölkələrin birliyinin, onların təhlükəsizliyinin qorunub saxlanılması və BMT Nizamnaməsinə ciddi riayət edilməsi üzrə səyləri dəstəkləyir. Siz hamınız kimin təkcə bunlara qarşı çıxdığını deyil, həm də qlobal birliyin sarsıdılması üçün fəal işlədiyini görə bilərsiniz.

 

Bu dəfə, Gələcəyin Müqaviləsi üzərində iş prosesində, Rusiya başda olmaqla elə həmin kiçik qrup yenidən özünün destruktivliyini göstərir, daima BMT Nizamnaməsinin səmərəliliyini gücləndirən istənilən qlobal təşəbbüslərə qarşı çıxır. Bu qrup BMT hamının rifahı naminə nəsə etməyə cəhd göstərəndə həmişə belə davranıb və bütün bunları siz görürsünüz”, – Zelenski bəyan edib.

 

“Dünyaya dinc gələcək və dayanıqlı inkişaf gərəkdir. Mən bunu Ukraynanın, Rusiyanın qəddar müstəmləkəçilik təcavüzünə müqavimət göstərən ölkənin prezidenti kimi deyirəm.

 

Və biz dəqiq bilirik ki, həm burada, BMT-də, həm də Ukrayna üzrə Rusiya və onun əlaltılarının destruktivliyinin qarşısını almağa cəhd etdiyimiz sülh sammitlərində qlobal birliyin köməyilə çox şeylərə nail olmaq olar”, – Ukrayna prezidenti deyib.

 

“Hazırda biz addım-addım, sülh düsturuna uyğun olaraq öz tərəfdaşlarımızla irəliyə gedərək, ikinci sülh sammitinə hazırlaşırıq. Biz tam təhlükəsizlik, energetika təhlükəsizliyi və Rusiyanın terrora görə məsuliyyətə cəlb edilməsi üzərində işləyirik.

 

Biz həmçinin əsirlərin azad edilməsi, ərazi bütövlüyünün bərpası və bir çox başqa məsələlər daxil olmaqla sülh düsturunun bütün digər bəndlərinə baxacağıq.

 

Biz ikinci sülh sammitində təqdim ediləcək sənəd hazırlayırıq. Mən dünya ölkələri liderlərini bizim ədalətli və dinc gələcək naminə birgə səylərimizə dəstək verməyə çağırıram”, – Zelenski əlavə edib.

 

Qeyd edək ki, Zelenskinin ABŞ-a səfəri həmçinin Ukraynanın Rusiya ilə müharibəsi ilə bağlı ABŞ-da yaxınlaşan seçkilər ərəfəsində ABŞ-ın siyasətinə təsir göstərmək istəyi ilə bağlıdır.

 

Ukrayna bu ilin sonunda keçirilməsi planlaşdırılan ikinci beynəlxalq sülh sammitində özünün dinc nizamlanma planını irəliyə aparmağa ümid edir və bəyan edir ki, Rusiya bu sammitə dəvət edilib.

 

İsveçrədə keçirilən birinci sülh sammitinə Rusiya dəvət olunmayıb. Çin və Qlobal Cənub ölkələrinin xeyli hissəsi də bu sammitdə iştirak etməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər