Tibb Universitetində “mini yubka” qalmaqalı – Müəllim cəzalandırılıb?
Tibb Universitetinin müəllimi şəxsi “İnstagram” hesabında tələbələrin geyimi ilə bağlı paylaşım edib. Bildirib ki, qısa ətək, yaxud dekolte geyimdə gələn tələbələri dərsinə buraxmayacaq.
Məlumdur ki, tələbələrin geyimi, saçı, saqqalı kimi məsələlər daim aktual müzakirə mövzusu olaraq qalır. Bəs hansısa ali məktəb müəllimi öz şəxsi düşüncəsi ilə gəldiyi qərara görə tələbələri dərsdən xaric edərək onların təhsildən yayınmasına səbəb olursa, bunun üçün o müəllimə universitet rəhbərliyi tərəfindən cəza verilməlidir? Yoxsa etdiyi bu davranış və qərarında doğruluq payı var?
Bu sahədə çalışan mütəxəssislər də sözügedən məsələyə münasibət bildirib.
“Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Cahid İmanlı universitetin daxili nizamnaməsində nəzərdə tutulduğu halda, tələbələrin hansısa geyim formasına görə dərslərə buraxılmaması halının yaşana biləcəyini və buna bilavasitə ali məktəb rəhbərliyinin qərar verməyə hüququ olduğunu qeyd edib:
“Hansısa müəllimin bunu etməsi anlaşılan deyil və hətta gülüncdür. Məsələyə hüquqi aspektdən yanaşılsa, universitetlərin rəhbərliyinin belə, bu qərarı verməyə əsası yoxdur. Əgər hansısa universitet öz nizamnaməsində geyim qadağası qoyarsa və ya vahid geyim forması tətbiq edərsə, bunu əvvəlcədən ictimaiyyətə elan etməlidir. Bu qərar universitetə qəbul qaydalarına salınmalıdır və tələbə ilə bu haqda “xəbərdarlıq müqaviləsi” bağlanmalıdır. Əks halda, sonradan verilən istənilən qərar hüquqi müstəvidə düzgün qərar sayılmır”.
Təhsil eksperti Məzahir Məmmədli isə sözügedən məsələni Yenisabah.az-a şərh edərkən, müəllimin bu məsələdə haqlı olduğunu vurğulayıb:
“Bir neçə gündür ki, sosial şəbəkələrdə həmin mövzu barədə müzakirələr səngimir. Həmin məsələ təkcə sosial platformada yox, mediada da müzakirə edilir. Təəssüf edirəm ki, bizdə bütün məsələlərin ən çətin variantda olan həllini axtarılır. Hər hansı xırda məsələdə cəzanın olmasını arzulayırıq. Bu o qədər də ürəkaçan mənzərə deyil. Burada hər iki tərəfin haqlı olduğu məqamlar var. Tələbənin haqlı tərəfi odur ki, biliyinə, savadına görə qiymətləndirilməlidir. Müəllim saqqalına, geyiminə görə, tələbəyə irad tuta bilməz. Ancaq hər bir universitetin daxili intizam qaydaları var. Azadlıq verilibsə, o demək deyil ki, hər kəs istədiyi səviyyədə gəlib auditoriyada otura və digər tələbələrin də diqqətini çəkə bilər.