• 24 Sentyabr 2024 14:25

Türkiyə BRICS-ə niyə qoşulur? – TƏHLİL

“Türkiyənin BRICS-ə üzv olmaq istəyi Ərdoğanın Qərbdən narazılığını əks etdirir. Türkiyə prezidenti Rusiya və Çin kimi qeyri-Qərb gücləri ilə əlaqələri gücləndirməyə çalışır”.

 

Bu fikirlər israilli analitik Nevil Tellerin “Yerusəlim Post”da dərc olunan yazısında yer alıb.

 

Analitik qeyd edib ki, sentyabrın 2-də Türkiyənin BRICS-ə üzv olmaq üçün rəsmi ərizə verən ilk və yeganə NATO üzvü olduğu məlum olub:

“Rusiya, Çin, İran və Cənubi Afrikanın rəhbərlik etdiyi BRICS-də Rusiya və Çin prezidentləri Vladimir Putin və Si Cinpin dominantlıq edirlər.

Keçmiş türk diplomatlarından biri Newsweek-ə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istəyi Qərb və Avropa Birliyinin yaratdığı xəyal qırıqlığından irəli gəlib. İstanbulda fəaliyyət göstərən EDAM analitik mərkəzinin rəhbəri Sinan Ülgen deyib: “Bu, Ankaranın Qərbi əvəz etmək strategiyası deyil, ABŞ-ın hegemonluğunun zəiflədiyi bir vaxtda qeyri-Qərb gücləri ilə münasibətləri gücləndirmək strategiyasıdır”.

 

Qurucu ölkələrin – Braziliya, Rusiya, Hindistan və Çinin adlarının baş hərfləri ilə ilkv vaxtlar BRIC adlandırılan BRICS əvvəlcə sürətlə inkişaf edən iqtisadiyyatları üçün investisiya imkanları tapmaqla məşğul idi. BRIC-in ilk sammiti 2006-cı ildə baş tutub və təşkilat tezliklə rəsmi geosiyasi bloka çevrilib.

 

2010-cu ildə Cənubi Afrika BRIC-ə qoşuldu, bundan sonra qrup BRICS adını daşımağa başladı. Bu blok ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın daxil olduğu yeddi aparıcı iqtisadi inkişaf etmiş ölkənin qeyri-rəsmi birliyi olan G7-yə qlobal alternativ kimi qiymətləndirilir. Avropa İttifaqı “siyahıya daxil olmayan üzvdür”.

 

2023-cü ilin avqustunda Yohannesburqda keçirilən BRİKS sammitində altı ölkə təşkilata üzv olmaq üçün dəvət aldı: Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu, BRICS-in qlobal iqtisadi səhnədə G7-nin hökmranlığına meydan oxumaq və inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək istəyini əks etdirir”.

 

İsrailli analitik qeyd edib ki, Argentina BRICS-ə üzv olmaq dəvətini rəsmən rədd edən yeganə ölkədir:

“Səudiyyə Ərəbistanı tərəddüd edir və nə vaxtsa bu dəvəti qəbul edə bilər. Lakin hələlik BRİKS-in fəaliyyətlərində dəvət olunmuş ölkə kimi iştirak edir. Qalan dörd dövlət 2024-cü il yanvarın 1-də təşkilata qoşulub. Dünya ərazisinin təxminən 30%-i, planet əhalisinin isə 45%-i BRİKS-in payına düşür”.

Nevil Teller qeyd edib ki, BRİKS-ə qoşulmaq ən problemli üzv olan Türkiyə ilə NATO arasında münasibətləri poza bilər:

 

“Türkiyə NATO-nun şərq cinahını Sovet təcavüzündən qorumağa kömək edəcəyi ümidi ilə 1952-ci ildə, Soyuq Müharibənin ən qızğın çağında alyansa qəbul edildi. Yarısı Avropa, yarısı Asiyada olan ölkə tez-tez NATO-nun siyasəti ilə razılaşmır. Amma Ərdoğan hakimiyyətə gələndən əvvəl baş nazir, sonra isə prezident kimi ardıcıl şəkildə Qərbin hədəflərinə zidd olan taktiki və xarici siyasət məqsədləri həyata keçirib.

Türkiyənin NATO-dakı yerinin strateji səbəblərdən etibarlı olduğuna əmin olan Ərdoğan inadla öz məqsədlərinə nail oldu. Məsələn, hətta Qərb ölkələri “Əl-Qaidə” və İŞİD kimi terror qruplaşmaları ilə mübarizə aparmaq üçün birləşsə də, Ərdoğan İslamçı “Müsəlman Qardaşları” və onun qolu olan silahlı qruplaşmaları dəstəkləməyə davam etdi. Türkiyə, həmçinin Ərdoğanın terrorçu hesab etdiyi kürd qüvvələrinə verdiyi dəstəyə görə Suriyada ABŞ-a daim meydan oxuyur.

Daha sonra Ərdoğan Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə imzalandığını elan edəndə Amerikanın beşinci nəsil F-35 qırıcılarının alınması ilə bağlı problem yaşandı. Amerikanın sərt etirazlarına və sanksiya təhlükəsinə baxmayaraq, Türkiyə 2018-ci ilin iyulunda S-400-lərin ilk partiyasını Rusiyadan aldı.

 

Bu, ABŞ-la F-35-lə bağlı razılaşmanı qeyri-mümkün etdi. S-400 xüsusi olaraq F-35 kimi qırıcılarla mübarizə üçün nəzərdə tutulub. Əgər Ankara bunların hər ikisini əldə etsə, o zaman Türkiyədə S-400 müqaviləsini müşayiət edən rusiyalı mütəxəssislər Amerika qırıcılarının qabaqcıl texnologiyaları ilə tanış ola biləcəklər.

Buna görə də Ərdoğanın Rusiyadan S-400 raket sistemlərini almaqda israrlı olduğu aydınlaşdıqda, Vaşinqton F-35 müqaviləsini ləğv etdi.

 

Türkiyənin S-400 alması Rusiyanın Yaxın Şərqdə təsirinin artması ilə nəticələndi. NATO hər növbəti əməliyyatı zamanı Türkiyədə rus komplekslərinin olduğunu nəzərə almalı idi. Bu, Qərb alyansına dağıdıcı təsir göstərdi və Putin tərəfindən çox bəyənildi.  (Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər