• 22 Noyabr 2024 10:56

Eyni şirkət həm Tibb Mərkəzinin tullantılarını daşıyacaq, həm də Milli Məclisə xalça satacaq

Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 

Açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Pearl Servıs” MMC (VÖEN- 4402338261) olub.

 

Milli Məclis ümumi sahəsi 340 kv. metr olan qırmızı və yaşıl rəngdə xalçalar (yolluq) satın alacaq və qarşılığında “Pearl Servıs” MMC-yə 40 min 30 manat 32 qəpik ödəyəcək.

 

Onu da bildirək ki, “Pearl Servıs” MMC eyni gündə Sabunçu Tibb Mərkəzinin keçirdiyi tenderin də qalibi olub. Şirkət Sabunçu Tibb Mərkəzinin sifarişi əsasında çirkab suların və tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsini həyata keçirəcək və qarşılığında 70 min 292 manat 60 qəpik alacaq.

 

Qeyd edək ki, cəmi 2 manat nizamnamə kapitalı olan “Pearl Servıs” MMC daha əvvəl də Hərbi Prokurorluğun həyətində abadlıq işləri görüb. Bundan başqa Lerik Rayon Yaşıllaşdırma İdarəsinə güllər satıb.

 

Açıq mənbələrdə barəsində heç bir məlumat olmayan “Pearl Servıs” MMC-nin hüquqi ünvanı Qəbələ rayonun Kiçik Pirəli kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Yusibova Lütviyyə Şöyüb qızıdır.

 

Lütviyyə Yusibova nizamnamə kapitalı 2 manat olan başqa bir şirkətin – “Pearl Light Supplier” MMC-nin də (VÖEN – 2007727161) qanuni təmsilçisidir. Bu şirkətin hüquqi ünvanı Bakı şəhərində yerləşir. Şirkət ötən il dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Hazırda şirkət aktiv fəaliyyət göstərməsə də, dövlət büdcəsinə 14 min 808 manat 24 qəpik vergi borcu var.

 

Dövlət qurumlarının çoxsaylı tenderlərində qalib olan başqa bir şirkətin adı isə “Nur Supplıer” MMC (VÖEN – 4402297561) adlanır. “Pearl Light Supplier” ilə ad bənzərliyi olan bu şirkət “Pearl Servıs” MMC ilə eyni hüquqi ünvanda – Qəbələ rayonun Kiçik Pirəli kəndində qeydiyyatdadır. Digər şirkətlər kimi bu şirkətin də 2 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi isə Yusibova Rəhimə Rəhman qızıdır.

 

Xatırladaq ki, bu şirkətlərin tender müsabiqələrindəki şübhəli iştirakı barədə daha əvvəl də məlumat vermişik. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər