• 23 Noyabr 2024 02:56

“Bizi təhqir etməkdən yorulmurlar” – Şəhid xanımından səs-küylü açıqlama

Xocalıya Qayıdan 44 Ailə: Həyat Yenidən Başlayır

 

Məcburi köçkünlərin işğaldan azad olunan bölgələrə köçü davam edir. İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.

Onlar ata-baba yurdlarına birdəfəlik qayıdaraq, artıq fəaliyyətlərini orada davam etdirirlər.

 

Qanlı-qadalı fevral gecəsində evini, ocağını tərk etməyə məcbur qalmış Xocalı sakini, həyat yoldaşı Vasif Məmmədov, o cümlədən, bir çox yaxın qohumları Xocalıda şəhid olmuş Ceyran Əzizova da 32 il sonra doğma evinə qayıdanlar arasındadır.

 

Tacxeber.com xəbər verir ki, yenisabah.az-a danışan C.Əzizova uzun illərdən sonra doğma yurduna qayıtması ilə bağlı təəssüratlarını bölüşüb:

 

“Burada günlərimiz çox gözəl keçir. Darıxmaq isə gündəmimizdə deyil, niyə darıxmalıyıq? Biz öz elimizə, yurdumuza geri gəlmişik. 32 il biz yurdumuzun həsrətini çəkdik, burada da adam darıxarmı?

 

Hələlik 44 ailə Xocalıya köçüb, çox deyilik, lakin hər şey qaydasındadır, normal həyatımız davam edir. Bakıda necə yaşayırdıqsa, burada da o cür yaşayırıq. Neçə müddətdir burada olsaq da, hələ də yurdumuzdan doymamışıq.

 

Köçən ailələr də işlə təmin olunur, yavaş-yavaş hər şey qaydasına düşür. Hər işin bağlancı həmişə çətin olur, bu normaldır. Həyat davam edir, hər şey qaydasına düşür, insanlar işləyirlər. Hər şey birdən-birə olmur, Moskva da birdən-birə qurulmayıb. Yurdumuzun gözəlləşməsi üçün hərə öz çapında əlindən nə gəlirsə, etməlidir. Biz də öhdəmizə nə düşürsə, onu etməyə çalışırıq”.

 

O, işğaldan azad edilən torpaqlara köçürülən sakinlərə dövlət tərəfindən bağışlanan evlərin kirayə verilməsi məsələsinə də münasibət bildirib:

 

“Bu söz-söhbətləri mən də eşitmişəm, amma bu, Xocalı sakinlərinə aid deyil. Burada heç kim evini kirayə vermir və vermək fikri də yoxdur. Bu cür söhbətləri ortasya atmaq düzgün deyil! Bu məsələ müzakirə olunan vaxt bir fikir səsləndirildi, dedilər ki, biz gecələr qan ağlayırıq, onların anaları medal taxıb ortada gəzir. Bu, nə sözdür? Biz şəhid analarının, atalarının qarşısında baş əyirik.

 

Adını çəkmək istəmədiyim Qeyri Hökumət Təşkilatının sədri də bir müddət əvvəl lazımsız ifadə işlətdi. Götürüb mənə yazmışdı ki, qarabağlılar sağlıq deməkdə birincidirlər. Mən bu fikri qəbul etmirəm. Qarabağlılar sözün düznü deməkdə birincidirlər, sağlıq deməkdə yox.

 

Mən səsləndirilən fikirləri qəbul etmirəm, bizim üstümüzə çox gəlirlər. İllərdir insanlar məcburi köçkünləri təhqir etməkdən yorulmurlar! Haradasa nə isə görürsünüzsə, bu, bütün məcburi köçkünlərə şamil olunmamalıdır. Bu, həyatdır, hamıə yaşayır və yaşanan yerdə də nöqsanların olması qaçılmazdır.

 

Mən üzümü bütün Azərbaycan xalqına tuturam, camaat, müharibəni qarabağlılar etməyib. Qarabağlılar Azərbaycan torpaqları parçalanmasın deyə gəncliyimizdən, var-dövlətimizdən, uşaqlığımızdan keçmişik. Zibillikdə yaşamağa belə razı olmuşuq. İnsanlar bunu nəzərə alsınlar və bizi təhqir etməsinlər!”

Tacxeber.com

Oxşar xəbərlər