Qusar xəstəxanasının baş direktoru CƏRİMƏLƏNDİ – SƏBƏB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyevi 1800 manat məbləğində cərimə edib.
Bu barədə məlumatı Bizim.Media-nın yerli bürosuna araşdırmaçı jurnalist Müqəddəs Mehdiyev verib.
Bildirilib ki, direktorun cərimələnməsinə səbəb baş direktorun xəstəxananın anbar bölməsinin müdiri Flora Mirzəağayevanı qanunsuz olaraq işdən çıxarması olub.
Belə ki, Qusar xəstəxanasının baş direktoru Kamil Hacıyev 2024-cü il iyul ayının 22-də anbar bölməsinin müdiri Flora Mirzəağayevanı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2b bəndinə əsasən – əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edib.
Bundan narazı qalan Flora Mirzəağayeva Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz regional şöbəsinə müraciət edib. Regional şöbənin araşdırması zamanı məlum olub ki, zərərçəkən Mirzəağayeva həqiqətən qeyri-qanuni işdən çıxarılıb, belə ki, xanım işçi 2013-cü il sentyabr ayının 1-də xəstəxana ilə müddətsiz müqavilə bağlayıb.