• 24 Noyabr 2024 01:05

Sürücülərin qorxulu yuxusuna çevrilən SKUTERLƏR – Onlara niyə nəzarət olunmur?

Bakının mərkəz küçələrində velosiped yolları salınandan bəri müxtəlif problemlər yaranıb. Yolların bəziləri yarımçıq qaldığı üçün insanlarda çaşqınlıq yaradır. Həm də zolaqların yaradılması gündəlik skuter və velosiped istifadəçilərinin sayını çoxaldıb. Bu ekoloji cəhətdən uğurlu olsa da, bəzən skuter və velosiped sürücülərinin avtomobilləri zolağına daxil olması ciddi problemlər yaradır. 

Yüksək sürət, təhlükəli manevrlər

Yolların kənarında velosiped və skuterlər qoyulub. İnsanlar rahatlıqla kirayələyib, istədikləri yerə gedə bilirlər. Amma sürət həddinə və yol hərəkəti qaydalarına riayət etmədikləri üçün sürücülərin narazılığına səbəb olur.

 

Məsələn, sürücülər döngədən dönərkən hansısa avtomobilin gəlib gəlmədiyinə baxıb rahatlıqla yoluna davam edirlər. Amma bu zaman skuter, velosiped istifadəçisi sürətlə yola çıxa bilir və bu da avtomobil sürücülərində çaşqınlıq yaradır. Nəinki avtomobil, bəzən piyadalar da yolu keçərkən eyni problemlə üzləşirlər. Yəni, ikitəkərli nəqliyyat vasitələrindən məsuliyyətsiz şəkildə istifadə edənlər həm özünü, həm də başqalarını təhlükəyə atır.

Qanuna dəyişiklik edilməsinə zərurət 

Nəqliyyat eksperti Aslan Əsədov Bizim.Media-ya bildirib ki, bu kimi halların yaşanmaması üçün “Yol hərəkəti haqqında qanun”a dəyişikliklər edilməlidir:

“Yol hərəkəti haqqında qanun” 1998-ci ildə qəbul olunub. O vaxt texnika inkişaf etməmişdi, skuter, elektro nəqliyyat növləri yox idi. Sadəcə velosiped var idi. Velosiped sürənlər də qanunda piyadalara bərabər şəxslər kimi nəzərdə tutulub. Hazırda bu qanun tətbiq olunduğu üçün velosiped və skuter sürücülərinə nəzarət olunmur.

Amma velosiped zolaqlarının çəkilməsi və iki təkərli nəqliyyat növündən istifadəyə təşviq buna əsas verir ki, bu sürücülərə də xüsusi nəzarət olunmalıdır. Qanunda dəyişiklik edilənə qədər isə velosiped və skuter sürücüləri ehtiyatlı və məsuliyyətli olmalıdırlar”.

Tacxeber.com

Oxşar xəbərlər