• 23 Noyabr 2024 03:35

Aşıq Ələsgərin heykəli ilə bağlı sənətşünasdan AÇIQLAMA – “Onu maraqlı edən elə solaxay olmasıdır”

 

Xəbər verildiyi kimi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışı olub. Amma abidənin açılışından sonra sosial şəbəkələrdə heykəllə bağlı tənqidi fikirlər baş alıb gedir. Kimi sazın sol əldə olmasını, kimi abidənin aşığı tam ifadə edə bilmədiyini, kimi sazı əlində külüng kimi tutmasını, kimi də bədii cəhətdən zəif olduğunu irad tutur. 

 

Qeyd edək ki, bu cür sərt tənqidi fikirlər yalnız Aşıq Ələsgərin deyil, son zamanlar qoyulan heykəllərin çoxu ilə bağlı səsləndirilib. “Koroğlu”, Müslüm Maqomayev, Hacı Zeynalabdin Tağıyev və digərlərinə qoyulan abidələr də xeyli müzakirələrə səbəb olub.

 

Bəs, sənətşünaslar məsələ ilə bağlı nə düşünür? Heykəllərlə bağlı səsləndirilən iradların əsası varmı? Həqiqətənmi, bu işlər sənət əsəri kimi zəifdir?

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda müstəqillik dövründə heykəllərin qoyulması problemə çevrilib. Çünki hər heykəl qoyulandan sonra onun ətrafında çox ciddi müzakirələr açılır:

 

“O heykəl yenisi ilə əvəz olunmalıdır”

 

“Hamı heykəllər haqqında rəy bildirir, başı çıxan da danışır, çıxmayan da… Amma bəzi heykəllərlə bağlı səslənən iradlar doğrudur. Məsələn, “Koroğlu” heykəli. Bu heykəl həddindən artıq müzakirə olundu. Tənqid edənlərin çoxu haqlı idilər. Çünki heykəl həqiqətən də kompozisiya baxımından uğursuzdur.

 

Xüsusən də, Koroğlunun atının hazırlanmasında səhvlərə yol verilib. Bunun üçün birinci atın quyruğuna baxmaq lazımdır. Dünyada hazırlanan atlı heykəllərə baxsaq, heç bir qəhramanlıq obrazı yaradan heykəltaraş obrazın atının quyruğunu ayaqlarının arasında təsvir etmir. Çünki at və it həmişə qorxanda quyruğunu qısır. Görünür, əsərin müəllifi  Tokay Məmmədov da itlərin, atların bu cəhətindən xəbərsiz olub. Ona görə də, atın quyruğunu bu cür yonub. Heykəl həm də bu səbəbdən uğursuz alınıb. Daha öncə də demişəm, yenə də deyirəm ki, o heykəl yenisi ilə əvəz olunmalıdır”.

 

“Camaat gəzişir, bu heykəl də əl-ayağa dolaşır”

 

Ziyadxan Əliyevin fikrincə, uğursuz yaradıcı işlərdən biri də Respublikanın əməkdar rəssamı Namiq Dadaşovun “Fikrət Əmirov” və tanınmış heykəltaraş Ömər Eldarovun “Müslüm Maqomayev” heykəlidir:

 

“Fikrət Əmirovun heykəli proporsiya baxımdan çox zəifdir, onun hazırlanmasında mütənasiblik pozulub. Bütünlüklə uğursuz işdir. Müslüm Maqomayevin heykəli isə Ömər Eldarovun ən zəif işidir. Düzdür, deyirlər, o heykəli rəhmətlik Maqomayevin xanımı Tamara Sinyavskaya çox bəyənib. Amma biz o heykəli Müslüm Maqomayevin xanımı üçün düzəltmirik ki…

 

O heykəl bizim şəhərimizin ən gözəl məkanlarından birində qoyulub. Bura dünyanın hər yerindən insanlar gəlir. Məncə, daha yaxşı heykəl qoymaq olardı. O zaman həmin heykəllə bağlı müsabiqə keçiriləndə mən oradakı layihələri görmüşdüm. İki layihə vardı ki, Maqomayevin sənətini çox gözəl ifadə edirdi. Qayaların üstündə “Sineye more” mahnısını tam hiss etdirirdi.  Fonu da dəniz idi. Amma indiki heykəl isə… Camaat gəzişir, bu heykəl də elə bil əl-ayağa dolaşır. Zənnimcə, Müslüm Maqomayevin şəxsiyyətinə yaraşan heykəl deyil”.

 

Dünəndən bu yana müzakirəsi səngiməyən Aşıq Ələsgərin abidəsinə gəlincə, sənətşünas bu yöndəki iradları qəbul etmir: 

 

“Natiq Əliyevin daha öncə də yaradıcı işlərini görmüşük. Məsələn, Zivərbəy Əhmədbəyovun heykəlini… Məncə o, sənətkarlıq baxımından çox kamil işlər ərsəyə gətirir. Aşıq Ələsgərin heykəlində qüsur axtaranlardan xahiş edirəm, gedib aşığın həyat və yaradıcılığını öyrənsinlər. Hamısı deyir ki, heykəltaraş aşığı sazı sol əllə çalarkən təsvir edib. Əgər belə edibsə, demək, bu, səbəbsiz deyil.

 

Yadımdadır, illər əvvəl Aşıq Ələsgərin rəngkarlıq portreti yaradılmışdı. Müəllifi xalq rəssamı Böyükağa Mirzazadəydi. O, aşığı sağ əli ilə saz çaldığı yerdə çəkmişdi. Onda bildim ki, Böyükağa müəllimin Ələsgərin yaradıcılığından xəbəri yoxdur. Papağını, geyimini oxşatmışdı. Amma o detallar yox idi. Bu fikirləri o vaxt ona dedim. Aşıq Ələsgəri maraqlı edən səbəblərdən biri də elə onun solaxay olması idi”.

 

Ziyadxan Əliyev abidə ilə bağlı heç bir tənqidə qatılmadığını və iradların haqsız olduğunu bildirib: 

 

“Ustad aşıqların çoxu sazı başının üstünə, boynuna qoyub çalırlar. Bu, onun ilhamlandığını göstərir. Bir də bizim publika statistik, akademik heykəllərə alışıb. Bir balaca sərbəstlik olanda bizə qəribə gəlir. Çünki insanlarımızın çoxunun bədii savadı yoxdur. Zövq almaq üçün gərək bu yöndəki səviyyəyə qalxsın. O da bizim tamaşaçıda yoxdur.

 

Oxşar iradlar Tağıyevin heykəli ilə də bağlı oldu. Bu heykəlin yerdən qoyulmasını irad tuturdular. Amma elə deyil. Onun yerdən qoyulması doğru addım idi. Fikrimcə, onu xalqa yaxınlaşdırmaq lazımdır. Əzəmətli görünməyə gəlincə, Tağıyevin əzəməti əməlində, yanından keçib heyranlıqla baxdığımız gözəl binalardadır. Heykəli hündürə, yaxud aşağıya qoymaqla onun əzəməti ifadə olunmaz”.

 

“Bircə mən özümə əl qatdım ki, bu heykəli belə qoymaq olmaz…”

 

“Heykəllərlə bağlı bu qədər iradlar saydınız. Bəs, onlar pyedyestala qoyulmazdan öncə bədii müzakirədən keçirilmirmi? Əgər keçirilirsə, niyə bu yanlışlar orda düzəldilmir” sualına sənətşünas belə cavab verdi:

 

“Bədii komissiya olur.  Məsələn, “Koroğlu”nun müzakirəsində mən olmamışam. Amma o vaxt heykəltaraş, rəhmətlik Xalq rəssamı Arif Qazıyev deyirdi ki, müzakirələrdə çox vaxt onların həmkarları “yaxşıdır”, “əladır” deyiblər. Rəhmətlik deyirdi ki, bu məsələdə bircə mən özümə əl qatdım ki, bu heykəli belə qoymaq olmaz. Ona görə Tokay Məmmədov 2 il mənimlə danışmadı.

 

Yəni onu demək istəyirəm ki, bəzən bilərəkdən demirlər ki, qoy müəllif  biabır olsun. Bizim belə qəribə cəhətlərimiz də var. Amma mənim yadımda qalan odur ki, o zaman “Koroğlu” ilə bağlı bir neçə variant hazırlanmışdı. Rəhbərlikdən gəlib baxıb “bu heykəl olsun” deyiblər.

Tacxeber.com

Oxşar xəbərlər