• 01 Oktyabr 2024 23:18

“Bu, Şəfiqə Axundovanın məzarına böyük hörmətsizlik və biabırçılıqdır”

 

“İkinci Fəxri Xiyabanda bir tək Şəfiqə Axundovaya hörmətsizlik edirlər. Az öncə sizin saytın əməkdaşı mənə Şəfiqə xanımın məzarından bir-neçə foto yolladı. Şəfiqə xanımın qəbirüstü abidəsinin yan tərəfindəki divar pis gündədir, uçulub. Bu azmış kimi orada işləyən usta və fəhlələr lazımsız əşyalarını məzarın yanına atıb gedirlər. Sanki ora ehtiyatda olan bir yerdir. Bu, artıq biabırçılıqdır”. Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, görkəmli bəstəkar Şəfiqə Axundovanın qohumu, bacısının gəlini Svetlana Nəzərli deyib.

 

O daha sonra əlavə edib ki, 10 ildir müraciət etmədiyi ünvan qalmayıb.

 

“10 il ərzində hər il demək olar ki, bu problemlə bağlı İkinci Fəxri Xiyabana nəzarət edən Sabir müəllimin yanına gedib-gəldim. O vaxtı hələ qayınanam da sağ idi. Dedilər ki, bir şey edəcəyik. Amma 10 ildir bir xəbər yoxdur. Bugünkü fotolar həqiqətən də mənə çox pis təsir etdi. Şəfiqə xanımın yanında görkəmli şəxsiyyətlər, sənətkarlar dəfn olunub. O boyda xiyabanda təkcə bizə qarşı laqeyd münasibət var. Ölünün də yiyəsi olmalıdır”, – deyə S.Nəzərli bildirib.

 

Svetlana xanım bildirib ki, sağlığında Şəfiqə Axundova hamı ilə gözəl münasibətdə olub: “Mən 30 il bu ailədə gəlin olmuşam. Nə sənətdə, nə də adi müğənnilər arasında elə bir adam olmayıb ki, onu istəməsin. Ona qarşı qısqanc münasibətlər olub. Amma bununla belə, hamı ona hörmət edib. Bu gün mən tək canımla bütün bunları edə bilmirəm. Mən Şəfiqə xanımın 100 illiyində ona olan “hörməti” gördüm. 100 illik oldu ki? Ona yubiley etdilər ki? Vahid Mustafayev Şəkidə ona yubiley təşkil etdi. Bəstəkarlar İttifaqı nə yubiley etdi ki?! Biz onsuz da Şəfiqə xanımın sağlığında da bilirdik ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ona heç nə etməyəcək. O, Şəfiqə xanımı özü üçün rəqib görürdü. Firəngiz xanım da əslən Şəkidəndir. Əgər öz Şəkisinin qızına belə hörmətsizlik bəsləyirsə, başqasına nə edər? O, 100 illiyin keçirilməsi üçün müraciət etməli idi nazirliyə. 100 dəfə gedir qəbir üstünə, guya getmir? Muğam Mərkəzində xalaxətri qalmasın deyə100 illik keçirildi. 110 nəfəri mən dəvət etdim. Orada 100 illik keçirirlər?”

 

Svetlana Nəzərli bildirib ki, Şəfiqə xanımın oğlu “Qurd qapısı” məzarlığında torpağa tapşırılıb: “Şəfiqə xanımın yeri Fəxri Xiyabandır.  Çünki o görkəmli sənətkarımız idi. Vəsiyyət də etsəydi mən onu oğlu Talehin yanında dəfn edə bilməzdim. Azərbaycan mədəniyyətinə 70 il xidmət edən sənətkarı “Qurd qapısı”-na aparmağa nə mən, nə də bacısı razılıq verməzdi”.


Tacxeber.com

Oxşar xəbərlər