• 22 Dekabr 2024 10:29

Bakıdakı separatçılar hansı sirləri açır? – “Tərtər işi” və Mübariz İbrahimov detalı

Baş prokuror Kamran Əliyev Bakıda təcridxanada saxlanılan separatçılarla bağlı cinayət işinin istintaqının yekunlaşdığını açıqlayıb. 

 

Onun sözlərinə görə, separatçılara qarşı irəli sürülən ittihamlar kifayət qədər ciddidir.

 

Bu ittihamların hansı cinayət əməlləri üzrə irəli sürüldüyü, separatçıların ittiham olunduğu maddələr ictimaiyyətə bəllidir. Lakin xalqa açıqlanmayan, daha ağır cinayətlərin olduğu iddia edilir.

Separatçı liderlər başqa hansı cinayətlərdə ittiham oluna bilər?

 

 Tacxeber.com  xəbər verir ki, bu haqda globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Bakıda saxlanılan keçmiş xunta rejiminin liderləri və digər separatçıların Azərbaycana qarşı cinayətlərdə iştirak etməsi şübhəsizdir:

 

“Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də atəşkəs dövründə onlar Azərbaycana qarşı bir çox cinayətlərdə iştirak ediblər. Bu cinayətlərin həm təşkilatçısı, həm də sifarişçisi olublar. O zaman minlərlə azərbaycanlının öz ata-baba yurdundan qovulması, yüzlərlə insanın öldürülməsi, faydalı qazıntılarımızın talan edilməsi, ekoloji terrorun həyata keçirilməsi, İkinci Qarabağ müharibəsi ərəfəsində şəhərlərimizin raketlərlə atəşə tutulması və s. kimi əmrlərin verilməsi də bu cinayətkarların boynundadır.

 

Hələ ictimaiyyətə məlum olmayan cinayətlərdə də onların adının hallanması istisna edilmir. İstintaq prosesində bu kimi məsələlərin aydınlaşdırılacağı gözləniləndir”.

 

Politoloqun sözlərinə görə, təcridxanada saxlanılan şəxslər ərazilərimizin işğalı dövründə baş verən cinayətlərin açılması üçün mötəbər “mənbələr” hesab edilə bilərlər:

“Hazırda istintaq da bu istiqamətdə aparılır. Atəşkəs dövründə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid edilməsi və nəşinin uzun müddət verilməməsi, həmçinin bir çox azərbaycanlının əsir götürülməsi, onlara işgəncə verilməsi faktları cinayət tərkibi yaradır.

 

Ermənilərlə hansısa əlaqələrinin olmasında şübhəli bilinən şəxslərlə bağlı müəyyən məsələlərin açılması üçün də bu separatçılar vacib məlumat mənbələridir. Vaxtilə cəmiyyəti narahat edən məqamlardan biri də məhz ermənilərə işləyən şəxslərlə bağlı yayılan xəbərlərin həqiqi olub-olmamasıdır. Bu məsələlərin də araşdırılmasında həbsdə saxlanılan həmin xunta rejmin “liderləri” böyük rol oynayacaqlar.

 

İllərdir istintaqı gedən və hələ də bəzi detalları sirli qalan “Tərtər işi” də buna daxildir. Düşünürəm ki, hər şey üzə çıxacaq”.

Tacxeber.com

Oxşar xəbərlər