Onun 100 yaşı tamam oldu. O, bu həddə çatan ilk ABŞ prezidentidir.
20 fevral 1978-ci il, prezident Cimmi Karter və 36 yaşlı senator Co Bayden.
Dünən Cimmi Karterin 100 yaşı tamam olur. O, bu həddə çatan ilk ABŞ prezidentidir.
O, bir sıra rekordlara sahibdir. Belə ki, ABŞ prezidentləri arasında ən uzunömürlüsüdür. Karterə qədər ən uzun ömür yaşayan prezident ata Buş idi – 94 il 171 gün. Digər tərəfdən, Karter eks-prezident statusunda ən çox yaşayan şəxsdir. 1981-ci ilin yanvarında Ağ evi tərk etməsindən 44 ilə yaxın vaxt keçir.
Başqa bir rekordunu isə antirekord adlandırmaq daha doğru olar. Belə ki, 1980-ci ilin noyabrında keçirilən seçkilərdə Karter cəmi 6 ştatda və Kolumbiya dairəsində qalib gələrək vur-tut 49 seçimçinin səsini qazandı. Onun rəqibi Ronald Reyqan isə 44 ştatda qalib gələrək 489 seçimçinin səsini qazandı.
ABŞ seçkilərində daha fərqli nəticələr də olub. Elə həmin Reyqan növbəti seçkilərdə Uolter Mondeylə daha sarsıdıcı məğlubiyyət yaşatdı (525/13). 1972-ci ildə Riçard Nikson Corc Makqovernə 520/17 qalib gəlmişdi.
Amma nə Makqovern, nə də Mondeyl fəaliyyətdə olan prezident deyildilər. Karter fəaliyyətdə olan prezident kimi çox ağır məğlubiyyətə uğradı. Yalnız bir prezident, Uilyam Taft 1912-ci il seçkilərində Respublikaçılar partiyasındakı parçalanma üzündən daha ağır məlubiyyətə məruz qalıb.
Karterin məğlubiyyətinin səbəbləri kimi Birləşmiş Ştatlarda iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin və inflyasiyanın artımını göstərirlər. Ən əsas səbəb isə İranla yaşanan girov böhranı və fiasko ilə nəticələnən “Qartal caynağı” əməliyyatı idi.
Əslində Karter İran şahını repressiyalardan çəkindirməklə İslam inqilabının qələbəsində dolayı rol oynamışdı. Amma devrilən şaha müalicə üçün ölkəyə giriş icazəsi verəndə Tehranda əsas düşmən elan edildi. ABŞ səfirliyinə hücum edilib əməkdaşların girov götürülməsini də bununla əsaslandırdılar. Diplomatlar 444 gündən sonra, Reyqanın inauqurasiya günü azad edildilər.
Cimmi Karter ABŞ prezidentləri arasında Ağ evi tərk edəndən sonra ən çox fəal olanıdır. Bir çox böhranlı regionlarda oldu, o cümlədən Yaxın Şərqdə. Prezidentlər içində İsrailə ən tənqidi yanaşan bəlkə də Karterdir. O, Tel Əvivi hətta aparteid siyasətində günahlandırırdı.