• 03 Oktyabr 2024 21:21

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Qazaxıstan vətəndaşı SAXLANILDI – VİDEO

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb.

 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. 

 

Belə ki, paytaxt sakini olan 1936-cı il təvəllüdlü bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxladığını və gəlninin yol-nəqliyyat hadisəsi törətdiyini dediyini, daha sonra mənzilə gələn naməlum şəxsə 4000 manat verdiyi barədə polisə müraciət edib.

 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunan Qazaxıstan vətəndaşı 2003-cü il təvəllüdlü Korlan Asan Berdimurat saxlanılıb.

 

Müəyyən edilib ki,saxlanılan şəxs məhz qeyd olunan qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiya Respublikasından Bakı şəhərinə gəlib. K.Berdimurat “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.

 

Qeyd olunan hüquqazidd əməllər nəticəsində onun 2 vətəndaşa ümumilikdə 6 min manata yaxın maddi ziyan vurduğu aşkar olunub. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüb. 

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

DİN bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyə çağırıb.


Tacxeber.com

Oxşar xəbərlər