• 03 Oktyabr 2024 23:32

Sabiq deputatdan nazirə ittihamlar: “Məqalə saymaqla məşğuldur”

Elm və təhsil naziri Emin Amrullayev facebook hesabında yazır: “Alimlərimizin “Scopus” elmmetrik bazasındakı göstəriciləri ciddi şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə bu ilin 8 ayında bazadakı məqalələrin sayı 2 dəfədən çox artaraq 2382-yə çatıb.” Əla! Ancaq xeyli sual yaranır. Hansı sahələr üzrə elmi məqalələr dominantlıq təşkil edir?”

 

Tacxeber.com xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev bildirib.

 

O, elmi məqalələrin sayı artsa da, dərsliklərlə bağlı problemlərin olduğunu diqqətə çəkib:

 

“Elmin sosioloji əsaslarını işləyən Kanada alimi İv Jenqranın “Elmin sosiologiyası” adlı məşhur kitabında məqalənin birinin adı “h – indeksi epidemiyası” adlanır. Elm və təhsilin vəhdətindən dəm vururlar. Mən elmi məqalələrin statistikasını kölgə altına salmaq istəmirəm. Ancaq elmi məqalələrinin sayı çox olanlar nə üçün ali və orta məktəblər üçün dərslik yazmırlar. Tələbələr üçün demək olar ki, müasir “Ali Riyaziyyat”, “Kvant fizikası, “Müasir Kimya”, “Süni intellekt”, “Molekulyar biologiya”, “Fəlsəfə” sahələrində dərsliklər yazılmır. Elmi məqalələr yazanların elmin populyarlaşdırılmasında rolu demək olar ki yoxdur. Xarici dildə çap olunmuş bir dərsliyin belə Azərbaycan dilinə tərcüməsi təşkil olunmayıb. “Scopus” elmmetrik bazasındakı məqalə müəllifləri nə üçün internet üzərindən məqaləsinin əhəmiyyətindən danışmır? Hansı universitetdə ciddi bir elmi- tədqiqat laboratoriyası var? Yoxdur, yox!”

 

Sabiq deputat 30 ildir ki, bir şagirdimizin belə Riyaziyyat və İnformatika üzrə keçirilən Beynəlxalq Olimpiadalardan qızıl medal qazana bilmədiyini vurğulayıb:

 

“Nobel mükafatı laureatı, fizik J. Alfyorov Fiztexin direktoru vəzifəsindən imtina edərək orta məktəbdə “Fizika” dərsi deyib. Onun şagirdləri böyük uğurlara imza atıblar. Kəmiyyətin keyfiyyət amili də olmalıdır. Rusiya Elmlər Akademiyasının prezidentinin maraqlı bir fikri var: “Perelmanın 20 il müddətində bir xarici jurnalda məqaləsi çıxmadı, lakin Puankare hipotezini isbat etdi və Filds medalını aldı”. Bir elmi tezisi və məqaləsi belə olmayan E.Əmrullayev alimlərin məqaləsini saymaqla məşğuldur. Bizə məqalələrin ölkəmiz üçün tətbiqi lazımdır. Məsələn, dərsliklərdə, elmi ədəbiyyatların tərcüməsində, Beynəlxalq Olimpiadalar üçün şagird hazırlığında, elmin populyarıaşdırmasında, TEDx konfranslarında, distant mühazirələrdə, istedadların yetişdirilməsində və s. Təhsil nazirliyinin “Azərbaycan məktəbi” adlı bir jurnalı var. Bu jurnalın keçmiş baş redaktoru məqalə alverinə görə həbs olunub. Bunlar Rusiyada çap olunan möhtəşəm “Voprosı Obrazovaniya” jurnalından belə örnək götürmədilər.

 

Dahi fizik, Nobel mükafatı laureatı Lev Landaunun az sayda məqaləsi olub, lakin Lifşitslə birlikdə 12 cild “Fizika kursu” dərsliyi yazıb”. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər