• 24 Noyabr 2024 00:20

Əfsanəvi Valeri Lobanovskidən Vaqif Sadıqova qədər – əlamətlərə inanan məşqçilər

Yeni nəsil məşqçilər belə olmasa da, köhnələr arasında əlamətlərə inananların sayı həddən artıq çox olub. Bizimkilərdən Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Vaqif Sadıqov kimi məşqçilərin adlarını çəkmək olar. Əslində, sayı çoxdur. O vaxtlar demək olar ki, hamı əlamətlərə inamla çalışırdı. 

 

Deyilənə görə, SSRİ çempionatı oyunlarından birinin gedişində havanın soyumasını fərq eləyən Ağasəlim Mircavadov əyninə qırmızı idman gödəkçəsi geyinir. “Neftçi” həmin oyunda qələbə qazanır. Növbəti matç qızmar günəş altında oynanılsa da, futbolçular baxırlar ki,  Ağasəlim müəllim istinin günündə həmin qırmızı gödəkçəni geyinib gəlib. Amma bu dəfə xeyri olmur, “Neftçi” 0:3 hesabı ilə uduzur.

 

Əlamətlərə inanan məşqçilərimiz arasında Vaqif Sadıqovun adı xüsusi hallanır. Futbolçuların avtobusa hansı ayaqla minməsindən tutmuş, bir çox xırdalıqlara diqqət yetirən məşqçi ilə bağlı daha bir maraqlı detal eşitmişik. Deyilənə görə, Vaqif müəllim futbolçuların doğum tarixinə uyğun olaraq, onların matç günü nə qədər uğurlu olacağını xüsusi təqvim vasitəsi ilə müəyyənləşdirə bilirmiş.

 

Maraqlıdır ki, dünyaca tanınmış, əfsanəvi Valeri Lobanovskinin də əlamətlərə inanan biri olduğuna dair məlumatlar var. Məsələn, Lobanovski furbolçuların 13 nömrəli futbolka geyinməsini xoş qarşılamırdı. Komanda oyuna gedərkən klub avtobusunun sürücüsünə marşrutu dəyişməyi qadağan etmişdi. “Dinamo” Kiyevin sabiq yarımmüdafiəçisi Yojef Sabo bu barədə xatirələrində danışır:

 

“Allah eləməmiş komanda oyuna həmişəki marşrutla getməyəydi… Bir dəfə necə oldusa, milis bizi buraxmadı. Lobanovski avtobusdan düşüb “kimə istəyirsiniz zəng edin, amma biz mütləq buradan keçəcəyik” dedi”.

 

Lobanovski uçuşlar zamanı futbolçuların həyat yoldaşlarını özləri ilə götürməsinə qarşı idi. O, düşünürdü ki, təyyarədə qadınların olması futbolçulara uğursuzluq gətirir. Bir dəfə öz həyat yoldaşını səfərə aparır, həmin matçda “Dinamo” məğlub olur. “Adoçka, bitdi. Daha uçmaq lazım deyil” – Valeri Vasilyeviç təyyarənin qapılarını həyat yoldaşının da üzünə bağlayır.

 

Hal-hazırda “Turan Tovuz”u çalışdıran Kurban Berdiyevlə bağlı da bu cür fikirlər mövcuddur. Rusiya mətbuatında onun həyat yoldaşının mistik gücə malik olduğu, Berdiyevin çalışdırdığı komandaların nəticələrinə təsir etdiyinə dair məlumatlar yazılıb.  (sportal.az)

Tacxeber.com

Oxşar xəbərlər