• 22 Noyabr 2024 04:27

Məhbəsdə Ülvi Həsənliyə xəsarət yetirib.

Penitensiar Xidmətlə bağlı korrupsiya araşdırmalarına və işgəncə xəbərlərinə görə “Abzas”çılardan qisas alınır?

 

Tacxeber.com xəbər verir ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanıldığı Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin əməkdaşlarının zorakılığına məruz qalıb.

 

Bu barədə Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva məlumat yayıb. O bildirib ki, Ülvi Həsənli Bakı İstintaq Təcridxanasındakı işgəncə faktlarını ictimailəşdirdiyinə görə, 1 aydan çoxdur qeyri-insani rəftara məruz qalır.

 

“Təcridxanadakı işgəncə hallarını ictimailəşdirəndən sonra yayın isti günlərinə baxmayaraq, kameranın qapısındakı balaca nəfəslik bağlı saxlanılıb. Sentyabrın 7-də məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istəyəndə Nail adlı konvoy əməkdaşı Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub.

 

Sentyabrın 13-də şüşə arxasından görüş zamanı Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərib və kürəyində ağrıların olduğunu deyib. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillər bununla bağlı aidiyatı yerlərə şikayət etmələrinə baxmayaraq, Nail adlı həmin şəxs barəsində heç bir tədbir görülməyib”.

 

Rübabə Quliyeva deyir ki, sentyabrın 20-də Ülvi Həsənlinin 2 yaşlı qızı ilə görüşünə imkan verilməyib. Həm onlar, həm də Ülvi Həsənli qanunsuzluğa, qeyri-insani rəftara məruz qalıblar.

 

“2 yaşlı qızım ayda 1 dəfə atası ilə görüşəndə, təcridxananın rəisi Elnur İsmayılovun və işçilərin fiziki-psixoloji təzyiqinə məruz qalır. Bu dəfə Elnur İsmayılov istirahətə getdiyinə görə qızıma atası ilə görüş vermədilər.

 

Sentyabrın 27-də şüşə arxasından görüşəndə mənim balaca qeyd kitabçamı əlimdən aldılar. Görüş bitəndə götürəcəyim yerdə yox idi. Kim hara aparmışdı, içində nə axtarırdılar bilmirəm. Hansı ki, içində Ülvinin istədiyi kitabları yazıram. Nəzarətçilər dedilər ki, bundan sonra dəftərçə gətirə bilməzsən. Şüşə arxasından görüşsək də, hər dəfə alt paltarıma qədər yoxlanılıram. Hələ də nə axtardıqlarını başa düşmürəm”, – Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib.

 

Vəkil Nazim Musayev deyir ki, məhbusların salamlaşmağında və danışmağında heç bir qanun pozuntusu yoxdur.

 

“Həbs olunan şəxslərin müəssisədə bir-birlərini görəndə salamlaşması, nəsə danışması qanun pozuntusu deyil. Əksinə, qanun deyir ki, məhbuslar bir-birlərinə qarşı nəzakətli olmalıdırlar. Bu iki şəxs eyni iş üzrə cəlb olunubsa və əgər bir-birlərini görməməlidirlərsə və görürlərsə, bu nəzarətçilərin günahıdır.

 

Bütün hallarda onların salamlaşmasında, danışmasında heç bir problem yoxdur. Zorakılıq isə ümumiyyətlə qadağandır və heç bir halda nəzarətçilər məhbuslara zorakılıq göstərə bilməzlər”, – vəkil bildirib.

 

“Abzas Media”nın məlumatına görə, saytın baş redaktoru Sevinc Vaqifqızının da ailəsilə canlı görüşünə qadağalar tətbiq olunub. Hansı ki, digər saxlanılan şəxslər üçün bu qadağa yoxdur.

 

Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlamağa çalışsaq da, qurum “Abzas Media”nın nə zənglərinə, nə də rəsmi sorğularına cavab verir. Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova yönləndirilən sorğular da cavabsız qalır.

Tacxeber.com

Oxşar xəbərlər