“Ora-burasını açıb efirə çıxan bir müğənnini…” – Şeyxdən Elgizin açıqlamasına SƏRT REAKSİYA
Tanınmış teleaparıcı Elgiz Əkbərin son açıqlaması gündəm olub. Belə ki, “biz özümüzdən sonra yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik ki, bizdən sonra meydan onların olsun” – deyən aparıcının fikirləri birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov yerli telekanalları sərt şəkildə tənqid edib:
“Bu xalqın bütün dəyərlərini planlı şəkildə, gözümüzün qabağında pis vəziyyətə qoyan məhz yerli telekanallardır. Məscidin qapısı açıqdır, itin də abırı yoxdur. Tariximiz, mədəniyyətimiz, dəyərlərimiz təbliğ olunmur.
Bütün aparıcılarımız eynidir, kiməsə pis və ya yaxşı demək olmur, çünki onları bir-birindən fərqləndirən heç nə yoxdur.
Ay camaat, min dəfə demişik, bu verilişlərə baxmayın, sizi aldadırlar! Sizin səviyyəniz, dünyagörüşünüz yoxdur, efirlərə çıxanların əndamına, buduna, baldırına fikir verməyin, sənətlərinə fikir verin. Sənəti olmayan, ora-burasını açıb efirə çıxan bir müğənnini görəndə dərhal dananızı, qoyununuzu satırsınız ki, uşağınızın toyuna onu çağırasınız. Niyə?! Elə buna görə də övladlarınız 6 ay sonra boşanırlar.
Bu millət nə vaxt ağıllanacaq?! Nə vaxt pisi yaxşıdan ayıracaq, dəyərlərinə sahib çıxacaq?
Hər şeyi biz danışmalıyıq? Mən bu yaşımda qapı-qapı gəzib sizin ailənizə rəhbərlik edə bilmərəm axı…”
Sənətçi xalqın dəyərlərinə uyğun olmayan proqramların boykot edilməsini tələb edib:
“Xalq özü bu verilişləri, aparıcıları, müğənniləri boykot etməlidir, televiziyasından, qapı-bacasından, səhnəsindən, şadlıq evlərindən qovmalıdır!
Bu gün biz dəyərlərimizi məhv etmişik. Yerindən duran sinəsini, baldırını açıb gözünü dartdıranlar, dodağına dolğu edənlər, burnunu düzəltdirənlər, sinəsini zeytun yağı ilə masaj etdirib parıldaya-parıldaya efirlərə çıxırlar, camaat da ağzını ayırıb onlara baxır. Çünki “kəntoşdurlar”, görməyiblər.
Mən bütün günahı xalqda görürəm. Xalq öz əxlaqını, mənəviyyatını müdafiı edə bilmirsə, bu cür həşəratlar əcəb edib at oynadırlar.
Mən Elgizi uzun illərdir tanıyıram və onda heç bir günah görmürəm. Əgər mal satılırsa, tələbat varsa, əcəb edib satırlar. Əgər xalq bu verilişlərə baxırsa, onlar da bunu yaradırlar. Ortada onların verilişlərinə alternativ başqa veriliş yoxdur, tariximizdən, mədəniyyətimizdən, etnoqrafiyamızdan danışan veriliş hazırlanmır.
Hansı kanalı çevirsən, eyni tipli verilişlər, eyni qonaqlardır.
Millət bunu xoşlayırsa, onu da göstərirlər. Elə bu millətə əcəb edirlər! Sabah da mən veriliş açıb ancaq lüt bədənlər göstərsəm, inanın ki, 1 həftə sonra camaat onları toy məclislərinə dəvət edəcək.