• 24 Noyabr 2024 13:34

Ofeliya Məhərrəmova: “Rəis dedi ki, Sevinc təcridxanadakı əcnəbilərin seçkilərdə səs verdiyini yaydığı üçün cəzalandırılır”

Vəkil: “Saxlanılan şəxsin yaxın qohumları ilə görüşmə hüququnu qanunvericilik müəyyən edir, təcridxana rəisi yox”

 

“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızına saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ailəsi ilə canlı görüş icazəsi verilmir. Bu barədə məlumatı jurnalistin anası Ofeliya Məhərrəmova yayıb. Təcridxanada olan digər məhbusların onlara baş çəkməyə gələn ailə üzvləri ilə rahatlıqla görüşdüyünü deyən Ofeliya Məhərrəmova qızının hüquqlarının pozulduğunu və ayrı-seçkiliyə məruz qaldığını deyib:

 

“Milli Məclisə seçkilərdən sonra Sevinclə mənə canlı görüş verilmir. Sevincə içində mahnılar olan yaddaş kartı aparmışdım, onu da buraxmadılar. Bütün məhbusların ailələrinə rahat olan şeyləri bizim üçün qadağan ediblər. Təcridxananın rəisi Elnur İsmayılov mənə dedi ki, Sevinc son parlament seçkilərində təcridxanada əcnəbi vətəndaşların da səs verdiyini ictimailəşdirdiyi üçün cəzalandırılır. Əlavə etdi ki, gedin hara nə istəyirsiniz yazın, vecimə də deyil”, – deyə Ofeliya Məhərrəmova bildirib.

 

Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 26 fevral 2024-cü il tarixli qərarın 8-ci maddəsinin 1.24-cü bəndində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək həbs edilmiş şəxslərin hüquqlarından biridir.

 

Vəkil Nemət Kərimli isə deyir ki, məhbusun təcridxanada olan məlumatı ictimailəşdirdiyinə görə, ayrı-seçkiliyə və qadağalara məruz qoyulması həm qanunun tələblərinə, həm də həbs yerlərinin daxili intizam qaydalarına ziddir.

 

“Təcridxanada saxlanılan şəxsin yaxın qohumları ilə və onun üçün maraq kəsb edən şəxslərlə görüşmə hüququnu qanunvericilik müəyyən edir, təcridxana rəisi yox. Bu məhdudiyyətlər ayrı-seçkilikdir. Adi musiqi kartının verilməməsi nə deməkdir? Sadəcə ona psixoloji cəza verirlər. Onu yorurlar ki, əsəbləri korlansın”, – deyə vəkil vurğulayıb.

 

Qeyd edək ki, eyni qadağalar “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənliyə də tətbiq olunur. “Abzas Media”nın məsələ ilə bağlı Penitensiar Xidmətə müraciəti cavabsız qalıb.

Tacxeber.com

Oxşar xəbərlər