Azərbaycanlı vəkil “Gücün Portretləri 2024” üçün seçilib
Rövşanə Rəhimova: “Bəzən onların neçəsinin indi dəmir barmaqlıqlar arxasında olduğunun sayını itirirəm”
İnsan Hüquqları Evi Şəbəkəsi (HRHF) insan hüquqlarının vəziyyətini vurğulamaqla yanaşı, hər il “Gücün Portretləri: İnsan Hüquqlarını Müdafiə edən Qadınlar” fotosərgisi vasitəsilə müstəqil qadın hüquq müdafiəçilərini və onların işlərini təşviq edir.
“Gücün Portretləri 2024” üçün azərbaycanlı vəkil Rövşanə Rəhimova seçilib.
Artıq üçüncü dəfə nəşr olunan sərgidə insan hüquqlarının pozulması və iddia edilən hərbi cinayətlərin sənədləşdirilməsi, qanunun aliliyi, qadın hüquqları, siyasi məhbuslar, söz azadlığı və s. daxil olmaqla müxtəlif mövzularda çalışan qadın hüquq müdafiəçilərinin (WHW) portretləri və hekayələri nümayiş etdirilir.
Rövşanə Rəhimova Azərbaycandan olan hüquq müdafiəçisidir. O, 10 ildən artıqdır ki, qadın hüquqları və məişət zorakılığı, o cümlədən qurbanların müdafiəsi və milli vəkillik məsələlərinə xüsusi diqqət yetirməklə insan hüquqlarının müdafiəsi ilə məşğul olur. Hazırda Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi bir neçə siyasi məhbusun işi ilə də məşğuldur.
HRHF ondan müsahibəni yayımlayıb. Rövşanə Rəhimova həmin müsahibəsində hüquqa uşaqlıqdan yaranmış marağından, fəaliyyətindən söz açıb.
“Peşəkar hüquqşünaslıq fəaliyyətim nəticəsində aşkar etdim ki, ölkəmizdə ən çox pozulan hüquqlardan biri qadın hüquqlarıdır. Mənim bu sahədə inkişafımda Azərbaycan Hüquqşünas Qadın Alyansında iştirakım böyük rol oynadı və bu, qadınlara keyfiyyətli hüquqi yardım göstərməyə imkan verdi”, – vəkil deyib.
“Bir qadın hüquq müdafiəçisi olaraq, həqiqətən də fərqli münasibət hiss edirəm və bəzən öz-özümə fikirləşirəm ki, qadın hüquqşünasın münasibəti belədirsə, (məişət zorakılığı) qurbanlarına necə münasibət ola bilər? Ancaq bununla ən böyük motivasiya gəlir – minlərlə insan bizə güvənir və ümidlərini bizə bağlayır”, – Rövşanə Rəhimova vurğulayıb.
O, Azərbaycanda insan hüquqlarının vəziyyətindən də danışıb:
“Heç kimə sirr deyil ki, Azərbaycanda insan haqlarının vəziyyəti ciddi şəkildə pisləşir. Son illər biz bunu xüsusilə müstəqil jurnalistlərin və hüquq müdafiəçilərinin həbslərində müşahidə edirik. Bəzən onların neçəsinin indi dəmir barmaqlıqlar arxasında olduğunun sayını itirirəm”.
“Vətəndaş cəmiyyəti nümayəndələrinin əksəriyyəti həbs olunmaq təhlükəsi ilə bağlı ölkədən qaçıb. Sabah hakimiyyət vəkillərin qapısını döysə, sürpriz olmaz. Bu halda bizdə tam xaos yaranacaq – insanları kim qoruyacaq, kim işlərlə məşğul olacaq?”, – vəkil deyib.