“4 eşşəkdən günə 1 litr süd sağıram”
“Mən Novxanıda yaşayıram. Gözümü açandan həyətimizdə eşşək saxlayıblar. Südünü satmaq niyyəti ilə saxlamamışıq. Atamın həvəsi olub, ona pay veriblər. Ondan sonra eşşəklər bala verib, artıb. Kənddə 3 adamda eşşək qalıb. Əvvəl hər məhəllədə eşşək görmək olardı. Elə oldu ki, işsiz qaldım, sonra eşşək südü satmağa başladım. Əvvəllər mən pay verirdim, pul almırdım. Kimsə könüllü pul verirdisə götürürdüm. Sonralar çoxaldılar, yemlərini çatdıra bilmədim və südünü satmağa başladım. Hazırda 11 eşşəyim var, 4-ü sağılan eşşəkdir”
Tacxenber.com xəbər veriri ki, bunu moderator.az-a açıqlamasında fermer Ceyhun İbrahimov deyib.
O daha sonra bildirib ki, eşşəyin südünə tələbat var:
“Eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir. Mən onu fasilələrlə sağıb, 1 litr edib sata bilmirəm. Çünki bir-birinin üstünə tökəndə xarab olur. Günə 3-4 alıcı olur. 3 saatdan bir 4 eşşəkdən bir stəkan süd çıxır. 200 qramını 10 manata verirəm. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir” deyə fermer bildirib.
Fermer eşşəklə bağlı yayılan məsəllərə də aydınlıq gətirib.
“Bəzən deyirlər ki, atdan yox, amma eşşəkdən yıxılan ölər. Bir az o yan-bu yan olan kimi ayağını qoyursan yerə. At hündürdür. At yıxa bilər. Eşşəyin yəhərində üstünə minməyə köməkçi vasitə yoxdur. Amma atda var. Yıxılan kimi səni sürüyüb aparır. Eşşəkdən yıxılan ölmür. Bu boş söhbətdir. Uşaqlıqdan eşşək sürmüşəm. Məhəllədə hamı velosiped sürəndə mən eşşək sürmüşəm” deyə o bildirib.