• 24 Noyabr 2024 10:39

“Gərək Qərb şələ-küləsini yığışdırıb, dünya siyasətindən çəkilsin”

Cənubi Koreya kəşfiyyatı şimaldakı rejimin Rusiyaya hərbi kontingent göndərdiyi barədə xəbərləri təsdiqləyib.  

 

Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Şimali Koreyanın 12 min əsgər göndərməyə qərar verdiyi bildirilir. Artıq onların bir qismi (1500 əsgər) Rusiyadadır və hazırlıq keçirlər.

 

Qərb isə iflic vəziyyətindədir. Hər kəs ABŞ seçkilərinin nəticələrinə kökləndiyi üçün ciddi qərarlar qəbul edilmir. Baydenin Ukrayna müharibəsi ilə bağlı bədnam “yardım etmək, amma eskalasiyanı yüksəltməmək” strategiyası iflasa uğrayıb. Qarşı tərəf başqa dövləti birbaşa müharibəyə cəlb etməklə artıq çox ciddi eskalasiyaya gedib və bunun cavabı olmalıdır.

 

Ukraynanın Şimali Koreyadakı vəhşi rejimlə, eləcə də Rusiyaya hərbi dəstək verən digər dövlət – İranla hansısa ciddi problemləri yox idi. Bunlar Ukraynanın yox, ABŞ-ın düşmənləridir və müharibəni Rusiya-ABŞ (Qərb) müharibəsi kimi qəbul etdikləri üçün Moskvaya kömək göstərirlər. ABŞ isə qulağının üstünə yataraq bu müharibəni kənar müşahidəçi qismində şərh etməyə davam edir.

 

Əgər Ukraynaya bundan sonra da yetərli dəstək verilməsə, onda 2022-ci ilin yanvarında Cenevrədəki Rusiya-ABŞ görüşündən əvvəl Rusiya xarici işlər nazirinin müavini Ryabkovun dediyi kimi, gərək Qərb şələ-küləsini yığışdırıb, dünya siyasətindən çəkilsin.

 

Başqa bir tərəfdən, Rusiyanın əvvəlcə döyüş sursatı, sonra isə canlı qüvvə dəstəyi üçün Şimali Koreyaya müraciət etməsi onun resurslarının tükənməzliyi barədə rəy və təsəvvürlərin nağıl olmasının sübutudur. Ukraynaya hərbi dəstəyin keyfiyyəti və kəmiyyəti yüksəldilərsə, bu düşməni geri oturtmaq tamamilə mümkün vəzifədir.

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər