Gec yatanlara pis xəbər: Ölümcül xəstəliyə tutula bilərsiniz…
“Bugün dünyada, eləcə də Azərbaycanda xərçəng xəstəliyinin günü-gündən artması və azyaşlılarda bu xəstəliyə rast gəlinməsi, ölkəmizdə də bu kimi halların daha sürətlə çoxalması təhlükəli faktorların olduğunu göstərir. Ancaq xərçəng xəstəliyinə səbəb olan amillər sadəcə qidalarda deyil. Bundan başqa bir neçə nüans da göstərmək mümkündür”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Sabah”a açıqlamasında bildirib. Yuxusuzluqla bağlı danışan ekspert fikirlərinə belə davam edib:
“Birinci növbədə burada genetik faktorlar əhəmiyyət daşıyır. Əgər ailə fərdlərindən hər hansındasa xərçəng varsa, xüsusilə, valideynlərdə, onların övladlarında da bu xəstəliyin riski daha çox artır. Eləcə də bu gün ekologiyamızın, ətraf mühitin toksik, kimyəvi maddələrlə çirklənməsi, radiasiya burada önəmli rol oynayır. Bütün bunlar xərçəng riskini artıran amillər arasındadır. Eyni zamanda, bir çox xəstəliklər var ki, bunlar infeksiya şəklində olanlardır. Həmin xəstəliklər immun sisteminin aşağı düşməsinə səbəb olur, nəticədə xərçəng riski artır. Əvvəllər yaş faktoru önəmli olsa da, bu gün azyaşlılarda da bu risk var”.
Ekspert qeyd edib ki, hormonal balansın pozulması da sözügedən xəstəliyə tutulma ehtimalını çoxaldır:
“Xüsusilə, estrogen hormonu var ki, bu da bir çox xərçəng növlərinə gətirib çıxara bilir. Bundan əlavə olaraq, yaşam tərzi çox önəmlidir. Əgər bir insan siqaret çəkirsə, həddən artıq alkoqoldan istifadə edirsə, yaxud istifadə etmirsə belə, passiv tütün çəkməyə məruz qalırsa risk çoxalır. Fiziki aktivliyin az olması, yuxu rejiminin pozulması, gec saatlara qədər oyaq qalmaq da xərçəng riskini artırır. Gecə oyaq qaldıqda həm hormonal balans pozulur, həm də xərçəng yaradan hüceyrələr bu saatlarda daha aktivləşir. Bu müddətdə mütləq şəkildə yuxuda olmaq lazımdır. Əksinə olduqda, orqanizmə əlavə yük düşür, funksiyalar pozulur. Bütün bu amillər xərçəngin yaranmasına səbəb olur”.
M.Hüseynova vurğulayıb ki, sadalananlarla yanaşı, qida amili də mühüm sayılır:
“Qeyri-sağlam, paketlənmiş, rəf ömrü uzun olan qidaların tərkibinə xarab olmaması, uzun müddət qala bilməsi üçün, həmçinin, dadlandırmaq üçün aromatizator, stabilizator olaraq kimyəvi qatqı maddələri qatılır. Həmin maddələr zamanla xərçəngə gətirib çıxarır. Bununla yanaşı, atışdırmalıq qidalar var ki, onların tərkibindəki həddən artıq doymuş yağlar, çox qızardılan, texniki emaldan keçən qida məhsulları var ki, bunlar da xərçəng yaratma riski daşıyır. Bütün bunlara diqqət etmək lazımdır.