Müəllimlik peşəsinin SONU YAXINLAŞIR – Onları da süni intellekt əvəz edə bilər
Süni intellektin (Sİ) müəllimləri əvəz edə biləcəyi ilə bağlı müzakirələr gündəmdədir. Artıq Sİ ilə səsli danışmaq mümkündür. Nəinki səsli danışmaq, öyrənmək istədiyin hər hansısa mövzunu sənə istədiyin tərzdə izah edə bilir. Bu da müəllimlik peşəsinin gələcəyini şübhə altına alır.
“Sİ şeir yazıb, mahnı bəstələyir”
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, süni intellekt artıq bir çox sahələri əvəz edə bilir.
“Süni intellekt texniki olaraq bütün sistemlərin avtomatlaşdırılmasında hal-hazırda öz töhfəsini verir. Həmçinin kargüzarlıq, maliyyə, HR və bunun kimi dövlət qanunlarına, eləcə də başqa normativlər əsasında işləyən kargüzarlıqlara da töhfə verə bilər. Süni intellektin intellektual və ya yaradıcı peşələrdə öz effektini verməsi əslində aktual bir mövzudur. Sİ hazırda şeir yazır, musiqi yazıb bəstələyir”.
Süni intellekt müəllimlik peşəsini də əvəz edə bilər?
Günü-gündən Sİ-in inkişafı insanlarda narahatlıq yaradır. Kimisi texnologiyanın gücünə heyrətlənir, kimisi də gələcəkdə işini itirməkdən qorxur. Hazırda isə gözlər müəllimlik peşəsinə yönəlib.