• 22 Oktyabr 2024 20:27

“Avropa İttifaqında Ukraynaya qoşun yeridilməsi barədə söhbətlər canlanıb” – “Politico”

“Qərb məmurları Avropa ölkələrinin KXDR qoşunlarının Ukrayna müharibəsinə cəlb edilməsinə qətiyyətsiz münasibətindən narazıdır…”

 

Şimali Koreyanın minlərlə əsgərinin tezliklə Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulacağı barədə məlumatlar Avropa qoşunlarının Kiyevə dəstək üçün Ukraynada yerləşdirilməsinin mümkünlüyü barədə müzakirələri yenidən gündəmə gətirib.

 

Bu barədə “Politico” nəşri yazıb.

 

Litva xarici işlər naziri Qabriyelyus Landsberqis bəyan edib ki, Avropa ölkələri Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi təklifinə yenidən baxmalıdır.

Landsberqis vurğulayıb: “Əgər Şimali Koreya əsgərlərinin iştirakı və rusiyalılara döyüş sursatlarının tədarükü öz təsdiqini taparsa, biz Makronun təklif etdiyi ideyaların müzakirəsinə dönməliyik”.

 

Bu ideya hələ fevral ayında irəli sürülüb, lakin Almaniya kansleri Olaf Şolts bunu rədd edib və əmin edib ki, Avropa və ya NATO qoşunları Ukraynada yerləşdirilməyəcək.

Qərb liderləri bu məlumatları hələlik ehtiyatla şərh edir. NATO baş katibi Mark Rütte və ABŞ müdafiə naziri Lloyd Ostin hələlik bu məlumatı təsdiq etmir, hərçənd, Ostin bəyan edib ki, Şimali Koreya qoşunlarının mümkün yerləşdirilməsi narahatlıq doğurur.

 

Cənubi Koreya Şimali Koreya hərbçilərinin yerdəyişməsi barədə öz kəşfiyyat məlumatlarının müzakirə edilməsi üçün öz nümayəndəsini artıq NATO-nun mənzil-qərargahına göndərməyi planlaşdırır. Lakin Avropanın bəzi məmurları hesab edir ki, Qərb öz hərəkətlərində həddən artıq ehtiyatlıdır.

Estoniya Silahlı Qüvvələrinin sabiq komandanı, Avropa Parlamentinin üzvü Rixo Terxas bəyan edib ki, Qərb kəşfiyyat məlumatlarının doğru olmasına əmin olmadığından hərəkətsizliyinə haqq qazandırmaq üçün istifadə edir.

 

Onun sözlərinə görə, Şimali Koreya qoşunlarının Rusiya bölmələrinə inteqrasiya edilməsi döyüş əməliyyatlarına minimal təsir edən mürəkkəb operativ vəzifə ola bilər. Eyni zamanda Terxas hesab edir ki, Avropa Ukraynaya qoşun yeridilməsinin mümkünlüyünə ciddi baxmalıdır.

“Buna bir variant kimi baxmaq vacibdir”, – o, vurğulayıb və əlavə edib ki, belə imkan münaqişə davam etdiyi təqdirdə faydalı ola bilər.

 

Ukraynada müharibə – KXDR-in rolu

 

KXDR Rusiyanın işğalçı ordusuna yardım üçün 12 min hərbi qulluqçu göndərəcək. KİV-lərin yazdığına görə, Seul indi Ukraynaya kəşfiyyat zabitləri və Şimali Koreyanın taktikası üzrə ekspertlər göndərilməsinin mümkünlüyünü nəzərdən keçirir.

 

Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının ehtitayatda olanlar üzrə Şurasının sədri İvan Timoçko hesab edir ki, Şimali Koreya hərbçiləri artıq Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir. Rusiyanın Şimali Koreya hərbçilərini Kursk vilayətində döyüş meydanına göndərəcəyi gözlənilir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər