• 22 Oktyabr 2024 20:23

Qarabağ” onları Bakıya 1 manat xərcləmədən gətirir…

…Bəs, kimdir onlar? 

 

Sualın cavabı olacaq əlbəttə. Amma əvvəl bu adlara diqqət edin. Hər biri futbolun özünün nəhəngliyi boydadır.

 

Yohan Kroyf… (Allah rəhmət eləsin!)

Marko Van Basten…

Frank Raykaard…

Edvin van der Sar…

De Bur qardaşları…

Patrik Klüyvert…

Klarens Zeedorf…

Edqar Davids…

Frenki de Yonq…

Siyahı uzundur. Mən indi yalnız yadıma düşənləri qeyd edirəm.

Hər biri eyni klubun yetirməsidir. Hər biri e

yni klubun dünəni və bu günüdür.

 

Futbolun ulduzlar fabrikinin.

“Ayaks”ın.

 

Bir klubun nəticələrinə baxın:

4 dəfə Çempionlar Kuboku / Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun, 1 dəfə UEFA kubokunun, 2 dəfə UEFA kuboklar kubokunun qalibi. 36 dəfə (!) Niderland çempionu…

Sizi stastistikayla yormayım. Deyəsən, Azərbaycana bu qədər zəngin titulu olan ikinci klub gəlməyib indiyədək.

 

Düzdür, “Ayaks” indi əvvəlki “Ayaks” deyil.

Düzdür, “Ayaks” indi Avropada 90-cı illərin ortalarındakı kimi səs də salmır.

“Ayaks” mənim və çoxlarının uşaqlığının komandasıdır.

Lui Van Qalın “Ayaks”ı 1995-ci ilin mayın 24-ü həmin dövr cəmi 19 yaşı olan Patrik Klüyvertin 87-ci dəqiqədə vurduğu qolla “Milan”a qalib gələrək (1:0) Çempionlar Liqasının qalibi olur.

 

Heyət gənclərlə dolu idi onda. Amsterdam klubu o vaxtdan sonra bir də heç vaxt Avropada titul qazana bilmədi.

O heyətin bir çox üzvünü çox keçmədən Avropanın istedad pusqusunda duran məşhur klubları dartıb yüksək maaşla öz heyətinə cəlb etdi.

Olan “Ayaks”a oldu.

 

Amma bu böyük klubun missiyası uğur qazanmaqdan daha çox, sanki futbola yeni-yeni nəhəng simalar bəşx etməkdir ki, edirlər də.

Yohan Kroyfun ruhu həmişə bu klubun üzərindədir. Onlar da onun adını həmişə uca tutublar.

 

Allah bizim Banişevskiyə isə rəhmət eləsin! Adına ömrünün axırına qədər sadəqətlə bağlı Bakıda bir stadion nədi, heç o stadionun bir sektorunu verməyi də çox görürlər.

Biz “Ayaks”a qayıdaq.

İşləri avand olsun.

 

Futbolçu yetişdirən akademiyaları da başda elə bizim “Qarabağ”la “Neftçi”yə örnək olsun.

Amma “Ayaks” Bakıya kefindən gəlmir əlbəttə. Onu bura gətirən var. Məcbur gətirən var. “Qarabağ” gətirir…

 

15 əvvəl belə bir klubun futbolumuzun məbədi Tofiq Bəhramov stadionuna ayaq basacağı, necə deyərlər, yatsaq, yuxumuza da girməzdi.

Elə 15 il əvvəlin yayında Bakının “İnter” adlı komandası İtaliyanın “İnter” komandasına 2-3 milyon dollar təklif edirdi ki, Azərbaycanda bizimlə bir şou tipli matça çıx. İtalyanlar imtina etmişdi. Deyəsən, daha çox pul istəmişdilər.

 

Elə həmin 2009-cu ildə AFFA-nın rəhbərliyi İspaniya millisini bizimlə yoldaşlıq oyunu keçirmək üçün gərək ki, 6 milyon avro qonorar verib Bakıya gətirmişdi. Sağ olsunlar, onlar da hər 1 milyona görə qapımıza 1 qol vurmuşdular (0:6).

Və beləcə göz görə-görə Bakı “İnter”i uğursuz proyektlər üçün pulları havaya sovururdu.

AFFA o 6 milyonu kənd-kəsəklərimizdə uşaq futbolu əvəzinə İspaniya ilə mənasız şou matçına xərcləyirdi.

 

Onda 37 yaşı olan bir gənc məşqçimiz isə öz alın təri, vicdanı və zəhməti ilə KOMANDA qururdu.

Daha doğrusu, yaradırdı.

Bugünkü “Qarabağ”ı…

Və o “Qarabağ” bu gün Böyük “Ayaks”ı, “Ayaks”ları Bakıya gətirdir.

1 manat pul xərcləmədən. Və əksinə özü Avropadan milyonlar götürərək.

 

Aydın Bağırov

Tacxeber.com

Oxşar xəbərlər