• 23 Oktyabr 2024 00:47

Sosial şəbəkədəki tanışlıqdan yaranan evliliklər UĞURLU OLUR?

Sosial medialar insanların həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar burada yeni tanışlıqlar qurur, hətta bu tanışlıqlar bəzən evliliyə qədər də gedir. Kimisi sırf evlənmək üçün sosial şəbəkədə birini axtarır, kimisi də təsadüfən tanış olub bir-birinə aşiq olur.

 

Azərbaycan cəmiyyətində isə bu cür tanışlığa qınaq var. İnsanlar hələ sosial mediadan istifadənin kütləviliyinə öyrəşməyiblər. Həm də bir çoxları sosial şəbəkə üzərindən qurulan ailələrin uğurlu ola biləcəyini düşünmürlər.

 

“Təəssüflər olsun ki, sosial şəbəkələr ailəli adamlar və azyaşlılar üçün əlçatandır”

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya deyib ki, insanlar əbəs yerə sosial şəbəkələr vasitəsi ilə tanış olub evlənənləri qınayırlar:

 

“Bu reallıqdır, qaça bilmərik. Çünki həyatımız sosial şəbəkələrdə keçir. Bir çoxları işləyir, məşğuldur və ya evdə məhdudiyyətlər qoyulur, sərbəstlik verilmir deyə ailə qurmaq və ya tanışlıq üçün mütləq şəkildə onlayn müraciət etməli olur. Təəssüflər olsun ki, bu platformalar həm də ailəli adamlar və azyaşlılar üçün də əlçatan olur”.

 

“Onlar xoşbəxt olurlar”

 

Sosial şəbəkədə tanış olub ailə quran cütlüklərin evliliklərinin nə dərəcədə uğurlu olmasına gəldikdə isə, Mehriban Zeynalova bunun harada tanış olmaqdan asılı olmadığını qeyd edib.

 

“İstənilən halda ailə qurmaq üçün edilən seçimlər təsadüflərdir. Hətta yaxın qohumların tanış etdiyi cütlüklərin də evliliyi uzunömürlü olmaya bilir. Bizim burada ehtiyat etdiyimiz başqa məsələlər olmalıdır. Sosial şəbəkələrdə qarşı tərəfi kifayət qədər tanımırıq, xarakterini bilmirik.

 

Kompüter arxasında müxtəlif təkliflər səslənə bilər, aldadıcı təkliflər ola bilər.

 

Belə evliliklər bəzən uğurlu da olur. Ona görə demək olmaz ki bu tamamilə pis haldır. Sadəcə seçim edəndə doğru etmək lazımdır. Tanımadığı şəxsə gözüyumulu qoşulub getmək, yaxud onunla evlənməyə razılıq vermək yanlışdır”.

Tacxeber.com

Oxşar xəbərlər