• 22 Dekabr 2024 13:11

Bağçada övladına “Ketotifen“ verilən ana: “Təhdid edirlər…”

Bağçada övladına “Ketotifen“ verilən ana: “Təhdid edirlər...”

Dünən Yasamal rayonunda yerləşən “Əsmanur” özəl uşaq bağçasında uşaqlara “Ketotifen” dərmanının verildiyi iddiası ilə bağlı xəbər yayılıb. Bağça rəhbərliyi zənglərə cavab verməsə də, açıqlama yayıb ki, iddialar əsassızdır. Məlumatda bildirilib ki, valideyn polisə etdiyi şikayəti geri götürüb, hətta yanlış etdiyini boynuna alıb və üzr istəyib.

 

Tacxeber.com xəbər verir ki, məsələni daha detallı öyrənmək üçün sfera.az şikayətçi valideyn Elnurə Hüseynova ilə əlaqə saxlayıb.

 

 Elnurə Hüseynova bildirib ki, şikayətini geri götürməyib və üzr də istəməyib:

 

“Hardasa, 1 həftədir ki, şikayət ərizəmi Yasamal rayonunun 29-cu polis bölməsinə təqdim etmişəm. Ərizəmi geri götürməmişəm, bölmədə iş gedir. Gedişatı da izləyirəm. Hazırda həmin dərmanı verən Aygül müəllim rayondadır, gəlməsini gözləyirik. Heç kimdən üzr istəməmişəm, heç vaxt da istəmərəm. Haqlı olan mənəm, mənim haqqımda yalan danışılır”.

 

Onun sözlərinə görə, ümumi hadisələrdən “Əsmanur” uşaq bağçasının rəhbəri İlahə Xudu qızı məlumatsız olub:

 

“Dərman bütün uşaqlara bütün müəllimlər tərəfindən verilməyib. Müəllimlərin özləri deyib ki, dərmanı verən Aygül müəllim olub. Bununla bağlı səs yazıları və görüntülər də var.  Əsas dərmanı verən Aygül müəllim olsa da, digər müəllimlər Ülkər və Gülşən xanım bilib, lakin göz yumublar. Filial direktoru Samirə xanıma müəllimlər də dəfələrlə bunları deməsinə baxmayaraq, o, Aygül müəllimi işdən azad etməyib. Aygül müəllim toyu olacağı üçün özü bir müddət əvvəl işdən çıxıb.Toyu olmasa idi, bəlkə, bu hadisələr hələ də davam edəcəkdi.Mən hər şeyi İlahə xanıma danışandan, sübutlarla göstərəndən sonra İlahə xanım filial direktoru Samirə xanımı, Ülkər və Gülşən müəllimi hər şeyi bilib göz yumduqlarına görə işdən çıxardı”.

 

Valideyn bildirib ki, övladına dərman verilə biləcəyi ilə bağlı şübhəsinə səbəb uşağının çox yatması və bədənindəki göyərmələr olub:

 

“Evimizə gələn qonaq da bunlara şahiddir. Daha sonra həkimə getdik və analiz verdik. Qanında “Ketotifen” dərmanı çıxması ilə bağlı əlimdə sübutlar var”.

 

E.Hüseynova qeyd edib ki, digər valideynlər şikayət etmək istəmirlər:

 

“Digər valideynləri anlaya bilmirəm. Onlar uşaqlarının haqqını tələb etmək əvəzinə, bağçaya verdikləri pulun arxasıyca düşüblər. Əksəriyyəti uşaqlarını bağçadan çıxarıb, buna görə də ödənişlərini geri istəyirlər”.

 

 Şikayət ərizəsini geri götürmədiyi üçün ana  təhdid olunub:

 

“Mən söhbəti bağlamadığıma görə, hələ də sübutlarla övladımın haqqını tələb edib onların cəzalanmasını istədiyimə görə, hamının içində təhdid olundum. Bununla bağlı da bazar ertəsi səhər yenidən polisə ərizə yazmışam. Dünən isə mən bütün gün izlənilmişəm. Yoldaşım yanımda olub,məni o qoruyub. Tək olsaydım, Allah bilir, nələr olacaqdı. İnanın, mən artıq tək çölə çıxa bilmirəm”.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə soğru ünvanladıq.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirdi ki, vətəndaş E.Hüseynova oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində fəaliyyət göstərən uşaq bağçasında övladının müəllim tərəfindən döyüldüyünü bildirib:

 

“Vətəndaşın müraciəti üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək”.

 

Qeyd edək ki, bağçanın direktoru İlahə Xuduqızı Bizim.Media-ya açıqlamasında deyilənləri təkzib edib:

 

“Mən müəllimləri dərman verdiklərinə görə işdən azad etməmişəm, valideynlərlə düzgün olmayan rəftarlarına görə işdən azad etmişəm. Deyilənlər tamamilə yalandır. Valideynin müəllimlə arasında söz-söhbət olub, müəllim ona qarşı kobud rəftar edib. Elnurə xanım da hirsini belə çıxır. Mən dəfələrlə Elnurə xanıma demişəm ki, analizləri mənə də təqdim etsin, amma o, analizləri mənə göstərməyib. Polis bölməsinə də ancaq səs yazıları təqdim edib, heç bir analiz nəticəsini təqdim etməyib”.

Tacxeber.com

Oxşar xəbərlər